Əbədiyyət üfüqündə doğan günəş Mədəniyyət

Əbədiyyət üfüqündə doğan günəş

Dekabrın 25-də Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə iştirakçılar Muğam Mərkəzinin foyesində Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, Milli Məclisin deputatları, Azərbaycandakı xarici ölkələrin diplomatik korpuslarının təmsilçiləri, Səbail rayonunun ictimai-siyasi, elm-təhsil, sosial-iqtisadi, incəsənət və mədəniyyət sahələrini təmsil edən idarə və təşkilatların nümayəndləri, Yeni Azərbaycan Partiyasının fəalları iştirak etdilər.
Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyanın nümayişi ilə başlayan tədbiri “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz giriş sözü ilə açaraq Nəsimi poeziyasının bənzərsizliyindən və “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini xüsusi vurğulayan Ş.Hacıyev deyib: “2017-ci ilin mayında Parisdə UNESCO-nun qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir”.
İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə edən deputat bildirib ki, şerləri ilə fəlsəfi fikir tarixində özünəməxsus iz qoyan mütəfəkkir şair Nəsiminin toxunduğu mövzular cəmiyyət üçün bu gün öz aktuallığını qoruyur.
Sonra AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Xalq artisti Əbdül Mahmudov çıxış edərək tədbirin keçirilməsini yüksək dəyərləndiriblər. Tədbirin bədii hissəsində respublikamızın xalq və əməkdar artistləri, görkəmli incəsənət xadimləri, qiraət ustaları çıxış ediblər. Sənətkarların möhtəşəm ifası və musiqiçilərin Nəsimi irsini tərənnüm edən çıxışları tədbir iştirakçılarına xoş anlar yaşadıb və böyük rəğbətlə qarşılanıb. Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına fəxri fərmanlar təqdim olunub.