Hindistan Rusiyaya milyardlar qazandırır Gündəm

Hindistan Rusiyaya milyardlar qazandırır

Bu isə ABŞ-ın narahatlığına səbəb olub

ABŞ Prezidenti Donald Tramp Rusiyaya təzyiq göstərmək üçün AB-dən Çin və Hindistana tarifləri 100%-ə qaldırmasını tələb edib.

“Faynənşl Tayms” mənbələrə istinadla yazıb ki, prezident bu tələbi ABŞ və AB rəsmilərinin Vaşinqtonda keçirilən görüşündə səsləndirib.

“Biz elə indi başlamağa hazırıq, lakin bunu yalnız avropalı tərəfdaşlarımız bizi dəstəklədiyi təqdirdə edəcəyik”, - amerikalı rəsmilərdən biri açıqlamasında deyib.

“Nyu York Tayms” isə Hindistan rəsmilərinə istinadən yazır ki, ABŞ-la gömrük rüsumları və Rusiyadan neft alınması məsələsindəki ixtilaflar, böyük ehtimalla, Nyu-Dehli və Vaşinqton arasındakı münasibətlərə uzunmüddətli perspektivdə zərər vuracaq.

NYT qeyd edir ki, Nyu Dehlinin ABŞ bazarını əvəzləməsi asan olmayacaq, çünki Hindistan ixracının təxminən 20%-i məhz bu bazara yönəlir. Bununla yanaşı, böyük daxili bazar, eləcə də Cənub-Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri ilə müxtəlif və genişlənən ticarət-iqtisadi əlaqələr Hindistanın Baş naziri Narendra Modiyə ABŞ-la qarşıdurmada özünə inam verir. Qeyd edək ki, ABŞ 6 avqustda Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bu qərar Hindistanın Rusiya nefti və neft məhsulları alışı ilə əlaqələndirilib. Bununla da Hindistan malları və xidmətlərinin idxalına qoyulan tariflər 50%-ə çatdırılıb.

ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə açıqlamasında deyib ki, Hindistan Rusiya neftini almağı dayandırdıqdan sonra onunla ticarət sazişi bağlaya bilərik. "Hindistan ümumən öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda bu həll olunacaq", - deyə o bildirib.

ABŞ-ın ritorikası və Hindistana qarşı ikinci dərəcəli tariflərin tətbiqi fonunda ölkənin maliyyə naziri Nirmala Sitharaman bildirib ki, Yeni Dehli Moskvadan neft almağa davam edəcək. O, həmçinin Tramp administrasiyası tərəfindən Hindistan mallarına tətbiq edilən 50 faizlik tariflərin təsirlərinin bu yaxınlarda elan edilmiş vergi islahatları ilə kompensasiya ediləcəyini vurğulayıb. "Haradan alacağımıza biz qərar veririk. Biz mütləq alacağıq", - o vurğulayıb.

“Vaşinqton Post”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya nefti idxalını azaltmayacağı təqdirdə iki ölkə arasında ticarət razılaşmasını dəstəkləməyəcəyini bildirib. Məlumata görə, Tramp administrasiyası Hindistandan Rusiya ilə enerji ticarətini azaltmaq istiqamətində daha ciddi öhdəliklər gözləyir.

Ağ Evin nümayəndəsi Anna Kelli Trampla Hindistanın Baş naziri Narendra Modi arasında “hörmətə əsaslanan münasibətlər” olduğunu vurğulasa da, Dövlət Departamenti Hindistanın bu məsələdə daha çox addım atmalı olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə deyib ki, Hindistan Amerika məhsullarına tətbiq etdiyi rüsumları sıfıra endirməyi təklif edib, lakin olduqca gecdir.

"İndiyə qədər Hindistan bizdən digər ölkələrlə müqayisədə daha yüksək tariflər tətbiq edərək, müəssisələrimizin Hindistana məhsul satmasına mane oldu. Bu, tamamilə birtərəfli fəlakət idi", - deyə o bildirib.

Xatırlayaq ki, ötən ayın sonunda Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti ABŞ Prezidenti Donald Trampın son günlərdə Hindistan Baş naziri Narendra Modi ilə dörd dəfə danışmağa cəhd etdiyini, lakin Modinin zənglərə cavab vermədiyini yazıb.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, ABŞ-ın Hindistana münasibətdə bu ilin avqustundan etibarən tətbiq etdiyi 25%-lik gömüuk rusumu Hindistanın Rusiya neftinin idxalı ilə bağlı Moskva ilə əldə etdiyi razılıqlarla bağlıdır. Rusiya Ukrayna müharibəsinin başlanmasına qədər rus nefti Hindistanın yanacağ istehlakının 3%ni təşkil edirdi, hazırda isə bu rəqəm 50%-ə qədər yüksəlib. ABŞ-a görə Hindistanın Rusiya neftinin idxalındakı rolunun yüksəlməsi Rusiya iqtisadiyyatına milyardlarla dollarların axmasına səbəb olub ki, bu da Rusiyaya Avropanın onun maliyyə bank, habelə yanacaq sektoruna münasibətdə sanksiyaları artırmasına baxmayaraq, Moskvaya müharibəni davam etdirməyə şərait yaradır. ABŞ-a görə Çin və Hindistanın enerji təhlükəsizliyində Rusiyanın əmsal göstəricilərinin qalxması Rusiyanın hərbi sənaye kompleksinə fasiləsiz olaraq Silahlı Qüvvələrin artan ehtiyaclarını ödəməyə imkan verir: “ABŞ-ın təzyiqləri nəticəsində AB-nin Rusiyaya münasibətdə tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın Avropanın enerji təminatındakı rolu 45%-dən 19%-dək aşağı düşsə də, Rusiyanın ona dəyən ziyanı Asiya bazarları hesabına kompensasiya etməsi onun iqtisadiyatının, bank və maliyyə sektorunun ayaq üstündə durmasına dəstək olmaqla yanaşı, Rusiya iqtisadiyyatının çökəcəyi ilə bağlı proqnozların özünü doğrultmamasına səbəb olub. ABŞ-a görə bu işdə Rusiyaya dəstək olan əsas ölkələrdən biri kimi Dehli cəzalandırılmalıdır. ABŞ-ın Hindistana münasibətdə sərgilədiyi mövqenin digər səbəbi rəsmi Dehlinin Moskva və Pekin, habelə İran, Venesuella, Braziliya, CAR ilə yanaşı birqütblü dünya sisteminə qarşı çıxması, dünyanın yeni nizamınin müəyyən edilməsi uğrunda son vaxtlar avroatlantlar və avroaziyaçılar arasında güclənmiş geosiyasi mübarizədədə sonuncuların yanında yer almaları ilə də bağlıdır.

Bundan əlavə Hindistan ABŞ-ın toxuculuq məhsulları, kənd təsərrufatı, qiymətli metallar, əzcazçılıq məhsullarına olan ehtiyaclarının

ödənilməsində də mühüm çəkiyə malikdir. Bu ilin birinci yarısında Hindistandan ABŞ-a ixrac edilən məhsulların ümumi dəyəri 227 milyon dollar ötub keçib. Bu məhsullara Tramp 50%-lik gömrük rüsumları tətbiq edib, belə çıxır ki, gömrük məhsullarına tarif göstəricilərini yüksəltməklə Tramp Hindistanın ABŞ iqtisadiyyatındakı çəkisinin azalmasına nail olmaq istəyir. Bu isə perspektivdə Hindistan şirkətlərinin ABŞ bazarlarına olan marağının azalmasına, onları alternativ bazarlar axtarıb tapmaq məcburiyyətinə sövq edə bilər.

Hindistanın Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı, onun hərbi sənaye kompleksinin Rus silahlarının idxalına olan sifarişləri də Vaşinqtonu qayğılandıran amillərdəndir.

Nəhayət, Hindistanın Ümumdünya Daxili Məhsulunun əldə edilməsində artmaqda olan çəkisi, onun demoqrafik göstəriciləri dünya hegemonluğu iddialarından mübarizəsiz imtina etmək fikrində olmayan ABŞ-ın diqqətindən kənarda deyil. Lakin, ABŞ Cənub -Şərqi Asiya regionunda Çinin mövqelərinin möhkəmlənməsinə yol verməmək üçün Hindistan və Çin arasında münasibətlərdə gərginliyin zəiflədilməsində maraqlı deyil. Bunu Moskva da bilir və məhz onun vasitəçilik səyləri ilə Çin və Hindistan araslnda keçən əstin 60-cı illərinin əvvəllərin etibarən gərginləşməkdə olan münasibətlərdə gərginlik son vaxtlar əhəmiyyətli şəkildə səngiyib. Bunu Hindistanın baş naziri N.Mondinin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən tədbirlərə qatılması da göstərdi”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Çinlə Hindistan arasındakı münasibətlərdə normallaşma prosesi davam edir. Çinin xarici işlər naziri Van Yi Hindistana üç günlük səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə görüşüb. Van Yinin Hindistana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunub. Narendra Modi Van Yi ilə görüşdə ikitərəfli əməkdaşlığın inkişafını və sərhəd məsələlərini müzakirə edib. Sonuncu məsələ hər iki tərəf üçün əhəmiyyətlidir. Çünki 2020-ci ildə məhz sərhəddə baş verən toqquşmalarda hər iki ölkənin sərhədçiləri arasında itkilər qeydə alınmış, bu olaydan sonra münasibətlər gərginləşmişdi. Sərhəddəki olaylar iki ölkə arasındakı iqtisadi əlaqələrə də mənfi təsir etmişdi.

“Son bir ildə Pekinlə Dehli arasında artan dialoq hər iki tərəfin münasibətləri normallaşdırmaq marağından irəli gəlir. Tərəflər sərhədin mübahisəli hissələrində demarkasiya prosesini sürətləndirməyi razılaşdırıblar. Modi Van Yi ilə görüşdə deyib ki, Hindistan və Çin rəqib deyil, tərəfdaş olmalıdırlar. O, buna misal olaraq hər iki ölkənin iqtisadiyyatlarını sürətlə inkişaf etdirdiklərini və bunun əməkdaşlığa müsbət təsirini vurğulayıb.

Van Yinin Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla görüşü də maraq doğurub. Çünki bu görüşdə sərhəd və münasibətlərin normallaşdırılması mövzularının texniki tərəfləri detallı müzakirə olunub. Bu, iki tərəfin sərhəd mübahisəsinə dair danışıqların 24-cü raundu idi. Maraqlıdır ki, Van Yi Hindistana məhz Ajit Dovalın dəvətiylə səfər edib. Görüşdə Hindistan və Çin 2020-ci ildəki sərhəd toqquşmalarından sonra beş illik fasiləyə son qoyaraq birbaşa uçuşların və sərhədyanı ticarətin bərpası barədə razılığa gəliblər. Görüşdə Himalay sərhədində yerləşdirilən qoşunların çıxarılması, sərhədlərin demarkasiyası, sərhədyanı ticarətin canlandırılması, viza prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığının artırılması müzakirə olunub. Van Yi danışıqlarda Çin-Hindistan əlaqələrinin sabit və sağlam inkişafının hər iki ölkə xalqının əsas mənafeyinə uyğun olduğunu vurğulayıb.

Cavid