Balabançının M.Ə.Sabirlə görüşü Mədəniyyət

Balabançının M.Ə.Sabirlə görüşü

Məşhur balabançı Əli Kərimovun görkəmli musiqiçilər Şəkili Ələsgər (1866-1929), Keçəçi oğlu Məhəmməd (1860-1940), Seyid Şuşinski (1889-1965), İslam Abdullayev (1876-1964), şamaxılı Aşıq İbrahim (1860-1920) və onlarca bəstəkarlarla maraqlı görüşləri olub. Bizi daha çox maraqlandıran Azərbaycanın dahi satirik şairi M.Ə.Sabirlə (1862-1911) ustad Ə.Kərimovun dostluğudur.
M.Ə.Sabiri şamaxılılar dinsizlikdə suçlayıb "babi" adlandırırdılar. Bu dönəmdə Şamaxıda fanatik müsəlmanlar açıq-açığına şairə qarşı hücumlar çəkir, onun təşkil etdiyi məktəbə uşaq verməkdən də boyun qaçırırdılar. Şair ən aşağı aylıqla yaşamağa məcbur idi. Musiqiçi Əli dədə şair Sabirlə görüşən azsaylı şəxslərdən biri idi. O, Sabirlə bağlı eşitmiş və bir neçə dəfə çayxanada və cızbızxanada görmüşdü.
Ustad sağlığında o günlərdən belə danışardı: "Bir dəfə mən çayxanaya girib Sabirlə salamlaşıb doğmaca görüşdüm. Doğrusu, şair bu doğmalıqdan çaşbaş qalmışdı. Ona görə ki, çayxanaya gələnlərin heç biri bu gözəl insana salam vermirdilər. İlk tanışlıqdan sonra onunla tez-tez görüşər və doğma söhbətlər edərdik. Bir dəfə Sabir məni evinə dəvət etdi. O, heyranlıqla söylədi ki, sənə bəzi şeyləri göstərəcəyəm. Bu, açığı, mənim üçün də çox maraqlı idi. Biz onun Sarıtorpaq məhəlləsindəki evinə getdik. Evində o qədər də əşya gözə dəymirdi. Mənim diqqətimi əlbəttə, musiqiçi kimi cəlb edən rəfdə və divardan asılmış musiqi alətləri oldu. Çox qəribə idi ki, şairin yoxsul komasında Azərbaycan musiqi alətlərindən saz, tar, təbil (qaval), balaban, kamança, qoşa nağara və s. var idi. Mən heyrətimi gizlətmədim, soruşdum:
- Şair, axı bu qədər karastı (alətlər) sənin nəyinə gərəkdir?
Sabir görkəminə ağayanalıq verərək:
- Gördüyünüz bu musiqi alətlərini ürəkdən sevir, bir çoxunu isə çalmağı bacarıram.
Mən soruşdum:
- Bunlardan ən çox hansını sevirsiniz?
O, bu an divardan asılmış sazı götürüb mənim üçün bir mahnı çaldı. Özüm də bilmədən qeyri-ixtiyari sinəmdə gəzdirdiyim yastı balabanla hər ikimiz "gəzişdik"…
Sabir Bakıya gedənə qədər onunla bir neçə dəfə görüşdüm. Söhbətlərimiz ən çox sənətdən, xalq musiqimizin tarixindən gedirdi.

Üzeyir Hacıbəyli ilə görüş

Əli dədənin Üzeyir bəylə tanışılığının da maraqlı tarixçəsi yar. O, bununla bağlı danışardı:
"1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə mən, Cənnətalı və Əlibaba iştirak edirdik. Yadımdadır ki, biz ora getməmişdən öncə Bakıda Üzeyir bəyin başçılığı altında gərgin məşqlər keçdik. Mən orda öz dəstəmlə – yəni qonşu Xatman kəndindən olan dəmkeş Cənnətalı və qardaşım nağaraçı Əlibaba ilə "Koroğlu" nağarasını ayrıca, "Cəngi"nin ifasında birgə çalmalıydıq. "Koroğlu nağarası" Üzeyir bəyin çox xoşuna gəlmişdi.
"Cəngi"ni başa gətirincə çox çalışdıq. Dəstədəki zurnaçıların sayı dəqiq yadımda qalmayıb. Bir onu bilirəm ki, onların səsi bir-biri ilə düz gəlmirdi. Üzeyir bəyin necə gərgin olduğunu görüb ona dedim:
- Ağa, icazə ver, mən bu alətlərin hamısının səsini bir "cığır"a salım.
Doğrusu, Üzeyir bəy mənim bu gözlənilməz təklifimdən tutuldu və dedi ki, neçə saatlardı biz çalışırıq bir iş hasil olmur, sən nə edəcəksən, a kişi?
Mən inad etdim:
- Ağa, siz icazə verin, indi görəcəksiniz ki, onu necə uzlaşdırıb, yoluna qoyuram.
Üzeyir bəyin icazəsindən sonra dəstədən irəli çıxdım. Həmkarlarımı doğmaca salamlayaraq onlara bir çox şeyləri başa saldım. Mən həmişə yanımda alətlərlə birgə arı mumu gəzdirərdim. Çalğıçıların alətlərini bir-bir yoxladım və həmin mumdan istifadə eməklə hamısını bir kökə gətirdim. Sonra Üzeyir bəyə dedim:
-Ağa, indi birgə çalmaq olar.
Üzeyir bəyin göstərişi ilə Səid Rüstəmov dəstəni yerbəyer etdi. Əlində də çubuq var idi. Biz birgə "Cəngi"ni çalmağa başladıq. Artıq məqsədimizə çatmışdıq. Mən çətinliklə də olsa, ayrı-ayrı zurnalardakı zil-bəmi uzlaşdırmışdım. Üzeyir bəyin də, Seyid Şuşiniskinin də sevinci yerə-göyə sığmırdı. Bax, o "Cəngi" beləcə zəhmət bahasına, gərgin məşqdən sonra belə yarandı. Mən görürdüm ki, Səid Rüstəmov işinə necə tələbkarlıqla yanaşırdı…

"Koroğlu nağarası"

Əli kişinin ilhamı sahilsiz dəniz, sonsuz kainat, qaynağı görünməyən bir dağ şəlaləsinə bənzəyirdi. Bəli, Əli dədə çalanda ilham atını dördnala çapmağı bacarırdı, özəlliklə dinləyicini öz çalğısıyla oxşayırdı. Ustad Əli bütün mahnıları özünəməxsus, bənzərsiz ilhamla ifa etmişdi. Ancaq "Koroğlu nağarası" ilə bağlı ayrıca söz açmaq gərəkdir. Ona görə ki, Əli dədə bu havacatla Moskva dekadasında (1938) çıxış edib. Həm də ona görə ki, bu musiqi xalq qəhrəmanı Koroğlunun şərəfinə bəstələnmişdi. Dahi Ü.Hacıbəyov "Koroğlu" operasını da o illərdə yaratmışdı. Gənclərdə yurddaşlıq duyğusunu daha da gücləndirməkdə Koroğlunun adı ilə bağlı dastan, operanın necə təsiri varsa, ustadın bəstələdiyi "Koroğlu nağarası"nın öz önəmi var. Elə buradaca deyim ki, indi dövlət radiosunun qızıl fondunda Əli dədənin qorunan əsərləri arasında "Koroğlu nağarası" da var. Eləcə də onun nəfəsinə yaxın olan çalğıda - nəvələri Ağasəf Seyidovun, Fikrət Əliyevin çalğısında da "Koroğlu nağarası" yaşamaqdadır.
İndiki kimi yadımdadır, ustad bayram günlərində dəstəsi ilə kəndin mərkəzinə gələr, "Koroğlu nağarası"nı çalardı. Kənd camaatı tez mərkəzə toplaşardı.
Elə ki kənddə toy olardı, qabaqca Əli dədə dəstəsini döyüşə haylayan komandan kimi bir saata qədər öz həyətində çalardı. Həyətdən toy evinəcən "Vağzalı", "Çobanyaylağı" havalarını çala-çala gələrdi. Kəndin yeniyetmələri dəstənin böyür-başında sevinclə toy olacaq evə kimi ustadı müşayiət edərdilər…
Ustad sanki bununla camaatı toya çağırardı ki, ay camaat, gəlin, toy başlandı. Kəndin pəhləvan gövdəli gəncləri, kişiləri girərdi ortalığa güclərini sınayardılar. "Koroğlu sayağı", hava çalındığı meydan qızışardı, əzələlər gərilib şişərdi. Özünü ələ ala bilməyən güləşçi bəzən az qala bir qanıqaraçılıq da salmaq istərdi. Belədə ustad "Cığatayı"nın oynaq havası ilə rəqibləri barışığa çağırardı. Güləşçilər hiss etmədən mehribancasına oynayar, öpüşüb ayrılardılar. Bu, o demək idi ki, heç kəsin qəlbində inciklik qalmasın…
Kalvanın bütün toylarını Əli Dədə çalardı. Mağar ağzınacan dolardı. Əli Dədə Kalvada yox, harada toy çalsaydı, toya gələnlərə bir kişinin həyət-bacası bəs etməzdi. Ustad istər zurnada, istərsə də balabanda çalanda üzünün cizgilərinə çox fikir verirdim. O, sevinc duyğusu, gülərüzlülük, ağırlıq nəfəsi ilə can verdiyi, barmaqları ilə bərk-bərk sıxdığı zurnasının səsi ilə birləşərdi. Çalanda əziyyət çəkmirdi. Ən qəmli havaları da elə bil qəm yarasına məlhəm qoyardı. İndinin özündə də ustadın musiqisini dinləyəndən sonra kimliyindən asılı olmayaraq "Yaşa, Əli dədə!" sözləri qeyri-ixtiyari dodaqlardan qopur. Ölməzlik elə bu deməkdir.
"Koroğlu nağarası"nı dinləyəndə adamın gözlərinin qarşısına qoç Koroğlunun Qıratın belində dəlilərilə düşmənə qan uddurmağı gəlir. Əli dədə qoç Koroğlunu bizə daha da doğmalaşdırır.
Onu da deyim ki, "Koroğlu nağarası"nda nağara mütləq çöplə çalınmalıdır. İndiki nağaraçılar, nə acılar ki, əl ilə çalırlar. Hanı Əli kişinin qardaşı Bəxtiyarın, nəvəsi Adilin çöplə nağara çalmaları? Onlar çiyinlərindən asdıqları nağaranın hər iki üzündən istifadə edərdilər. İndiki nağaraçılar içərisində Adil Əliyevin oğlu Şöhrət çöplə nağara çalmaq ənənəsini ard etdirir.
Ustad 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə "Koroğlu nağarası"nı ifa edərkən o zaman SSRİ-nin bir nömrəli qəzeti sayılan "Pravda" qəzeti yazırdı: "Balabançının çaldığı muğamlar, xalq havaları hər kəsdə nəcib hisslər aşılayır. Onun bəmdə və zildə gəzişmələri ürəkləri titrədir"…"Koroğlu nağarası" ustada həmişə böyük şərəf gətirib, hörmət qazandırıb.
1960-cı ilin aprel ayı idi. O vaxt mən Şamaxı Pedaqoji Texnikumunda oxuyurdum. Onda Şamaxıda "Lenin bağı" deyilən böyük istirahət parkı vardı. Həmin parkda qara zurnanın sədaları altında rayonlararası güləş yarışı keçirilirdi. Çalğıçılar cavan idilər, Əli kişinin çalğısına bələd olanlar onları heç bəyənməzdilər. Şamaxının qocaman musiqiçiləri bir az aralıda əlindəki əsaya dəstəklənərək oturacaqda əyləşən ustad Əli kişini dövrələmişdilər. Mənim yanımda Yardımlıdan olan tələbə yoldaşım Əlağa var idi. Dedim ki, Əlağa o kişini görürsən, məşhur zurnaçalandır. Əgər onun musiqisini eşitsən, özünü undarsan. Dostum buna inanmadı. İsrarla Əli dədənin yanına gəldim və dedim:
- Əli dədə, xoş gördük, necəsən? Baba, mən Kalvadanam, Soltanın oğluyam. Bu çalğıçılar yaxşı çalmırlar. Xahiş edirəm, bir "Koroğlu nağarası" çalasan.
-Ay bala, mən bu alətlərlə sən deyən havanı çala bilmərəm. Öz alətlərim də Kalvadadır.
- Əli dədə, Ağasəf dayının alətləri ilə çalarsanmı?
- Bəlkə, bir təhər...
Ağasəf dayı da orada idi, tanışlarından birinə alətlər çantasını gətirtdi.
Biz Əli dədəni araya alıb yığnağa doğru gətirdik. Hamı onun gəlişini görüb sevinirdi. Ustad Əli alətlərini köklədi. Nəvələri Ağasəf dəm tutdu, Adil çöp nağarasında çaldı. İndi əsl üçlük alınmışdı. Əli kişi hamını heyran edəcək havalar çaldı. Bəlkə də ustad "Koroğlu nağarası"nı ən kamil şəkildə həmin gün çaldı. Qıraqdakı adamlar onun qara zurnasının səsini eşitcək meydana toplaşdılar. Tələbə dostum Əliağanın heyrətdən əli-ayağı qurumuşdu. Mən adamların yaxınlaşıb ustadın barmaqlarını öpdüyünü gördüm.
Ustad Əli dədə ilə bağlı çoxlu məqalələr çap etdirmişəm. Qayınatam Ağalar müəllimlə atası Əli kişi haqqında tez-tez söhətlər edərdik. Bir gün ustadın anadan olmasının 100 illiyi ilə bağlı geniş söhət etdik. 1974-cü ilin yazında yubileyə hazırlıq gördük. Ustadın yaşadığı evin bir otağını muzey kimi yaratdıq, şəxsi əşya və alətlərini ora yağdıq. Bütün işlər görüldükdən sonra 1974-cü il oktyabrın 17-də Kalva kənd mədəniyyət evinin həyətində ustadın 100 illik yubileyini təntənəli şəkildə qeyd etdik. Həmin mərasimdə Kalva və ona qonşu kəndlərin camaatı iştirak edirdi. Qıraq yerlərdən də çoxlu adam gəlmişdi. Həmin ilin noyabrında ustadın 100 illik yubileyi Şamaxı şəhərində Əfzələddin Xaqani adına Mədəniyyət Evində təntənəli şəkildə qeyd edildi. Bu tədbirə də Şirvanın və respublikanın tanınmış şəxsləri gəlmişdilər.
Əli dədə ilə Aşıq Şakirin ölümü Şirvan aşıq sənətinə böyük zərbə vurdu. Azman sənətkarların ölümündən sonra bölgənin, eləcə də ölkənin aşıq sənətində bir boşluq yarandı. İndi onları həsrətlə xatırlayanlar deyirlər ki, hanı Əli dədə kimi zurnaçalan, Aşıq Şakir kimi oxuyan? Doğru deyirlər.

Qalib Soltanoğlu
araşdırmaçı