“Bu, Trampa müxalifətin xəbərdarlığıdır” Dünya

“Bu, Trampa müxalifətin xəbərdarlığıdır”

“ABŞ-də büdcə məsələsi ilə bağlı qalmaqalın bitməsi Tramp administrasiyasına bir qədər rahatlıq verəcək ki, öz planlarını rahat şəkildə həyata keçirə bilsinlər. Ancaq bu, eyni zamanda, müəyyən dərəcədə Trampa müxalifətin xəbərdarlığıdır. Demokratlar bundan artıq büdcəni təsdiqləməməyə bilməzdilər. Çünki bu, ümumi federal hökumətin işinə ciddi şəkildə maneçilik törədir və xalq baş verən məsələni Demokratların ayağına yaza bilər. Buna görə də maksimum şəkildə çalışdılar ki, bu məsələdən yan keçsinlər. Bir müddət sonra büdcəni təsdiq etməyə çalışdılar”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.

O deyib ki, Trampın artıq bundan sonra edəcəyi məsələ ciddi şəkildə öz layihələrini həyata keçirmək və müxalifəti çox da qıcıqlandırmamaqdır: “Yəni bu, əslində, ona çox ciddi şəkildə xəbərdarlıq idi. Düşünürəm ki, büdcə müzakirələri 2028-ci ildə baş tutacaq prezident seçkilərində də Respublikaçılara müəyyən qədər ciddi zərbə oldu. Çünki ölkədəki sosial problemlər artıq çox qabardılır. Yəni faktiki olaraq müxalifətdə olan Demokratlar bu sosial problemlərdən istifadə edirlər və büdcə müzakirələri zamanı bunu çox ciddi şəkildə biruzə verdilər. Artıq bundan sonra federal hökumətə təklif olunan büdcə layihəsini imzalamamaq öz-özündə onu göstərir ki, buna ciddi şəkildə müqavimət var”.

Siyasi şərhçinin sözlərinə görə, Demokratlar prezident seçkilərinə olduqca mühüm şəkildə hazırlanırlar və bilirlər ki, indiki prezident namizəd ola bilməyəcək: “Respublikaçıların öz daxilində də müəyyən çaxnaşmalar var. Bir tərəf vitse-prezident Devid Vensi, digər tərəf isə dövlət katibi Marko Rubionu müdafiə edir. Buna görə də bu qarışıqlıqdan maksimum şəkildə istifadə etməyə çalışacaqlar. Xüsusilə nəzərə alaq ki, Demokratların içində solçu qanad kifayət qədər yüksəlib və bu da sosial problemlərin daha qabarıq şəkildə gün üzünə çıxarılmasına kömək edir”.

Röya İsrafilova