Qədim mədəniyyət daşıyıcıları - noğaylar Mədəniyyət

Qədim mədəniyyət daşıyıcıları - noğaylar

Noğaylar (xalqın adı noğay) türk xalqlarına mənsub olmaqla, hazırda Şimali Qafqazda məskunlaşıblar. Onlar Rusiya Federasiyasının Çeçenistan Respublikasında Qroznı ətrafı Qızlar, Qaranoğay, Acıqulaq, Qayasulu, Şelkor rayonları, Stavropol diyarının Neftekum, Dağıstan Respublikasının Noğay, Tarumov, Babayurd, Qaraçay-Çərkəz Respublikasının Adiqe-Xabl, Xabez və Kubanətrafı rayonlar da kompakt şəkildə yaşayırlar. Noğaylar həm də Stavropol diyarının Mineralovod (Kanqlı aylu), Libknext (Qara Murza aulu) rayonlarında yerləşiblər. Qroznının Qaranoğay rayonunda isə qaranoğaylar yaşayırlar. Noğaylar Rusiya Federasiyasının müxtəlif ərazilərində, bundan başqa Türkiyə və Rumıniyada yaşayırlar.
Bir zamanlar son dərəcə böyük və əzəmətli etnos etnik birlik sahibi olmuş noğaylar qədim mədəniyyət və yazı nümunələri daşıyıcıları olublar. Tanınmış noğayşünas alim M.Sikaliyev yazır: "Noğay qəbilələri XIV əsrin əvvəllərində türk qəbilələrinin ümumi hissəsindən ayrılmaqla, öz əcdadlarından yüksək mədəniyyətə sahib olublar".
Noğaylar haqqında zəngin tarixi, etnoqrafik, coğrafi məlumatları XVIII əsrdə rus hərbi xidmətində olmuş əcnəbi, 2 ildən artıq Qafqazda mühəndis-topoqraf işləmiş general-leytenant, mənşəcə alman İohann Blaramberqin "Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri" kitabında tapa bilirik. Noğaylar haqqında qələmə aldığı müxtəsər tarixi oçerkdə İohann Blaramberq göstərir ki, Camış çayın mənbəyində Stavropol, Kuban və Yuxarı Kuma arasında və Donquzlu mənbəyində köçəri tatarlar yaşayırlar ki, onlar kazbulat, qıpçaq, manqıt, canıbulat, yedisan, yedişgül və novruzlardan ibarətdir. Qafqaz dağları və Xəzər dənizinin şərq səhralarını isə bütövlüklə yedisan və canıbulat, eləcə də qaranoğay ordası, nəhayət Kubanın sol sahilini isə mansurovlar və novruzlular tuturlar. Onlar noğay, yaxud Kuban tatarlarının qalığı hesab olunurlar. Noğaylar buraya Dnepr və Dnestr səhralarından Krım xanları tərəfindən köçürülüblər. Ruslar isə onları yenidən geriyə - qədim otlaqlar olan Kuban ərazilərinə qaytardılar. Bu qəbilələr öz adını tatar sərkərdəsi Noğayın adından götürüb ki, o, (Noğay-N.T.) 1262-ci ildə Mengü xanın vəfatından sonra Böyük Ordadan ayrılaraq bir müddət Qızıl Ordada (yəni Dəşti Qıpçaqda-N.T.) hakimiyyətə rəhbərlik edib. Noğay xanın ölümündən sonra isə noğaylar ayrıca qəbilə olublar. Lakin onlar digər tatar qəbilələri ilə aparılan müharibələrdə zəiflədilər, bu, qəbilələrarası müharibələr Rus dövlətinə tatar Qızıl Ordasının gücünü zəiflətmək və noğayları özünə tabe etmək imkanı vermişdi.
Kazan və Astraxanı ələ keçirməzdən əvvəl Volqa ətrafında yaşayan noğaylar 1552-ci ildə çar İvan Vasilyeviçdən onları Astraxan hökmdarı Yanuqurçidən azad etməyə kömək istəyiblər. Elə buna görə də Qafqazın şimal ətəklərində dağınıq şəkildə yaşayan noğayları Volqaətrafı Orda noğayları adlandırıblar. Volqaətrafı noğaylar üç qrupa - böyük və kiçik noğay və yeddisan, yaxud cetisanlara bölünüb. Böyük noğaylar isə öz növbəsində gelenşi, xabay, qıpçaq, barlak, manqıt və başqalarına bölünüb.
Noğaylarla qaraqalpaqların, qazaxların və başqurdların etnik tarixində çoxsaylı yaxınlıqlar var. Kiçik noğaylar isə üç yerə bölünüblər - xasbulat oğlu, novruz oğlu və soltan oğlu. Kiçik noğayların mirzələri (murza) öz mənşəyini mirzə Kasaydan götürdüyündən onlarə "Kasay uşaqları" adlandırırlar. Orta əsrlər dövründə bir neçə min noğay ailəsi Volqadan Urala keçərək Emba çayı ətrafında köçəri halda yaşayıblar. Tatar dilində Emba Cem, yaxud Zem adlandırıldığından onlara cembuyluk adlandırıblar. 1630-cu ildə kalmık hökmdarı Xorlyuk Tayşı cembuylukları özünə tabe etməklə onları yenidən Volqa sahillərinə gətirib. 1670-ci ildə Stepan Razinin başçılığı altındakı üsyan nəticəsində Volqa, Xoşout və Zenqor kalmıkları (qəbilələri) arasındakı üsyan nəticəsində yeddisan, böyük və kiçik noğaylar arasında hərbi döyüşlər baş qaldırıb. Belə vəziyyət nəticəsində yeddisan mirzəsi Siyunç Sedulov öz övladları və tayfası ilə birlikdə Astraxana gedərək Razin tərəfdarlarına qoşulub. Kiçik noğayların mirzəsi Janıqurçi isə öz tayfası ilə birlikdə Terek ətrafındakı səhralara çəkilib. 1671-ci ildə Yanıqurçi Çərkəz və Krım tatarlarını, böyük noğayları ətrafına toplayaraq güclü ordu ilə Volqaya qayıdır. Onlar yeddisanların düşərgələrinə hücum edərək, uzun-uzadı döyüşlərdən sonra Janıqurçi bütün yeddisan noğaylarını Kubanətrafı dağlara tərəf aparır və onlar burada Krım xanına tabe olurlar. Bundan bir il keçməmiş, 1672-ci ildə kalmık hökmdarı Ayuka xan öz ordusu ilə Kubana qayıdaraq, onların hamısının rus tabeliyinə keçməsini məcbur edir. Kiçik noğaylar Terek yaxınlığında Kabardada köçəri vəziyyətdə yaşamaqda davam edirlər. 1696-cı ildə böyük noğaylar Caqmat və Aqaş mirzələrin başçılığı altında yenidən Volqadan Kuban tərəfə getməklə, özləri ilə kiçik noğay, yeddisan və cembuylukları da aparırlar. Nəhayət, 1715-ci ildə Kuban sultanı Bakta-Girey Ayuk xanın və cembuylukların üzərinə hücuma keçərək onların hamısını Kubandan arxa tərəfə qovmağa müvəffəq olur.
1717-ci ildə Ayuka xanın oğlu Çakdorjup yeddisan və cembuyluk noğaylarını Kubandan kənarlaşdırır. Lakin 1723-cü ildə bu qəbilələr yenidən buraya qayıdırlar. Kalmık və Krım tatarları ilə baş vermiş çoxsaylı döyüşlərdən sonra qəbilələrarası müharibələrdə zəifləyən noğayları Krım tatarları, nəhayət Perekop arxasına ötürür, daha sonra isə 1728-ci ildə Dnepr və Dnestr ərazilərinə qovurlar. 1736-cı ildə rus-türk müharibəsi zamanı Don kazak atamanı Jefremov və kalmıkların başçısı Donduk-Ombo silah gücünə kiçik noqayları özünə tabe edir. Soltanoğlu və Kaspulatoğlu qəbilələri yenidən rus tabeliyinə keçirilərək Terek və Kuma çayları ətrafında yerləşdirilir. Novruzoğlulara gəldikdə isə onlar əsasən məhv edilir, digərləri (soltanoğulları və kasbulatoğulları) kalmık başçılara ildə hər ailə başına bir iri buynuzlu mal-heyvan vergi verirlər. 1740-cı ildə çoxsaylı şikayət və qarışıqlıqdan sonra onlar kalmıklara vergi verməkdən azad olurlar. Bununla belə noğayların daha iri hissələri Kubana keçirlər. Bütün Osman portası qaçmış noğayları vergi tələbindən boyun qaçırdığından onları Volqaya Astraxan qubernatorluğuna vermək qərarına gəlir.
Osman portası ilə müharibənin lap əvvəllərində (1769) general qraf Panin Dnestryanı Bessarabiyaya köçmüş noğay ordalarını məğlub edir. Yeddisan və bacaq noğayları Rusiyaya sadiqliyə and içir, cembulat və yedilqullar da onlar kimi hərəkət edirlər. 1774-cü ildə Osman Portası ilə Kiçik Qaynarcada bağlanan tatar və noğay qəbilələri arasındakı müqaviləyə görə onlar digər xarici dövlətlərdən asılı olmayan qəbilələr kimi tanınır. Onlar digər dövlətlərdən və xaricilərdən asılı olmayanlar kimi qəbul olunmaqla, öz xanlarını seçmək hüququna malik olurlar. Belə vəziyyət heç də uzun-uzadı davam etmir. Osman Portasının gücü ilə Krım xanı Sanib-Girey mövqeyindən kənarlaşdırılır. Dövlət-Girey xan elan olunur, lakin onun da xanlığı uzun çəkmir. Noğaylar arasında baş verən qəbilələrarası mübarizələrdə o, Rusiyada qaçıb gizlənməyə məcbur olur.
Beştau (Pyatiqorsk) noğayları kasbulatlı, qıpçaq, yeddisan, cembuyluk, manqıt və novruzlular tayfasından ibarət idilər. Onlar əsasən Beştau dağının ətrafında Tanlıq, Çeqate, Barsuklı, Jangül, Kalaus və Qaramıx çayları ərazisində yaşamaqla əkinçiliklə məşğul olur, taxıl, vələmir və arpa əkir,var-dövlətlərinin əsas hissəsini iri buynuzlu mal-qara və qoyun təşkil edir. Onlar halal əməklə məşğul olmaqla, Qafqazda məskunlaşmış digər noğay qəbilələrindən daha sakit ömür sürməkdə davam edirlər.
Noğaylar bu günün özündə Qeorgiyevsk, Aleksandrovka, Stavropol, Mineralovod və digər şəhərlər və rayonlarda yaşamaqla mal-qara, quş, yağ, taxıl və bal satmaqla həyatını davam etdirir. Cembuyluk və yeddisanlar Georgiyevsk və Mozdok rayonlarında, yayda Kuma çayı boyu (Acıqulaq yaxınlığında), qışda isə Terekə yaxın ərazilərdə köçəri halında yaşayırlar. Onlar buraya Kubandan 1783-cü ildə general Potyomkin tərəfindən sürgün ediliblər. Qaranoğaylar (ruslar onları qaranoylar adlandırıblar – N.T.) beş tayfaya- noyman, qıpçaq, asqaşdamğalı, bərki və yedişgülə bölünürdü. Onlar Terek və Kuma ətrafından tutmuş Xəzər dənizinə, Qreben və Ter kazakları yaşayan ərazilərə qədər yayılmış, Qızlar və Mozdok qəzalarını da tutmuşdular. Qaranoğayların başlıca məşğuliyyəti Qızlardan Rusiyaya araba ilə və oradanda geriyə yük daşımaq idi. Qaranoğaylar digər noğaylara nisbətən sakit yaşamağa vərdiş etdiklərindən, onlar silahsız gəzməyə daha böyük üstünlük verirdilər. İohann Blaramberqin adını çəkdiyimiz 1831-ci ildə nəşr etdirdiyi əsərdə təkcə qaranoğayların sayının 30 min nəfər olduğu bildirilirdi. Noğayların sayı artmaq əvəzinə ciddi şəkildə azalıb. Bu isə noğayların son üç əsrə yaxın bir dövrdə ruslar arasında assimilyasiya olunduğunu sübut edir.
Belqorod Ordasından yaranan qəbilələrdən olan bu noğayların bir hissəsi Ust-Labinsk və Qafqaz qalalarının əks tərəfində, Laba çayı boyunda köçəri halda yaşayırdılar. Mansurlularla novruzluların ümumi sayı XIX əsrin 30-cu illərində 16 min nəfər idi. Noğaylılar sünnü müsəlmanlardır. Noğay mollaları vaxtilə Türkiyədə 6 il dini təhsil aldıqdan sonra geriyə qayıdırdılar. Noğaylar vaxtilə bir neçə ailədən ibarət olmaqla, aul yaradar, gah burada, gah da başqa yerlərdə yaşayırdılar. Aulların sayı adətən onlardakı qazanın sayı ilə müəyyənləşərdi. Belə ki, bir qazan bir ailəni təmsil edirdi. Noğayların əsas nəqliyyat vasitəsi iki öküz qoşulmuş iki təkərli araba olub. Noğaylar arabanın təkərini yağlamazdılar. Buna görə də təkərlər olduqca bərk cırıldayardı. Noğayların belə cırıltıdan xoşu gəlməsə də, arabalardan səliqə-sahmanlı istifadə edərdilər. Araba təkərlərinin cırıltısı uzaqdan onların gəlişindən xəbər verərdi. Noğaylar harasa oğru kimi xəlvəti daxil olub, aradan çıxmağı qətiyyən sevməzdilər. Noğaylar digər qəbilələrin həmlələri nəticəsində daim yerlərini dəyişməyə məcbur olub köçəri halda yaşasalar da, əsasən onlar oturaq həyat, əmin-amanlıq şəraitində yaşamağa üstünlük vermişlər.

Nizami Tağısoy,
professor