“Suriyada söz sahibi artıq Türkiyədir” Gündəm

“Suriyada söz sahibi artıq Türkiyədir”

“Suriyada müvəqqəti hökumət formalaşdıqdan sonra bu ölkənin tədricən sabitlik mərhələsinə daxil olduğu müşahidə olunur”.

Bu fikirləri politoloq Cavanşir Abbaslı Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Suriyada yaranmış yeni siyasi vəziyyətdə əsas və aparıcı rolu qardaş Türkiyə oynayır və bu, Azərbaycan üçün də olduqca qənaətbəxş prosesdir: “Artıq dünyada heç bir dövlət və ya dövlət rəhbəri Türkiyənin Suriyada dominant mövqedə olmasına şübhə etmir.Vaxt keçdikcə aydın oldu ki, Rusiya, ABŞ və İran kimi böyük güclər Türkiyənin Suriyadakı təsirini qəbul etməyə məcbur qalıblar. Bu, regionda formalaşan yeni güc balansının göstəricisidir. Mövcud razılaşmaların bu dəfə ömrü daha uzun olacaq. Çünki Bəşər Əsəd hakimiyyəti dövründən fərqli olaraq, Suriyada tamamilə yeni bir idarəetmə və təhlükəsizlik sistemi formalaşdırılıb. Xüsusilə Ahməd əş-Şaranın hakimiyyətə gəlişindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa dəstəyi ilə ölkə daxilində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır.
Hazırkı mərhələdə Suriyada tam və mütləq sabitliyin bərqərar olması real görünməyə bilər. Lakin yaxın gələcək üçün ümidverici proseslərin getdiyini söyləmək mümkündür.
Bu gün Suriyada bir dəfəlik və davamlı sülhün imzalanması üçün real zəmin formalaşmaqdadır. İstənilən halda, bu proses həm Türkiyə, həm də Azərbaycan üçün strateji baxımdan müsbət nəticələr vəd edir. Yaxın Şərqdə Türkiyənin hər bir uğuru Azərbaycanın da uğurudur”.

Onun fikrincə, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcəyi üçün Türkiyə tərəfindən yaşıl işıq yandırılıb və bu ölkənin regiondakı lider mövqeyi iri güclər tərəfindən qəbul edildikcə, Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olacağına dair ümidlər daha da güclənir.

Günel Elxan