Novruzla bağlı mərasimlər Mədəniyyət

Novruzla bağlı mərasimlər

İlin axır çərşənbəsində tonqal qalanır, "Ağırlığım, uğurluğum", yaxud "Azarım, bezarım tökül bu odun üstünə" deyilir


III yazı

M.Təhmasib mərasim folklorunun öyrənilməsinə doğulduğu Naxçıvandan başlamışdır. Bu onun uşaqlıq və məktəb illərindəki ilk müşahidələridir. Burada gördüyü mərasimlər sonralar onun araşdırmalarında təsvir olunmuş və öz elmi şərhini tapmışdır. Ali məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə başlayaraq müəllimlik etdiyi Kürdəmir də onun mərasim folkloru ilə bağlı müşahidələrinin genişlənməsində müəyyən rol oynayıb. Çünki bu bölgə mərasim mədəniyyəti və mərasim folkloru ilə zəngindir. Şirvan bölgəsinin müxtəlif rayonlarını gəzən M.Təhmasib burada xalq mərasimlərini birbaşa müşahidə edə bilmiş və onları yazıya almışdı.
M.Təhmasib mərasim folklorunun toplanmasına 1930-cu illərdən başlamış, onu pedaqoji fəaliyyəti ilə yanaşı davam etdirmiş və nəhayət, bu fəaliyyət öz məntiqi nəticəsini alimin namizədlik dissertasiyasında tapmışdı. Belə ki, alimin 1945-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası mərasim və mövsüm nəğmələrinin öyrənilməsinə həsr edilmişdir. Bu işdə əsas kütləsi etibarilə özünün topladığı materiallar əsasında Azərbaycan mərasim folkloru həm ailə-məişət mərasimləri, həm də təqvim-mövsüm mərasimləri kontekstində araşdırılıb. O, tədqiq obyekti olaraq götürdüyü mərasimləri bir ritual sistemi olaraq təsvir edib, onların poetik xüsusiyyətlərini öyrənib. Təqdim etdiyi materiallar və bir sıra ciddi elmi təhlilləri baxımından həmin namizədlik dissertasiyası bu gün belə öz aktuallığını saxlayan tərəflərinə malikdir".
M.H.Təhmasib mövsümlə bağlı mərasimləri araşdırıb, onların səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirib. Çilə mərasimi barədə M.Təhmasib yazır ki, son ayın dörd yeddi günlük çilləyə bölünməsi ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində guya ki, bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlərdə Azərbaycanda bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş. Qurtaran ilin axır çərşənbəsində isə bütün evlərin həyətində tonqal qalanır, hamı odun üstündən tullanaraq "Ağırlığım, uğurluğum", yaxud "Azarım, bezarım tökül bu odun üstünə" deyərmiş.
Günəşi çağırmaq mərasimi. "Bizdə qışın qurtarıb yazın başlanması ilə əlaqədar bir sıra mərasimlər də vardır ki, bunların bəziləri əksər rayonlarımızda elə məhz "Novruz" günlərində, bəziləri isə ayrı-ayrı yerlərdə bəzən qışın son ayı, bəzən də yazın ilk ayı daxilində icra edilib. Bunlardan biri "Günəşi çağırmaq" mərasimi imiş. Bu mərasimin indi də ancaq son dərəcə cılızlaşmış müxtəsər təfərrüatı və balaca bir nəğməsi qalıb. Cəmisi bir neçə bənddən ibarət olan bu nəğmədə günəş kəhər atlı insana bənzədilir, onun hətta bir oğlu, iki qızı olduğundan danışılır.
Hodu mərasimi. Qədim mərasimlərdən biri də "Hodu" mərasimidir."Bu da keçmişdə geniş yayılmış olan, hətta inqilabdan bir az əvvələ qədər də (1917-ci ildən əvvəl nəzərdə tutulur-A.X.) əksər rayonlarımızda icra edilən mərasimlərdən imiş. İndi bunun da müxtəsər təfərrüatı və kiçik bir nəğməsi qalıb. İstər inqilabdan qabaqkı yerli ziyalılarımızın verdikləri məlumatlardan, istərsə də sonrakı illərdə aparılmış araşdırmalardan, ən başlıcası isə mərasimin ünsürlərindən və nəğmənin məzmunundan aydın görünür ki, "Hodu" günəş ilahəsinin adı imiş. Yəqin birinci "Günəşi çağırmaq" mərasimi istənilən nəticəni vermədikdə, yəni "duman qaçmadıqda", "günəş kəhər atı minib qarı yerdən götürmək üçün çaxmadıqda" qədim azərbaycanlılar ikinci mərasimi icra edir, yəni "Hodu"nu qapı-qapı, zəmi-zəmi, kövşən-kövşən gəzdirib oxuyurmuşlar.
Əcdad kultu ilə bağlı mərasimlər. M.Təhmasib Naxçıvanda keçirilən "Ata-baba günü", "Xıdırha xıdır" mərasimlərini əcdad kultları ilə əlaqəli izah edib. O, ilin axır çərşənbəsində od üstündən tullanmaq mərasiminin də Zərdüştlikdən çox qədim olduğunu qeyd edib.
"Novuz"un öyrənilməsində F.Köçərlinin, Ə.Abidin, H.Zeynallının, S.Mümtazın, Y.V.Çəminzəminlinin, M.H.Təhmasibin böyük xidmətləri olub.
Professor A.İmanquliyevanın "Novruz Şərq ölkələrində" adlı araşdırmasında Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropada yaşayan türk xalqlarının Novruz bayramının məzmunca eyni, şəkilcə rəngarəng olduğu müəyyənləşdirilib. "Novruz"la bağlı tədqiqatlar P.Əfəndiyev, V.Vəliyev, A.Nəbiyev, B.Abdulla, M.Həkimov, S.Paşayev, Q. Paşayev, İ.Abbaslı, H.İsmayılov, M.Cəfərli, M.Qasımlı, R.Qafarlı və b. tərəfindən davam etdirilib və daha da genişləndirilib.
"Novruz"un mifoloji kontekstdə araşdırıldığı əsərlərdən biri M.Seyidovun 1990-cı ildə nəşr olunan "Yaz bayramı" adlı kitabıdır. Kitabda yaz bayramının tarixi kökləri araşdırılıb, təqvim anlayışının mahiyyəti xalq yaradıcılığı, folklor nümunələri əsasında tədqiq edilib. Əsərdə mifologiya məsələləri təqvim mifi çevrəsində araşdırılıb. Alim yaz bayramının mərasim kimi təqvim mifi ilə bağlılığı barəsində yazır: "Bəllidir ki, yaz əski insanın həyatında həmişə başlıca rol oynayıb. Buna görə də insan təfəkkürü istər-istəməz onu izləyib və beləliklə də bu durum Azərbaycanın ilk təqvim anlayışının yaranmasına yardım edib, təbiətlə insanın dürlü şəraitdə (xoş və əksinə) qaşılaşması yazla bağlı törənləri - mərasimləri də meydana gətirib. Belə bir törənin yaranmasında mifik görüşlərin, animist baxışların, natur fəlsəfənin, təbiətə təbii baxışın böyük rolu olub... Mifologiyada təbiətin fəsilləri arasındakı olaylarla - hadisələrlə bağlı törən, görüş də yaranıb. Dünya xalqlarında, onların ulu babalarında təqvim xaosla, kosmosla, yaradılışla və s. sıx bağlıdır. Əski azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən animistləşdirib, hərdən insan kimi gözə çarpdırıb, hərdən isə zoomorfik aləmlə bağlayıblar".
Kitabda təqvimlə bağlı əski oğuz atalar sözü təhlil edilib və onun mifoloji mənaları üzə çıxarılıb, Xızır və onunla bağlı mərasimin mifoloji kökləri öyrənilib, yaz mərasimlərindəki keçi, qurd, qoyun kimi heyvanların əsatiri simvolikası araşdırılıb, "Qodu-Qodu" yaz mərasimi olaraq mifik xüsusiyyətləri baxımından tədqiq edilib, "Kosa-Kosa", yazla bağlı digər oyun və mərasimlər, xüsusilə Novruz bayramı mifoloji mənaları baxımından kompleks şəkildə təhlil edilib. Ümumiyyətlə, bu kitab təqvim miflərinin öyrənilməsi, o cümlədən bununla bağlı Azərbaycan mərasim folklorunun tədqiq edilməsi cəhətindən sanballı əsər kimi öz əhəmiyyətini bu gün də saxlayan tədqiqatdır.
Oruc Əliyev M.Seyidovun bu kitabı haqqında yazdığı "Yaz bayramı" adlı məqalədə ilk növbədə M.Seyidovun zaman haqqında düşüncələrinin mifoloji mahiyyətinə toxunur. Müəllifin fikirincə, ilkin görüşlər nə qədər dürlü olsalar da onların özülü, kökü, mayası ana təbiətdir. Təbiət, onun qoynunda baş verən hadisələr az-çox aydınlaşdıqca bir çox görüşlər kimi yaz bayramı və onunla sıx ilişgəli təqvim görüşü də yaranır, sonralar inkişaf edir.
Məqalədə daha sonra kitabın ümumi məzmunu təsvir edilib, zamanla, o cümlədən yaz bayramı ilə bağlı mifoloji obrazlara M.Seyidov tərəfindən verilmiş izahlara toxunulub.
O.Əliyev kitabın elmi-ictimai əhəmiyyətini umumi şəkildə belə səciyyələndirir: "Gərgin axtarışların və uzun illərin təcrübəsi nəticəsində meydana çıxan "Yaz bayramı" əsərində oxucular indiyəcən böyük el bayramı barədə sirli qalan bir çox suallara cavab tapa biləcək.
Q.Paşayev "Novruz"u Kərkük mövsüm mərasimləri kontekstində araşdırıb, "Kosa gəldi", "Çömçələ qız" mərasimlərinin mükəmməl təsvirini verib. Yeri gəldikcə Kərkük mərasimləri ilə Azərbaycan mərasimləri müqayisəli şəkildə təhlil edib.
Azərbaycan mərasim folkloru M.H.Təhmasibdən sonra B.Abdullanın tədqiqatlarında davam etdirilib. Burada Novruz və çərşənbələr, mərasimlər, oyunlar və nəğmələr haqqında dəyərli materillar var.
Azad Nəbiyev "Novruz"la bağlı uzun illər araşdırmalar aparıb, zəngin folklor nümunələri qeydə alıb və "Novruz"u bir xalq bayramı olaraq bütün tərkib hissələri ilə birlikdə təqdim edib. A.Nəbiyev Azərbaycan mərasim folklorunun öyrənilməsində böyük xidmətlər göstərib. B.Nəbiyevin "Novruz bayramınız mübarək", "T.Bünyadovun "Novruz milli həyatın etnoqrafik aynasıdır", V.Məmmədəliyevin "Novruz və İslam", R.Hüseynovun "Əbədi ahəng və tarazlıq ülgüsü Novruz", M.Kazımoğlunun "Ordubadda Novruz bayramı", R.Əliyevin "Şəkidə Novruz adətləri", K.İslamzadənin "Şabran, Quba və Dərbənd ellərində Novruz" məqalələri "Novruz"u müxtəlif yönlərdən işıqlandırıb.
C.Bəydili türk xalqlarında mərasim folklorunun müxtəlif aspektlərini aydınlaşdıran anlayışlar haqqında dəyərli məlumatlar verib, bir sıra mərasim elementlərinin dolğun təsvirini təqdim edib. Mərasim folkloru qadın (ana folkloru) kontekstində A.Xürrəmqızının araşdırmalarında öz nikbin ifadəsini tapır və bu sahədəki tədqiqatların üfüqlərini genişləndirir. "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsinin bir sayı ayrıca olaraq "Novruz"un tədqiqinə həsr olunub.
Son illərdə Novruzla bağlı M.Kazımoğlu, Q.Paşayev, İ.Abbaslı, S.Paşayev, A.Nəbiyev, M.Cəfərli, F.Bayat, M.Qasımlı, R.Qafarlı, K.Hüseynoğlu, R.Xəlilov, R.Əliyev, K.Əliyev, C.Qasımov, S.Qəniyev, O.Əliyev, M.Allahmanlı, T.Orucov, X.Xəlilli, Ə.Ələkbərli, S.Rzasoy, C.Bəydili, E.Məmmədli, N.Məmmədov, M.Məmmədov, E.Abbaslı, A.Əhmədli, Ş.Albalıyev, Q.Sayılov, Ü.Nəbiyeva, A.Ramazanova, V.İbrahimova, R.Allahverdiyev və b. maraqlı araşdırmalar aparıblar.
AMEA Folklor İnstitutunda hər il Novruz bayramı ərəfəsində "Novruz"a həsr olunmuş konfrans keçirilir. Artıq 10 ildən artıq bir müddəti əhatə edən bu ənənəvi konfranslarda "Novruz"la bağlı bir çox məsələlərə aydınlıq gətirilib, onun genezisi və tipologiyası, ritualları və karnavalları, oyunları və adətləri və s. aspektləri ilə bağlı onlarla maraqlı məruzələr dinlənilib.

Ağaverdi Xəlil,
Araşdırmaçı