Toy varsa, orda həyata inam, yaşamağa həvəs var Mədəniyyət

Toy varsa, orda həyata inam, yaşamağa həvəs var

Türk xalqları bəşər mədəniyyətinin lap ilkin çağlarından monoqam ailə tipini özünə həyat-tale devizi seçib

Toy mərasimləri məişətimizin, adət-ənənələrimizin çox böyük hissəsini içərisinə aldığından, bu, xalqımızın özünü dünya xalqları içərisində tanıtdırmasında xüsusi mövqeyə malikdir. Bu mənada Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan toyları, Azərbaycan musiqisi dünyanın bir çox xalqlarına, xüsusən də Qafqaz xalqlarına təsirsiz ötüşməyib.
Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan musiqi sənətimizdən digər xalqlar da yetərincə bəhrələnib. Hətta mənfur qonşularımız olan ermənilər nəinki bəhrələnib, bu mənəvi incilərimizi özününküləşdirməyə çalışıblar. Demək, təkcə torpaqlarımızı yox, milli-mənəvi dəyərlərimizi və o cümlədən, musiqimizi də işğal, zəbt etmək niyyəti mənfur qonşularımızda çoxdan başlayıb.
Harda toy varsa, orda həyata inam, yaşamağa həvəs var. Əbəs deyil ki, toy sözü xalqımızın dilində, "toy-bayram" ifadəsi şəklində işlənir ki, bu da toyun bir bayram, şənlik məclisi olduğunu birbaşa ifadə edir. Üaxud da toy məclisi "toy şənliyi" şəklində işlənir ki, bu deyim özü də birmənalı şəkildə toyun bilavasitə şənlikdən ibarət olduğunu bildirir.
Toyların səs-küylü bir şəraitdə keçirilməsinin daxili səbəbi var, bu, toy sahibini toy vaxtı düşdüyü ağır xərcə görə sıxıntı-üzüntü çəkməkdən ("ay, bu qədər xərcə düşdüm, ay bu qədər malım-pulum getdi", deyə deyinməkdən) xilas etməyə yönəldilən ritualdır. Axı diqqətlə düşünsək, görərik ki, "toya toy deyiblər ki, toy yiyəsinin bağrı çatlamasın" kimi məlum el deyimimiz də var və bu kəlam özü elə birbaşa yuxarıda dediyimiz cəhətə ünvanlanıb. Axı insanlar bayramlarda da (məsələn, Novruzda, Yeni ildə və s.) çoxlu bayram tədarükü görürlər, bayramı nikbin ovqat üstündə qarşılayırlar. Eləcə də insan oğlu öz övladına toy şənliyi keçirərkən bayramqabağı olduğu kimi, analoji xərcə düşür, malını-dövlətini toyu keçirməyə sərf edir. Bəli, yuxarıdakı məsəl də, toyun səs-küylü, təntənəli halda qeyd olunması da onu vurğulayır ki, toy sahibini ağır xərcə salsa da, toy özü böyük şənlik-sevinc, bayram deməkdir.
Toy mərasimlərinin təmtəraqlı şəkildə, toy-düyünlə, çalğı-musiqi ilə keçirilməsinin mayasında həm də rəmzi çalarlar -mifik əlamətlər gizlənib: birincisi, musiqinin dili ilə bəd qüvvələr - şər ruhlar ram edilir. İkincisi, toya gələnlərin diqqətini (bəd nəzərlərini - bədnəzərliyi, yamangözlüyü) toyun yaraşıqları - əsas simaları olan bəylə gəlinin üstündən yayındırmaq, uzaqlaşdırmaq missiyası ixtiyarsız olaraq həyata keçirilir. Beləliklə, ailə həyatı quran gəncləri pis gözdən, bəd nəfsdən qorumaq (gizlətmək) niyyəti baş tutur.
Həm də "toya toy deyirlər ki, toy sahibinin bağrı çatlamasın" fikri onu ifadə edir ki, toy yiyəsi vardan-yoxdan çıxır, çox xərcə düşürsə də, əvəzində toydan "salamat" - bəd nəzərlərdən qorunmuş halda qurtarır. Bu da ki, əlbəttə, toyun çalğı-şənlik içərisində keçməsində və nəticədə bu toy-düyünün bəd nəzərdən hifz olunmasında reallaşır. Göründüyü kimi, mərhələli şəkildə həyata keçirilib gerçəkləşdirilən toy mərasimləri zamanı ifa olunan ayinlər, musiqi səsləri təkcə toyun zahiri cəhətinə görə səsli-küylü keçirilməsini sadəcə, dəbdəbəni, təmtərağı, şənlik əhval-ruhiyyəsini işarələndirmir, həm də üstüörtülü mifik cizgiləri özlüyündə ehtiva edir - bəd ruhlardan və yaman gözlərdən toy sahibini xilas edir.
Valideyn övladını tərbiyəli böyütməklə ilk növbədə onu öz nəslinin adını ucaldacaq bir varis kimi görmək, cəmiyyətə bir ləyaqətli vətəndaş kimi təqdim etmək istəyir. Nəslin adını batıracaq övladı nəinki valideyn özü üçün, həm də ulu keçmişi-dədə-babaları üçün təhqir, başıaşağılıq saydığından övladın tərbiyəsini önə çəkib. Valideyn övladı üçün qız seçib-bəyənəndə evinə gəlin gətirəcəyi adamın əslini-kökünü axtarıb-arayırdı, "ot kökü üstə bitər" deyə əsilli-köklü bir yerdən oğul evləndirməyə səy göstərərdilər. Bu kimi məsələlər irəlicədən düşünüldüyündən, yüz ölçülüb-bir biçilmiş ailə qurmaq, evlənmək məsələsinin mərasimi aktı olan toy şənlikləri bu cür yüksək səviyyədə - 3 gün-3 gecə, 7 gün-7 gecə (40 gün-40 gecə) şadyanalıqla keçirilərdi. Özü də hər kəsin ömründə bir dəfə olacaq möhtəşəm hadisə kimi.
Türk xalqları bəşər mədəniyyətinin lap ilkin çağlarından, dinlərdən öncəki çağlardan da monoqam ailə tipini özünə həyat-tale devizi seçib. Bu səbəbdəndir ki, bugünün özündə təsadüfən rast gəlinən ikiarvadlı (çoxarvadlı) kişilərə gülünc, istehza obyekti kimi yanaşırıq. Bu, qan yaddaşından doğan keyfiyyətimizdir - təkarvadlı ailə prinsipimizi əzəldən-axıradək yaşatmaq amalımızdır. Hikah formalarından yalnız biri - monoqamiya tipi türk xalqları və o cümlədən, Azərbaycan xalqı üçün ta yaranış çağlarından xarakterikdir.
Türk xalqlarında ancaq monoqam ailə forması mövcud olub. Türk (Azərbaycan) ailəsi təkarvadlıq prinsiri üzərində qurulub, formalaşıb.
"Qız qaçırmaq" sözünü rusca, ya başqa dilə tərcümədə "qız oğurlama" kimi göstərirlər. Bu "oğurluq" ifadəsi özünü yalnız hərfi tərcümə kimi göstərdiyindən - sətri mənada anlaşıldığından cinayət kimi səslənir. Yəni adi soyğunçuluq, qarət, oğurluq mənasında düşünüldüyündən, konstitusiyada bu məsələ cinayət xarakterli məsələ kimi əksini tarıb. "Qız qaçırma" adətindən yaranan "qız oğurlamaq" ifadəsini sərbəst söz birləşməsi kimi anlamaq düzgün prinsir deyil. Bu ifadə istər öz dilimizdə, istərsə də yad dillərə tərcümədə sabit söz birləşməsi kimi anlaşılıb izah edilməlidir.
Bəs "qız qaçırma" adəti özündə nə ilə əlamətdardır? XIX yüzil Azərbaycan ədəbiyyatında maarifçi-realizmin məşhur nümayəndəsi İsmayıl bəy Qutqaşınlı ölkəmizdən xaricdə təhsil almasına, bir sıra xarici dilləri öyrənməsinə baxmayaraq, xalqımızın mental keyfiyyətlərini xalqın övladı kimi çox gözəl bilirdi və hətta Polşada olarkən fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" hekayəsinin ruhunda tipik azərbaycan-türk məişətini təsvir etmişdi. Təkcə bu əsərdən çıxış etməklə biz qızqaçırma səhnəsinin necə olduğunu dünya ictimaiyyətinə təhrifsiz-filansız nümayiş etdirə bilərik. Rəşid bəyin dilindən "Ah, Səadət! Səadət! Bilsən ki, bu adı gündə min dəfə də olsa təkrar etmək mənə nə dərəcədə xoşdur!" kimi kəlamlar Şərqin sevgi-eşq fəlsəfəsinin ruhunu ifadə etmirmi? Məgər bu müqəddəs duyğular üstündə sevgilisi Səadəti at belinə alıb göz önündən itirməsi - qız qaçırma səhnəsi adi oğurluqla eyniləşə bilərmi və üstəlik bu "qız qaçırma"nın üstünə cinayətkarlıq damğası basıb ona hərfi mənada "qız oğurlama" cəzası tətbiq etmək ədalətli qərar ola bilərmi? Sırf milli-psixoloji məsələ olan qız qaçırma adət-ənənəsi elat türk tayfasının özünəməxsus mənəvi keyfiyyətlərindəndir. Qız qaçırmanın, hüquqi dillə desək, "qızoğurlama"nın özündə bir mərdlik-kişilik keyfiyyəti gizlənib və sevdiyi qızın yolunda döşünü qabağa verən bir Azərbaycan cəngavərinin - aşiqin fədakarlığı görünür. Həqiqi eşq ilə sevən aşiq sevdiyi qızı "oğurlayırsa" - qaçırırsa, onu pis niyyət üçün - əxlaqsızlıq əməli kimi eləmir, əksinə, onunla müqəddəs izdivac xatirinə - xoşbəxt ailə qurmaq naminə bu canfəşanlığı edir. Qızqaçırma adətinin kökündə də monoqam ailə qurmaq tipi dayanır: sadəcə olaraq, ailə qurmaq yolunda görülən toya qədərki dəm-dəstgah (toy tədarükləri) ixtisara salınmış olur. Yəni nəticəsi onsuz da qaçırılan qızın bir müddət keçəndən sonra el ağsaqqalları və ağbirçəklərinin başçılığı və məsləhəti - xeyir-duaları əsasında barışıq sülhü ilə başa çatır.
Etiraf edək ki, mənəvi mühit o qədər korlanıb ki, yalandan bir-birinə sevgi vədi verib axırda evlənməyən gənclər mövcuddur. Hər iki tərəf bir-birinə aldanır, bir-birini aldadır. Ancaq bunun əksinə olaraq qızqaçırma adətində qız qaçıran oğlan kasıb da olsa, mərdcəsinə hərəkət edir, istədiyini götürüb aradan çıxmaqla - qız qaçırmaqla konkret şəkildə ailə qurmağa qəti qərar vermiş olur.
Türklər ömürlərində bir dəfə evlənir, övladlarının - özlərindən sonra nəsli, tayfanı davam etdirəcək uşaqların hansı anadan öyüd, tərbiyə almalarının bəri başdan qayğısına qalırdılar. Tərbiyə məsələsinin həm də genetik kodla nəsildən-nəsilə ötürüldüyünə əmin idilər. "Ot kökü üstə bitər" - deyə valideynlər həm də qızlarını hansı oğlana verəcəklərini düşünərək qızlarının taleyini hansı əllərə tarşıracaqlarından narahat olurdular. Yəni təkcə oğlanlarına qız seçib-bəyənmək yox, həm də qarşılıqlı olaraq qızlarını hansı nəslə, tayfaya ərə verəcəklərini də götür-qoy edən xalqımız "7 arxadönənini" tanımayanları zatıqırıq, əsilsiz, köksüz hesab edib. Bu kimi məsələlər bir daha Azərbaycan xalqı üçün monoqam ailə tipinin xarakterik olduğunu söyləməyə əsas verir.

Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru