Qədim Türk yurdu Kərkük elinə sevgiylə... Mədəniyyət

Qədim Türk yurdu Kərkük elinə sevgiylə...

"İraq türkmanlarının ləhcəsi "Kitabi-Dədə Qorqud"un dil xüsusiyyətlərini tamamilə əks etdirir"

Hazırda İraqın Kərkük bölgəsində yaşanan dəhşətlər hər kəsə bəllidir. Azərbaycan Türkcəsinin sınırlarının qismən dəyişikliklərlə qorunduğu bölgədə 3 milyon soydaşımız yaşayır. Artıq onların arasında dədə-baba yurdunu məcburiyyətdən tərk edənlərin kütləvi hal aldığı xəbərləri gəlməkdədir. Tanınmış araşdırmaçı, professor Qəzənfər Paşayev "Kitabi-Dədə Qorqud"dakı sözlərin Kərkükdəki soydaşlarımızın dilində, məişətində yaşadığını elmi faktlarla əsaslandırır: "İki yüz ildən artıqdır ki, dünya alimlərinin diqqət mərkəzində olan "Kitabi-Dədə Qorqud" bir çox dillərə tərcümə olunub, tarixçilərin, etnoqrafların, filosofların, folklorşünasların, xüsusən də dilçilərin tədqiqat obyektinə çevrilib. Bu ölməz abidəyə İraqda da böyük maraq var. Əsər ərəb dilinə tərcümə edilərək "Hekayəti Dədə Qorqut" adı altında çap edilib (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu dr.Əbdüllətif Bəndəroğlu yazıb. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə edib, ona maraqlı və çox geniş giriş məqaləsi yazıb, indiyə qədər aparılmış tədqiqatlardan və "Kitabi-Dədə Qorqud"un dünya şöhrətindən söz açıb. Bununla belə, deməliyəm ki, "Kitabi-Dədə Qorqud" İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb edilən əsərdir. Bu, heç də əsassız deyil. Əsrlərlə başqa xalqlar əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi "Kitabi-Dədə Qorqud"un dil xüsusiyyətlərini tamamilə əks etdirir. "Kitabi-Dədə Qorqud"da yer alan onlarca sözün indinin özündə belə Kərkük dolaylarında işlək olması, daha doğrusu, həmin sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil-sübutdur. Məsələn: kəpənək (yapınçı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qlağuz//qlavuz (bələdçi), qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə (baş üstə), qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl), kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.
Maraqlıdır ki, Dəli Domrul bu gün də Kərkük dolaylarında "dəlli dobur" formasında "dəlidolu" mənasında işlənir.
Təsadüfi deyil ki, "Koroğlu" və "Arzu Qənbər" dastanlarına dərin təsir göstərən, qədim ədəbiyyatımızın başlanğıc mənbəyi olan bu təkrarsız əsəri azərbaycanlı tədqiqatçılar Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası, kərküklü tədqiqatçılar isə İraq türkmanlarının "Ana kitabı" adlandırırlar".
Qəzənfər Paşayev Kərküklə bağlı duyğularını dilə gətirir: "Kərkük həmişə bizim üçün doğma bir yer olub. Kərkükə getmək arzum gerçəkləşəndə özümü çox xoşbəxt hiss edirdim. 60-cı illərdən Kərkükün özünəməxsus təbiətini, dilini, adamlarını, folklorunu öyrənməyə başladım, tədqiqatlar apardım. Azərbaycanda o dövrdən başlayaraq Kərküklə bağlı kitablar çıxmağa başladı. "Arzu və Qəmbər dastanı", ardınca "Kərkük atalar sözləri, tapmacaları", "Kərkük bayatıları", Həsiminin "İraq divanı", "Kərkük şeiri antologiyası", "Kərkük folkloru", "6 il Dəclə-Fərat sahillərində" işıq üzü gördü.
Kərkük bizim üçün dil birliyi, qan birliyi, adət-ənənə birliyi, məişət birliyi deməkdir. Azərbaycanda Kərkük mahnıları çox oxunur. Hələ də soydaşlarımızın bəziləri eşitdiyi, oxuduğu mahnıların bir qisminin Kərkük mahnıları olduğunu bilmir, bu mahnıları Azərbaycan mahnıları hesab edir. Sevindirici haldır ki, Azərbaycanda Kərkük mahnılarını oxuya bilən sənətkarlarımız çoxdur. Kərkükə səfərlərimiz zamanı bu torpağın türk ruhunun ifadəsi olduğunu gördük. Ora hər Azərbaycan nümayəndə heyətinin səfəri zamanı sanki həsrətin vüsala qovuşmasının şahidi olmuşuq. Bizi həmişə o ellərə, soydaşlarımıza sevgi aparıb".
Araşdımaçı qeyd edir ki, sözügedən tədqiqatında "Kitabi-Dədə Qorqud"da, İraq türkman ləhcəsində və ədəbi dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək, un, çuval, leş, çomaq, ayaqyolu, sapan, öpmək, rast gəlmək, muştuluq, küsmək, kəklik, keşiş, yumruq, yalaq, beşik və s.-dən söz açmağa lüzum görməyib: "Doğmalığı, yaxınlığı təmin edən başqa məqamlara daha çox yer ayırdıq. Bu doğmalıq, bu yaxınlıq təbii olaraq toponimlərdə də öz əksini qabarıq şəkildə tapıb: Ağdam, Ağdaş, Ağsu, Billava, Boyat, Quruçay, Qarabulaq, Qaraqoyunlu, Qaradağ, Qarabağlı, Əmirli, Yəyçi, Yengicə, Mandılı, Mərdinli, Üçtəpə, Xasa, Xəsədərli, Çardaqlı, Saray, Gögçə, Quşçu, Dərbənd sarulu, Hacılar, Tatar, Azaflı və s. adlara bir-iki sözdə baş verən kiçik fonetik fərqi nəzərə almasaq, eynilə Kərkük dolaylarında da, Azərbaycanda da təsadüf edilir.
Q.Paşayev öz qənaətini bir daha yəqinləşdirmək üçün dünyada sözügedən sahəyə dair faktlara diqqət çəkir: "Dünya alimlərinin qənaəti budur ki, "Dədə Qorqud" dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, "Kitabi-Dədə Qorqud"da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar, Qaradərə (Qarabağda yer adı) və s. Söhbət ondan gedir ki, bu təkrarsız əsər Azərbaycan dilindədir. Dilin fonetik və leksik göstəricilərinə əsasən Azərbaycan dilinin Cənub və Şərq qrupu dialekt və şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə görə "Kitabi-Dədə Qorqud" tədqiqatçılarından V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər. Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyətlərinin üstünlük təşkil etdiyi göstərilib, İraq-türkman ləhcəsi Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri sırasına daxil edilib".
Əbdüllətif Bəndəroğlu yaradıcılığı haqqında danışan araşdırmaçı Səkinə Qaybalıyeva bildirir ki, o, İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alimdir: "Onun folklora marağının əsasında təkcə elmi maraq durmayıb. Bu marağın yaranmasında elmi cəhətlə yanaşı ciddi siyasi-ictimai, psixoloji-mənəvi amillər də mühüm rol oynayıb. Bu, bir tərəfdən xalqın kamil və zəngin yaradıcılığı ilə bağlıdırsa, digər tərəfdən millətin soykökü, tarixi yaddaşı, ənənələri ilə bağlı məqamları daha canlı şəkildə yaşatması ilə əlaqədardır. Ə.Bəndəroğlu İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri kimi mühüm və nəcib bir işdə həmişə qabaqcıl ziyalılar cərgəsində olub. Onun məhsuldar fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş bu sahədə tədqiqatçının xidmətləri əvəzsizdir. İstər nəşr etdirdiyi "Yurd" qəzetində, istərsə də ayrı-ayrı tədqiqat əsərlərində Ə. Bəndəroğlunun yaradıcılığının bu istiqaməti diqqəti cəlb edir. Başqa cür ola da bilməzdi. Çünki Ə.Bəndəroğlu öz xalqının tərəqqisi, sabahının təminatı üçün milli dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının nə qədər zəruri olduğunu dərk edirdi. Hər bir xalqın milli varlığının güzgüsü olan folklor nümunələrinin toplanması və yaşadılması ilk növbədə həmin xalqın milli düşüncə sahibi olan ziyalılarının payına düşür. Ə. Bəndəroğlu belə payın xoşbəxt sahiblərindən biri idi. Tədqiqatçının 1988-ci ildə 2 cilddə çap etdirdiyi "Ata sözlərimiz - araşdırma, incələmə və qarşılaşdırma" əsəri bu istiqamətdə gördüyü ən böyük işlərdəndir. Kitabın ön sözündə tədqiqatçı atalar sözlərinin toplanması zərurətindən, özünəməxsusluğundan, tərtib etdiyi üsul və metodlardan, ümumiyyətlə, tərtibat prinsiplərindən söhbət açır. Müəllif yazır: "Bu kitabı yayımlamaqda məqsədim hər ulusun və topluluğun yaşadığı gerçəklərdəki təcrübə və uyğulamalardan süzüb çıxardığı sonucları sonrakı nəslə öz söz olaraq ötürdüyü arıtılmış söz və deyimləri - ata sözlərini qoruyub saxlayaraq əbədi yaşamasına xidmət etməkdir". Ə.Bəndəroğlu çox illər öncə bu kitabda yer alan zəngin el incilərini toplamağa başlamışdı. Tədqiqatçı 1973-cü ildə İraq türkmanlarının tarixi, dili, ədəbiyyatı və folklorunun incələnməsinə həsr etdiyi ərəbcə "Türkmanlar inqilabi İraqda" adlı tədqiqat əsərində "Türkman ata sözləri" başlığı altında 103 atalar sözünü əhatə edən bir araşdırma təqdim etmişdi. Müəllif həmin atalar sözlərini ərəb dilinə tərcümə edərək qarşılıqlı mənalarını göstərmişdi. Tədqiqatçı bu mövzu ilə bağlı 1971-ci ildə hazırladığı "Dədələrdən qalma söz" adlı əlyazma mətnindən qaynaq olaraq istifadə etmişdi. Ə.Bəndəroğlu bu folklor materiallarına əlavələr etməklə 10 il sonra 1983-cü ilin may ayında Türkiyədə - Əskişəhərdə keçirilən I Uluslararası Türk xalq ədəbiyyatı konfransında "İraq türk ata sözlərində bənzərliklər" məruzəsi ilə çıxış etmişdi. 1988-ci ildə tədqiqatçı şifahi xalq yaradıcılığının əhəmiyyətli və maraqlı olan bu nümunələrini sanballı tədqiqat əsəri kimi təqdim etmişdi. O, kitabın birinci cildində İraq-türkman folklorundan topladığı 876, ikinci cildində isə 600 atalar sözü verib. İraq-türkman ziyalıları arasında bu sahədə ilk dəfə görkəmli alim-tədqiqatçı Əta Tərzibaşı araşdırma aparıb və 1962-ci ildə Bağdadda "Kərkük əskilər sözü" adlı tədqiqat əsərini nəşr etdirib. Həmin kitabda 700 atalar sözü yer alır və müəllif atalar sözünün tərifini də verməyə çalışır: "Atalar sözü xalqa gözəl yol göstərən, çeşidli görüş və düşüncələrin təmsili olaraq anladan, basmaqəlib biçimində qısa, fəqət geniş, həm də toplu anlamlı hikmət ifadə edən kinayəli, çəkici və yararlı sözdür ki, xalqın lisan halı olub".

Uğur