17:15
651
“Milli kimlik fərdin özünü müəyyən bir millətə aid bilməsi, həmin millətin dili, tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə özünü eyniləşdirməsidir. Milli kimlik həm fərdi, həm də ictimai şüurun ayrılmaz tərkib hissəsi olmaqla, cəmiyyətin bütövlüyünü və davamlılığını təmin edir”.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib kİ, milli kimlik insanın “mən kiməm?” sualına verdiyi cavabda özünü göstərir və onun formalaşması ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti ilə daha səmərəli olur:
“Milli kimlik aşağıdakı sahələrdə özünü göstərir:
• Xalqın tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi
• Milli dəyərlərə hörmət və sədaqət hissinin formalaşması
• Dövlətə və vətənə bağlılığın güclənməsi
• Qloballaşma şəraitində milli kimliyin itirilməsinin qarşısının alınması
Mehriban Vəliyeva vurğulayıb ki, böyük türk dünyasının yazarı Çingiz Aytmatovun yaratdığı “manqurt” obrazı milli kimliyini, tarixi yaddaşını itirən toplumun faciəsini göstərir. Yaddaşını itirən millətin varlığı sual altına düşür. Azərbaycan xalqı isə bu faciəyə məhkum olmayıb.Azərbaycan xalqının tarixi yaddaşı əsrlər boyu işğallar, soyqırımlar və deportasiyalar fonunda formalaşıb. Buna baxmayaraq, xalqımızın milli kimliyi qorunub saxlanıb. Analardan, nənələrdən gələn nağıllar, laylalar, oğullarımızın igidliyi Azərbaycan yaddaşını yaşadıb. Azərbaycan qadını tarix boyu xalqımızın ‘Nayman anası’ olub və Vətən sevgisini heç vaxt itirməyib”.
Deputat bildirib ki, ailədə milli dəyərlərin aşılanması, məktəbdə tarix, ədəbiyyat və vətənpərvərlik dərslərinin aparılması, cəmiyyətdə isə sağlam ictimai mühitin yaradılması gənc nəslin milli kimlik və vətənpərvərlik şüurunun güclənməsində əsas amillərdir: “Gənclərimizə milli kimliyi yaşatmaq, tariximizi və dəyərlərimizi qorumaq bizim əsas vəzifəmizdir. Yalnız yaddaşı canlı olan millət öz kimliyini itirməz və gələcəyə ümidlə baxa bilər”.
Günel Elxan