“Dəli Kür” romanının poetik dili” Mədəniyyət

“Dəli Kür” romanının poetik dili”

Əzizxan Tanrıverdinin bu monoqrafiyası müəllimlərə böyük yardım edəcək

İsmayıl Şıxlı elə sənətkarlardandır ki, onun yaradıcılığı haqqında söz demək hər bir qələm əhlindən böyük məsuliyyət tələb edir. Bu məsuliyyət hissi təkcə "əsl vətəndaş" anlamını özündə ehtiva edən İsmayıl Şıxlı şəxsiyyətinə sonsuz sevgi və ehtiramdan deyil, həm də şəxsi həyatını, elmi, pedaqoji və ictimai fəaliyyətini bədii yaradıcılığı ilə üzvi surətdə bağlayan qüdrətli söz ustadının oxucularına aşıladığı mənəvi dəyərlərə bağlılıqdan irəli gəlir.
Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin "Dəli Kür" romanının poetik dili" adlı monoqrafiyasını oxuduqca beynimdə əks olunan ilkin mülahizələr bu şəkildə ifadəsini tapdı. XX yüzilliyin nadir ədəbi hadisələrindən sayılan "Dəli Kür" romanının möhtəşəm alınması, onun müəllifinə və təmsil olunduğu xalqa başucalığı gətirməsi, görəsən, nə ilə bağlı idi? Tədqiqatçı araşdırdığı problemə birbaşa girişməzdən öncə, "Dəli Kür" romanını rus və Avropa ədəbiyyatı müstəvisində, eləcə də Azərbaycan şifahi və yazılı ədəbiyyatı kontekstində təhlilə cəlb etməklə məhz bu suala cavab axtarır. Bu, bir həqiqətdir ki, "Dəli Kür" romanının monumentallığı xalqın taleyüklü problemlərinin kommunist ideologiyasının şüurlara hakim kəsildiyi imperiya mühitində daha önəmli mövzu kimi götürülməsi ilə yanaşı, özünəqədərki ədəbiyyatda rast gəlinməyən obrazlar silsiləsinin yaradılması ilə də bağlı idi.
Qədim yunan və Roma, orta əsrlər Avropa ədəbiyyatını sevə-sevə araşdıran və təsəvvürəgəlməz emosional duyğularla tədris edən alim-pedaqoq İsmayıl Şıxlı yazıçı İsmayıl Şıxlıya bir çox mətləbləri təlqin etmişdi. Buna görə də Əzizxan Tanrıverdi "Dəli Kür" romanının qaynaqlana biləcəyi bəzi məqamlara toxunmaqla əsərin yüksək poetik vüsətdə ərsəyə gəlmə zəminini işıqlandırır. Həmin qaynaqlar sırasında xalqımızın minilliklərin zaman süzgəcində süzülüb günümüzə çatan atalar sözləri, bayatı, eydirmə, nəğmə, mahnı, əfsanə, dastan kimi folklor nümunələrini ayrıca qeyd edən tədqiqatçı zəngin faktların dili ilə romanın poetik strukturunda nəzərə çarpan cəhətləri şərh edir. Bədii mətni söz-söz, cümlə-cümlə, abzas-abzas, hətta onomastik vahidlər üzrə qarşılaşdırıb incələməklə Əzizxan Tanrıverdi romanın xalq ruhuna nə dərəcədə bağlı olduğunu üzə çıxarır. Xüsusilə "Dədə Qorqud kitabı", "Koroğlu" kimi nadir sənət abidələrinin romanla əlaqə məsələləri aydın bir məntiq əsasında açıqlanır. Fikrimizcə, bu, ilk növbədə ondan irəli gəlir ki, Əzizxan Tanrıverdi "Dədə Qorqud" eposunun ardıcıl tədqiqatçılarından biridir. "Kitabi-Dədə Qorqud"da şəxs adları", "Kitabi-Dədə Qorqud"un obrazlı dili", "Kitabi-Dədə Qorqud"un söz dünyası", "Dədə Qorqud kitabı"nda at kultu" və s. bu səpgidə olan dəyərli əsərləri dilçi-alimin ulu əcdadlarımızın mənəvi ruhuna bələdliyindən xəbər verir və bu bələdlik "Kitab"la roman arasında qırılmaz tellərlə bağlı olan əlaqələri inandırıcı şəkildə ortaya qoymağa imkan yaradır. Bu bağlılıq yalnız obrazların xaraktercə uyğunluğu ilə əsaslandırılmır, həm də insan-təbiət münasibətlərində yazıçının aşılamaq istədiyi bədii-estetik dəyərlər vasitəsilə üzə çıxarılır. Tədqiqatçının ""Kitab"ın nəzm hissəsində yaradılmış ahəngdarlığı İsmayıl Şıxlı nəsrdə ustalıqla yaradıb, nəsrinə şeiriyyət dili hopdura bilib"- fikri konkret faktlara söykənən önəmli ümumiləşdirmə gücündədir.
Bu məqamda diqqəti çəkən cəhətlərdən biri Qazan xan və Cahandar ağa obrazları arasında düşüncə yaxınlığının incə detallarla açıqlanmasıdır. Bu yanaşma "Koroğlu"dastanı və "Dəli Kür" bağlılığında daha tutarlı görünür. Cahandar ağa obrazı ilə Koroğlu arasında xarakter uyğunluğu, psixoloji ovqat yaxınlığı, qardaş kimi əzizlənən ata, yeni formalaşan zəmanəyə münasibət məsələsində oxşar mövqe nümayişi kimi bədii çalarların üzə çıxarılması yolu ilə dilçi-alim romanın xalq ruhundan qaynaqlandığını onun ədəbi hadisəyə çevrilməsinin ən başlıca məziyyəti hesab edir. "Dəli Kür" romanını özünəqədərki ədəbiyyatımızın ruhuna bütövlüklə hopdurmuş ədəbi möcüzə kimi xarakterizə edən Əzizxan Tanrıverdi Məhəmməd Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Y.V.Çəmənzəminli, Səməd Vurğun kimi klassiklərimizin yaradıcılığına müraciət etməklə oxşar detalları qarşılaşdırır və bunda xalqımızın tarixinə, etnoqrafiyasına, psixologiyasına, mədəniyyətinə bağlılıqdan irəli gələn təbiilik görür.
Tədqiqatçının uğurlarından biri müəllifin dili ilə obrazların dilini linqvistik-üslubi müstəvidə təhlilə cəlb etməsidir. Təhkiyəçi dilinin daha qabarıq görünən cəhətlərini yığcam şəkildə təhlil edən alim obrazlılıq yaradan bütün məqamlara aydınlıq gətirir və nümunələrlə şərh edir. Obrazlılığın fonetik, leksik, qrammatik səviyyədə təzahür formaları konkret dil faktları ilə açıqlanır ki, bu məqamda müşahidələrinin dəqiqliyi xüsusilə gözə çarpır. Əsas və ya epizodikliyindən asılı olmayaraq, romandakı bütün kişi və qadın obrazlarının dili özünəməxsus keyfiyyətləri ilə araşdırılıb. Bununla tədqiqatçı sübut eləməyə çalışıb ki, romanın bədii cəhətdən əvəzsiz sənət əsərinə çevrilməsinin başlıca səbəblərindən biri də müəllifin obrazları öz dilində danışdırmağı bacarmasıdır.
Məlumdur ki, dialektizm və arxaizmlər ədəbi dilimizi zənginləşdirən mühüm mənbələrdən biri sayılır. "Dəli Kür" romanında İsmayıl Şıxlı bu zəngin qaynaqdan yetərincə bəhrələnib. Əzizxan Tanrıverdi bunu bir linqvistik problem kimi qaldıraraq romanın dilində işlənmiş dialektizm və arxaizmlərin sistemli və kompleks şəkildə öyrənilməsini vacib bilir və bu araşdırmanın "Fonetik dialektizmlər", "Dialektizmlərin ədəbi dilin orfoqrafik normalarına uyğunlaşdırılması", "Dialektizmlərin obrazlılıq yaradan vasitələrdə iştirakı", "Dialektizmlərin leksik-semantik qrupları" yarımbaşlıqları adı altında ilkin cizgilərini çızmaqla gələcək tədqiqatlara istiqamət verir. Fikrimizcə, monoqrafiyanın elmi sanbalını artıran bu hissə həm də fikir mübadiləsi üçün müəyyən imkanlar açmış olur. Romanın dilində işlənmiş bütün dialektizm və arxaizmlər leksik baxımdan demək olar, dəqiq izah olunub. Lakin maraqlı olsun deyə hörmətli alimin diqqətinə iki məqamı çatdırmaq istərdik. Romanın "Damın pərdilərini Şamxal özü düzdü" cümləsində getmiş "pərdi" sözü "Dialektoloji lüğət"ə əsaslanılaraq "tavan" kimi şərh olunub ki, bizcə, bu mənanın düzəlişə ehtiyacı var. Doğrudur, dilçi-alim haqlı olaraq həmin lüğətdə bu sözün yalnız Şəki və Şərur şivələrində işlənməsi fikrinə qarşı çıxır və onun şivələrimizin əksəriyyətində işlənməsi hökmünü verir. Təəssüf ki, digər şivələrdə onun "tavan" mənasını deyil, "damın üzərinə divardan divara atılan ağac" mənasını daşıdığını qeyri-ixtiyari nəzərdən qaçırır. Sözün işləndiyi məzmun konteksti də onun məhz bu anlamda işləndiyini ortaya qoyur. Dama tavan deyil, məhz tavanı qurmaq üçün istifadə olunan ağaclar, yəni xalq arasında "pərdi" adlanan tirlər düzülər ki, Şamxal da bu prosesi yerinə yetirir.
Diqqətimizi çəkən digər məqam romanın dilində işlənmiş "yayxanmaq" felinin sırf dialektizmlər sırasında verilməsidir. Halbuki alimin özü "Azərbaycan dilinin dialektoloji lüğəti"ndə (Bakı, 2007) getmiş "dinşəmək", "oxranmaq", "öynə", "yortmaq" sözlərini "şivə səviyyəsində mühafizə olunan arxaik sözlər" kimi səciyyələndirməklə daha düzgün mövqe nümayiş etdirir. Bu aspektdən yanaşdıqda "yayılıb oturmaq; yırğalanaraq yerimək" anlamlarını daşıyan "yayxanmaq" feli də şivələrimizdə yaşamaqda olan arxaizmlər sırasına aid edilməlidir.
Əzizxan Tanrıverdi yazıçının istifadə etdiyi bədii təsvir vasitələri: epitet, təşbeh, metafora və metanimiya, bədii ifadə vasitələri: mübaliğə, litota, antiteza, inversiya, ellipsis üzərində ayrıca dayanmaqla romanın bədii dil xüsusiyyətlərini ətraflı səciyyələndirməyə nail olub ki, sözsüz, bu, onun tədqiqatçı məsuliyyətindən irəli gəlir.
Xüsusi qeyd etməyi vacib bilirik ki, monoqrafiyada araşdırılan problemlə bağlı tanınmış dilçi və ədəbiyyatşünas alimlərin fikir və mülahizələrinə yerli-yerində istinad olunub və bu onun elmi dəyərini yüksəldən amillərdəndir.
Monoqrafiya sanki birnəfəsə yazılıb. Burada fikir qırıqlığına, dolaşıq mülahizələrə rast gəlinmir. Monoqrafik əsər filoloq-mütəxəssislərlə yanaşı, dil-ədəbiyyat müəllimləri üçün də faydalı bir mənbə rolunu oynayacağı fikrindəyik. Bildiyimiz kimi, milli ruhun oyanışında müstəsna rol oynayan bu monumental əsər artıq neçə illərdir ki, ümumtəhsil məktəblərimizin XI siniflərində ayrıca tədris olunur. Əsərin məzmununda rast gəlinən dialekt və arxaizmlərin şagirdlərə dərindən açıqlanmasında, bədii dil xüsusiyyətlərinin elmi əsasda şəroində Əzizxan Tanrıverdinin haqqında bəhs etdiyimiz bu monoqrafiyasının müəllimlərə böyük yardım edəcəyi şübhəsizdir.

Asif Hacıyev,
pedaqogika üzrə fəlsəfə doktoru