“Azərbaycan Lideri bu mükafatın tam haqqını verir” Gündəm

“Azərbaycan Lideri bu mükafatın tam haqqını verir”

“Bu gün dünyada çatışmayan məsələlərdən ən önəmlisi sülhdürsə, heç şübhəsiz ki, sülhə xidmət missiyasını üstlənən, onun varlığı üçün çalışan liderlərin sayı da olduqca azdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahədə də seçilir. Bu baxımdandır ki, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun Azərbaycan Prezidentini İnsanlıq qardaşlığı mükafatı ilə təltif etməsi təsadüfi deyil”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova vurğulayıb ki, dövlət başçımız atdığı addımlarla, aldığı qərarlarla bu mükafatın haqqını tam verir və beləliklə də bir daha sübut olunur ki, Azərbaycan Liderinin sülh gündəliyinin icra olunması baxımından atdığı addımlar dünya tərəfindən təqdir olunur: “Biz müharibədə qalib gəldik, yenə də ədalətli yanaşma ortaya qoyduq. Sülhə aparan yol, bu istiqamətdə Azərbaycanın qarşısında bilərəkdən formalaşdırılan maneələr, yaradılan sədlər olsa da, Ermənistanı revanşizmə və regionumuzu yeni qarşıdurmaya sürükləmək istəyən qüvvələr olsa da, Azərbaycan Lideri bütün bunların qarşısında qətiyyətlə dayandı və öz iradəsini diktə edərək 2025-ci ilin avqust ayında Vaşinqtonda bu məsələyə birdəfəlik son qoyuldu. Şübhəsiz ki, Azərbaycanın mütləq qələbəsi qədər münaqişənin həll edilməsi də nümunəvi təcrübədir. Sülhə və tərəqqiyə aparan insanları şərəfləndirmək üçün qlobal platforma kimi fəaliyyət göstərərək, qardaşlıq yolunda bir kompas rolunu oynayan həmin bu mükafatın Azərbaycan Liderinə verilməsi dövlət başçımıza, Azərbaycana verilən dəyərdir”.

Politoloq əlavə edib ki, Azərbaycan Lideri unikal dəyişiklik edənlər arasında ön sıralarda dayanır: “Azərbaycan Lideri insan qardaşlığı qəhrəmanlarını müəyyən etmək və şərəfləndirmək üçün nəzərdə tutulan bu mükafatın tam haqqını verir. Dövlət başçımızın sülhə gedən yolda üzərinə götürdüyü missiya əvəzsizdir. Azərbaycan Lideri sülh prosesinə sədaqət və sadiqlik nümayiş etdirir. Həmin bu amil dünya tərəfindən təqdir edilir. Dövlət başçımız dünyanın görkəmli şəxsiyyətləri və təşkilatları üçün nəzərdə tutulan bu mükafatı almaqla siyasətdəki həyati əlaqə rolunu bir daha sübut edir. Deməli, Azərbaycan Liderinin səyləri beynəlxalq səviyyədə dəstəklənir”.

Röya İsrafilova