Şumer mifologiyası:  şumer tanrılar panteonu - 10-cu yazı - 10-cu yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 10-cu yazı - 10-cu yazı 

Dünyanın və insanın yaranması

Əksər hallarda tanrılardan sonra çar taxtında onların övladları otururdular. Məsələn, III Kiş sülaləsinin əsasını Quba adlı tanrı qadın, IV Kiş sülaləsinin əsasını onun oğlu Gimilsin qoymuşlar. Bilqamıs və Dumuzi tanrı övladıdır. I Uruk sülaləsini günəş tanrısı Utunun oğlu Meskanqaşar yaradıb. Deyilənlər aydın göstərir ki, insanların yaranma və tanrılara qulluq etmək tarixi çox qədimdir. Bu tarixi Şumer sülalələrinin dövrü ilə bağlamaq yanlışdır.

* * *

Tanrılar insanı yaratdılar. Hələ insan sözü yoxuydu. Ancaq hər bir insana ayrıca ad qoyulurdu. Onlara ümu-mi bir ad da qoyulmalıydı. Məsələn, bütün tanrıların öz adı olsa da, onlara ümumilikdə tanrı deyilirdi. İnsanları da bu cür adlandırmaq zərurəti yaranmışdı. Tanrılar onlara gördükləri işə uyğun ad qoydular: Qarabaşlar!
Bu adı tanrılar qoydular, deməli, tanrıların dilində qarabaş sözü olub.
Şumer mətnlərində qarabaş sözünə çox rast gəlinir. “Hansı dildə danışmalarından asılı olmayaraq Aşağı İkiçayarasının bütün əhalisi özünü qarabaşlar adlandırırdılar”. Bu fikri rus alimi İ.M.Dyakonov söy-ləmişdir. Eyni fikrə digər rus alimi V.K.Afanasyevada da rast gəlirik. O deyirdi: “Qarabaşlar: şumer və ya akkad dilində danışmalarından asılı olmayaraq şumerlər və akkadlar özlərini belə adlandırırlar”. Xammura-binin qanunlarının həm girişində, həm də maddələrin birində “qarabaşlar”ın adı çəkilir. Orda oxuyuruq: “Mən qanuni çar olan Xammurabi Enlilin mənə bağışladığı və Xıdırın məni üstlərində ağa qoyduğu qarabaşlara diqqətsizlik göstərmədim”. Kitabı çapa hazırlayanlar bu sözə belə izah vermişlər: “Qarabaşlar-samilər”. Digər Şumer miflərində də “qarabaşlar” sözünə dönə-dönə rast gəlinir.
Qarabaşlar sözü şumercə saqqaqa, akkadca salmat-kakkadu kimi interpretasiya olunsa da, hər ikisinin anlamı eynidir. Məsələ burasındadır ki, həmin sözün oxunuşuyla yox, mənasıyla bağlı elmdə elə başlanğıc-dan yanlış fikir yaranıb. Bu yanlışlıq da Avropa alimlərindən gəlir, çünki şumer mixi yazılarını ilk dəfə onlar oxumuşlar. Yuxarıda deyildiyi kimi, söz düzgün oxun¬ub, lakin onun mənası ya başa düşülməyib, ya da bilə¬rəkdən təhrif edilib. Avropa alimlərinin bu yanlış yozumları, mənalandırmaları rus alimlərində də şübhə doğurmayıb. Onlar da öz avropalı həmkarlarıyla həmfikir olmuşlar. Halbuki heç “qarabaşlar” sözü qədər əhəmiyyətli olmayan bəzi sözlərlə bağlı (məs. kal və quruş sözləri) rus alimlərinin öz aralarında (məs. akademiklər V.V.Struve, A.İ.Tümenev və İ.M.Dyako-nov) çox ciddi elmi mübahisələr gedib.
Böyük ehtimalla demək olar ki, avropa və rus alimləri qarabaş sözünün mənasını başa düşməmişlər. Sözün rus dilinə “çerno¬qolovıye” kimi tərcümə edilmə-si də bunu aydın göstərir. Halbuki Qarabaş (qaravaş) bu gün də dilimizdə qulluqçu, xidmətçi mənasında işlənən sözdür. Qarabaş yalnız ev-eşik işlərində çalışanlara deyirlər. Əvvəllər geniş mənada işlənən bu sözün meydanı indi xeyli daralıb. Onunla yanaşı, indi ağır çöl işlərində çalışanlara “qara camaat” deyilir ki, bu da “qarabaş” sözündən törəyib.
Qarabaş sözü ilk dəfə tanrılar tərəfindən bugünkü mənasında işlənmiş və neçə min il keçsə də həmin mənanı itirməyib. Yalnız işlənmə arealı bir qədər məhdudlaşıb. Yəni hazırda yalnız ev, ailə xidmət-çilərinə qarabaş deyirlər. Şumerdə isə əkinçiyə, çobana, suçuya, dülgərə, hörgüçüyə, ovçuya, gözətçiyə, aşbaza, bostançıya bir adla qarabaş deyə müraciət olunub. Bu günkü insan sözünün əvəzinə qarabaş işlənmişdir. S.Kramer bu sözün mənasının anlaşılmaz olduğunu yazmışdır: “Karabaşlılar (və ya karabaşlı halk): Sumerlərin digər adı. Aslının nə olduğu bəlli deyil”.
Əslində bu sözün mənası çox aydındır. Türk dilini bilənlər üçün onun anlaşılması o qədər də çətinlik törətməməlidir. Rus alimləri isə V.V.Radlovun lüğətinə baxsaydılar, sözün mənasını asanlıqla başa düşərdilər. Həmin lüğətdə Qarabaş sözü doğru olaraq “xidmətçi, qulluqçu, dul qadın, pulla alınmış qadın” kimi mənalan-dırılmışdır. Bu, sözün həm ilkin, həm də indiki mənalarına tam uyğundur.
Qarabaşların adları bu gün bir çox toponimlərdə saxlanmışdır. Güney Azərbaycanda çoxlu Qarabaşlı (Marağada, Xorasanda, Soyuqbulaqda və s.) kəndləri var. Naxçıvanın Şahbuz rayonundakı dağlardan biri Qarabaş adlanır. Onun adının yuxarıdakı toponimlərlə eyni kökdən olduğuna heç bir şübhə yoxdur.
Uralda bir Qarabaş yer adı var. Onu da yanlış olaraq “qara zirvə” kimi mənalandırmışlar.
Şumer qaynaqlarından bizə bəllidir ki, tanrılar evlənirdilər, ailə qurur, ev-eşik tikirdilər. Doğub törəyirdilər. İlk insanlar da onların evlərində qulluq edir, təmizlik, geyim-kecim, yır-yığış, yemək-içmək işlərinə baxır, uşaqları saxlayırdılar. İnsanların sayı çoxalandan sonra bütün çöl işləri də onlara tapşırıldı. Onlara ümumi bir ad qoyuldu: Qarabaşlar! Qarabaş sözü o dövrün gəlib bizə çatmış əvəzedilməz dil faktlarındandır.
İnsanı tanrılar yaratdılar, özünə də ilk yaranışdan öz sifətlərini vedilər. İnsan bütün canlılar arasında yalnız tanrıya oxşayır, çünki atası da, anası da tanrıdır. Ağlına, düşüncəsinə, şüuruna, qabiliyyətinə, gözəlliyinə görə bu günkü insanla ilk insan arasında heç bir fərq olmamışdır. Bunu İkiçayarasında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış heykəllər, büstlər, rəsmlər və s. aydın göstərir.
Tanrılar insanı niyə gözəl yaratdılar? Birincisi, insan ata tanrıyla ana mələyin övladıdır. O, bu günkündən fərqlənməyərək ana bətnində mayalanmış yumurtadan-rüşeymdən yaranmışdır. Onun bütün keyfiyyətləri genetik kodlarla irsən keçmişdir. Tanrılar öz övladlarını başqa cür yaratmazdılar. İkincisi, tanrılar insanı özlərinə qulluq etmək üçün yaratdılar. İnsanlar tanrılarla hər an danışır, söhbətləşir, onların işlərini görürdülər. Məhz ona görə də tanrılar insanı gözəl yaratmalıydılar. Çirkin, eybəcər, murdar bir canlının xidmətçi, qulluqçu olmağından tanrılar razı qala bilərdilərmi?! Tanrılar özləri gözəliydilər və gözəlliyi də sevir, gözəllikdən zövq alır, rahatlıq duyurdular. Hətta ilk vaxtlar tanrılar insanlarla bir yerdə yaşayırdılar, onlarla evlənirdilər. Ailə qurur, oğul-uşaq doğurdular. Bütün bunlara yalnız insanın gözəlliyi səbəb olurdu.
İlk insanların adları da maraq doğurur: Uluqara və Zalqara! Tanrı Qara Xanın adını yada salın. Uluqara və Zalqara adlarının hər ikisi Tanrı Qara xanın adından götürülüb. Tanrı Qara xanın adına hələlik Şumer qaynaqlarında rast gəlinməyib, lakin ilk insanlar olan Uluqara və Zalqaranın adları həmin mətnlərdə gəlib bizə çatmışdır. Adların türk mənşəli olduğu göz qabağındadır. Ulu+qara və Zal+qara adlarındakı “qara” tərkibi Qara xanın adındakı “qara” sözüylə eynidir. Burda təsadüf axtarmağa yox, bir doğmalıq, yaxınlıq görməyə daha çox haqqımız var.
Öncə deyildiyi ki, Günəşlə Yerin yaşı eynidir. Günəşlə Yerin yaranması eyni zamanda Göyü-Səmanı əmələ gətirib. Şumer miflərinə görə, ilk insanı tanrılar yaratdılar. Göyü, Yeri və Günəşi təmsil edən tanrılar! Yer və Göy yaranana qədər tanrılar başqa planetlərdə yaxud Qalaktikalarda yaşamışlar. İnsanın atası olan tanrılar və anası olan mələklər yerə göydən gəlmişlər. İlk insan bu günkü kimi mükəmməl doğulmuşdur. Böyük hürufi şairi Nəsimi özünü Tanrı səviyyəsinə qaldıranda məhz insanın tanrı övladı olduğunu söyləmişdir. Nəsiminin bu sözlərində böyük həqiqət varıydı, çünki onu Nəsimi düşünüb deməmişdi, tanrılar bu sözləri onun qulağına pıçıldamışdı.
“Bilqamıs” dastanında bir misra var: “İnsan saman kimidir, tanrılar buğda kimi”.
“Bilqamıs” dastanında tanrılara məhəbbət məhəbbət var. Özü də Ata-oğul, Ana-bala sevgisi şəklində! Yuxarıdakı misrada saman və buğda bənzətməsi məhz həmin məhəbbəti ifadə etmişdir. Burda buğda toxum deməkdir. Saman buğdanın məhsuludur. Misranın mənası o deməkdir ki, saman buğdadan əmələ gəldiyi kimi, insan da tanrının övladıdır!

İslam Sadıq
filologiya üzrə elmlər doktoru