Bu, Əziz Şərifdir… Mədəniyyət

Bu, Əziz Şərifdir…

Tanınmış tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin (1895-1989) anadan olmasından 120 il ötdü. Ə.Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1915-ci ildə orta təhsilini Tiflisdə alıb. "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlayıb. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olub. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışıb (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi (1950-1961) olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində (1961-1988) çalışıb. Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlayıb. Bundan sonra tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərib, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirib və çap etdirib. Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr edib, onlara ön söz, müqəddimə, şərhlər yazıb. Əziz Şərif 1989-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat edib, Naxçıvan şəhərində dəfn olunub.
Əziz Şərifin F.Köçərlinin arxivi ilə bağlı yazısı o dövr ədəbi, milli düşüncəmiz haqqında təsəvvür yarada bilir. Əziz Şərif F.Köçərli haqqında yazır: "Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Firudun bəy Köçərli əhəmiyyətli yer tutur. Müəllim, ədib, tənqidçi, alim, ictimai xadim kimi Firudun bəyi bütün savadlı Azərbaycan yaxşı tanıyır və ona qarşı dərin hörmət bəsləyirdı. Onun azərbaycanca və rusca yazıb nəşr etdiyi məqalə və kitabçalarını hamı maraqla oxuyur və yüksək qiymətləndirirdi. Bütün ömrü boyu bu nəcib və fədakar mədəniyyət fədaisi Azərbaycan ədəbiyyatına aid material axtarır, tapır, toplayır və tədqiq edirdi. Firudun bəyin vaxtsiz və faciəli ölümündən sonra "Azərnəşr" 1925 və 1926-ci illərdə onun tərtib etdiyi iki qalın cilddən ibarət olan və bu gün də əhəmiyyətini saxlayan ədəbi materiallarını çap etdirib".
Onun xatirələrindən məlum olur ki, Firudun bəy Köçərli Qurbanəli Şərifzadə ilə səmimi dost imiş: "1917-ci il 4 (17) iyunda Şərifzadə vəfat edəndə Qoridən Bakıya "Açıq söz" qəzetinin redaksiyasına göndərdiyi "İzhari təəssüf" sərlövhəli məktubunu bu sözlərlə başlamışdı: "Əziz və hörmətli Qurbanəli Şərifzadənin gözləmədiyimiz bir hal və zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi". "Açıq söz" qəzetinin 1917-ci il 15 iyun tarixli 498-ci nömrəsində çap edilmiş bu məktubun ictimai və tarixi cəhətdən müəyyən əhəmiyyətinə görə və ədibimizin qələmindən çıxmış son əsəri olduğu üçün onu bütünlükdə bura köçürməyi lazım bildim. Yuxarıda göstərilən ilk cümlədən sonra Firidun bəy yazırdı: "Mərhum hürriyyət və ədalətin ən səmimi dostlarından biri olduğu üçün onun bu hürriyət əsərində tərki-həyat şayani təəssüfdür. Azadi kəlam və əfkar onun müqəddəs arzularından birisi idi. O, heç bir vaxt da azadə danışıb rəy və fikirlərini açıq və aydın söyləməkdən çəkinməzdi. Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqda idi. Şərifzadənin məntiq üzrə söylədiyi şirin söhbəti hər kəsi maraqlandırırdı. Mərhumun gözəl süfətlərindən birisi də onun ədəbiyyatımızın tərəqqisi yolunda hümmət etməsi idi. Harda bir ədib və şair sədası eşitsəydi, onu arayıb ziyarət etməyi və onunla dostluq və yoldaşlıq əlaqəsini bağlamağı özünə borc bilərdi. Məşədi Qurbanəli kimi vücudların fovt ölüb getməsi millət üçün böyük bir yasdır. Vay o millətlərin halına ki, onların içindən M.Qurbanəlilər rəhmət edirlər və yerlərinə başqaları ərsəyə yetişmirlər. F.Köçərli, 12 iyun 1917 Qori".
Ə.Şərif: "... 1937-ci il, 12 yanvar. Axşam saat 7-də Həmidə xanımın yanına getdim ki, onunla birlikdə Firidun bəy Köçərlinin evinə gedək. Onun arxivinə baxmaq üçün Firidun bəyin xanımı bunu Həmidə xanımdan xüsusi xahiş eləmişdi. Getdik. Həmidə xanım məni Badsəba xanıma təqdim etdi. Bu, mədəni xanımdır. Firidunbəy kimi adamın təsiri dərhal duyulur. Mənimlə çox mehriban və eyni zamanda ciddi danışırdı. Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılmış arxivindən söhbət açdı və bu arxivi üzə çıxardığım üçün məndən razılıq etdi. Sonra öz ərinin arxivindən danışmağa başladı. Otağın bir küncündə duran iri sandığı nişan verərək Badsəba xanıma dedi: "Şübhə etmirəm ki, bu sandıqda olan yazılar da xalqımıza gərək olar. Firidun bəy bütün ömrü boyu axtarıb tapdığı yazıları, kitab-dəftəri burdadır. Bu sandığı bu günə kimi saxlamışam. İndi sizin vasitənizlə mən bu sandığı hökumətə vermək istəyirəm".
Badsəba xanım sandığı açıb ordan sapla bağlanmış bir dəstə məktub çıxartdı, mənə uzatdı. Üzərində Firidun bəyin xətti ilə ərəb əlifbasında yazılmışdı: "Məktubati Qurbanəli Şərifzadə". Sandığın içindəki yazıları bir-bir gözdən keçirməyə başladıq. "Molla Nəsrəddin", Sabir, Səhhət, İsmayıl bəy Qasprinski, Ömər Faiq, Əlimərdanbəy Topçubaşov, Salman Mümtaz və daha kimlərin yüzlərlə məktubları səliqə ilə dəstələnmişdi. Məktublardan başqa müxtəlif əlyazmaları - şeir, tərcümə, atalar sözü, tapmaca, nağıl, dastan, ədəbi parça, saysız-hesabsız bu kimi əsərlər! Firidun bəyin bu arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür. Bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, bu sandıqda onun izi olmasın. Hələ 18-ci və daha qədim əsrlərə aid materiallar öz yerində! Burada Vaqif haqqında Mirzə Fətəli Axundovun əlyazması var idi.
Deməklə başa gələsi deyil! Adamın gözləri qamaşır! Qərara gəldim ki, ölsəm də gərək bu qiymətsiz xəzinəni gün işığına çıxarım. Mərkəzi Komitədə məsələ qoymaq və lazım olsa lap yuxarıya qədər getmək lazımdır. Gedərkən mən Badsəba xanıma öz sonsuz təşəkkürümü bildirdim və arxivi üzə çıxarmaq üçün var qüvvəmlə çalışacağıma söz verdim. O zaman Firidun bəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim, ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi. Nəhayət, götürüb yuxarı orqana aşağıdakı məzmunda bir məktub yazdım. Məktubun rusca əlyazması və makinada çap olunmuş nüxsəsi məndə durur. Budur onun tərcüməsi: "Sizə məlum olduğu kimi Firidunbəy Köçərli uzun illər boyu Azərbaycan ədəbiyyatı tarixinə aid material toplamaqla məşğul olub və görkəmli yazıçı və ictimai xadimlərlə müntəzəm məktublaşıb. Azərbaycan ədəbiyyatının tarixinə aid onun hazırladığı materiallar sonra sovet hakimiyyəti dövründə, dörd cilddən ibarət olaraq nəşr edilib və bu günə kimi ən qiymətli yoxlama materialı kimi durur. F.Köçərlinin ədəbiyyat məsələlərinə olan canlı həvəsi tanışlarının geniş dairəsi, özünün isə Azərbaycan ziyalıları arasında güclü nüfuzu və şöhrəti onun qoyub getdiyi ədəbi irsin nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən Firidunbəy Köçərlinin arvadı Badsəba xanımın saxladığı arxivin bir hissəsini ötəri gözdən keçirə bildim və bu qərara gəldim ki, bu arxivdə ədəbiyyatımızın yalnız uzaq keçmiş tarixini deyil, Köçərlinin müasiri olan və müntəzəm surətdə onunla məktublaşan yazıçı, şair jurnalistlərimizin ədəbi-ictimai fəaliyyətini də yüksək dərəcədə işıqlandıra biləcək son dərəcə qiymətli materiallar tapmaq olar. Köçərlinin irsi bir çox Azərbaycan təşkilatlarına məlum idi. Elmlər Akademiyası Azərbaycan filialının xüsusi komisyası ilə bir neçə ay bundan qabaq bu irslə müfəssəl tanış olmuşdu, lakin nə Akademiyanın Azərbaycan filialı, nə də Dil və Ədəbiyyat İnstitutu bu arxivi almaq və ondan istifadə etmək üçün bir tədbir görüb... Sizdən rica edirəm ki, göstərilən arxivlə yaxından tanış olmaq və nəticəni şəxsən sizə bildirmək üçün xüsusi komisyanın təşkil edilməsi haqqında göstəriş verəsiniz".
Ərizənin nəticəsini gözləməyə başladım. Mən güman edirdim ki, Mirzə Fətəli Axundovun arxivini almaq üçün təyin edilmiş komissiya kimi bu iş üçün də komissya təyin ediləcək. Lakin çox təəssüf olsun ki, belə olmadı. Aradan günlər keçdi. Azərnəşrdə işlərkən mən yuxarı orqanda mədəniyyət şöbəsinin müdiri ilə tez-tez görüşməli və öz bilavasitə vəzifələrimə aid məsələlər ətrafında onunla məsləhətləşməli olurdum. Fevralın 27-də mənə xəbər verildi ki, rəis məsələnin həllini maarif xalq komissarı Məmməd Sadıq Əfəndiyevə həvalə edib, mənə isə çatdırmağı tapşırıb ki, artıq belə işlərə qarışmayın.
Bu ikinci göstərişin mənasını və səbəbini anlamasam da tabe olmağa məcbur idim və artıq Köçərlinin arxivi ətrafında bir tədbir görməyi mümkün bilmirdim. Maarif xalq komissarına tapşırılmış məsələ həll edilməmiş qaldı, çünki komisarın biri getdi, biri gəldi, mən isə Bakıdan Tiflisə qayıtmalı oldum. Bir az sonra Böyük Vətən müharibəsi başlandı. Badsəba xanım Bakıdan rayona getdi. Sandığın başına nə gəldiyini bilmədim.
İndi təxminən 35 il keçəndən sonra bu əhvalatı xatırlatmaqda yeganə məqsəd budur ki, gənc alimlərimiz - ədəbiyyatşünas və tarixçilərimiz axtarış aparsınlar, bəlkə birinin bəxti gətirdi, bu zəngin xəzinənin tapıb üzə çıxardı. Belə bir tapıntı demək olar ki, müasir mədəniyyətimizin tarixində inqilab olar, indi bilmədiyimiz çox şeyi bilər, şübhələrimizi rədd edər, məlumatımızı artırar, mədəniyyətimizi və elmimizi zənginləşdərdi.
Bu xatirəni yazıb hazırladıqdan sonra Bakıya gələndə öyrəndim ki, haqqında yazdığım arxivin özü əldə yoxdursa da ondakı materialların müfəssəl siyahısı Akademiyanin Əlyazmaları İnstitutunda var. Bu fonda müraciət etməli oldum. Fondun əməkdaşlarından hörmətli Əzizə xanım Cəfərzadə siyahını mənə göstərdi. Siyahi iki məktəbli dəftərində yazılmışdı, bunların birində müxtəlif əsərlərin əlyazmaları, ikincisində isə məktublar qeyd edilmişdi. Bu siyahıda 200-ə qədər tanınan, ya tanınmayan adamın adı çəkilirdi ki, bunların hər birinin hər məktubu, heç şübhəsiz, yazıldığı vaxtın əhəmiyyətli mədəni-ictimai hadisələrinə həsr edilmişdi, bu hadisələrdən xəbər verirdi. Bakıda vərəqlədiyim bu siyahı Firidun bəy Köçərlidən qalan arxivin nə qədər zəngin və mədəniyyətimizin tarixi üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. 2 may 1971. Moskıva-Bakı".

Uğur