“Hesabatda ölkəmizin yüksək qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir” İqtisadiyyat

“Hesabatda ölkəmizin yüksək qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir”

Elman Məmmədov: "Bu hesabatların nəticələri o sahə ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən hazırlanır"

Elşən Musayev: "Ölkədəki islahatlar həqiqətən də müdrik strategiyaya əsaslanır"

Kamilə Əliyeva: "Reytinq siyahısında mövqeyimizin möhkəmlənməsi ölkədə aparılan islahatlarla bağlıdır"

Dünya İqtisadi Forumu yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını təqdim edib. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, hesabatın institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Ölkəmiz əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub. Ölkəmiz dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanın Dünya İqtisadi Forumunun yeni Qlobal Rəqabətlilik Hesabatında öncül yerlərdə qərarlaşmasının səbəblərini şərh edərkən bildirib ki, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək yerlərdə qərar tutmasının və əldə olunan nailiyyətlərin səbəbi Azərbaycanda aparılan sistemli, davamlı, elmə, dərin təhlilə, metodologiyaya, dünya iqtisadiyyatında baş verən proseslərin düzgün qiymətləndirilərək ona operativ reaksiya verilməsinin və doğru strategiyanın tətbiq edilməsinin nəticəsidir. Millət vəkilinin fikrincə, bu, həm də bütövlükdə götürdükdə Prezident İlham Əliyevin ardıcıl, prinsipial və yuxarıda qeyd etdiyim keyfiyyətlərə söykənən sosial-iqtisadi siyasətinin nəticəsidir: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi yol xəritəsi hazırlandı, buna uyğun olaraq ölkənin bütün makroiqtisadi göstəriciləri ilə bağlı təhlillər aparıldı, qanunvericilik bazası möhkəmlədirildi. Qlobal Rəqabətlilik Hesabatındakı göstəricilər Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə daha da inkişaf etdirilməsi strategiyasının bəhrələri, sahibkarlığa dövlət dəstəyinin, eyni zamanda siyasi dəstəyin nəticəsidir". A.Hüseynov Azərbaycanın dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi göstərilməsini isə belə qiymətləndirib: "Prezident İlham Əliyevin bütövlükdə həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bir müddət öncə isə beynəlxalq qiymətləndirmələrə əsasən, Azərbaycan inklüzivliyə görə dünyada inkişaf etmiş ölkələr arasında 3-cü yeri tutub. Azərbaycanın Konstitusiyasına görə də, təsdiq edilən dövlət büdcəsinə əsasən də sosial məsələlərə önəmli yer verilir. Ölkədə vətəndaşların sosial maraqlarının müdafiə olunmasının aparılan siyasətin prioritetlərindən biri olması göz qabağındadır. Bu, həm də onu göstərir ki, Azərbaycanda vətəndaşlarla iqtidar, ölkə rəhbərliyi, prezident arasında çox səmimi münasibət, bir-birinə inam və ehtiram var. Azərbaycan cəmiyyəti bu ruhda formalaşır və inkişaf edir".
Deputat Elman Məmmədov deyib ki, Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizin apardığı çox uğurlu daxili, siyasətin göstəricisidir: "Əgər aparılan siyasət, tutulan yol, proqramlar düzgün olmasa idi təbii ki, ölkəmiz hazırkı iqtisadi inkişafa nail ola bilməzdik".
O bildirib ki, ölkəmizin inkişafının təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra başlayıb: "İnkişafımız ilk öncə dövlətçiliyimizin yaranmasından, boş olan büdcəmizin tədricən inkişaf etdirilib doldurulmasından, daxildən gedən xoşagəlməz proseslərin qarşısının alınmasından başladı. İqtisadiyyatımız bu stabilliyə, sabitliyə söykənərək inkişaf edərək yüksək nəticələr verməyə başladı. Görülən işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində də ölkəmizin son 15 ildə iqtisadi sahədə göstəriciləri bütün beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilir".
E.Məmmədov söyləyib ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında ölkəmizin bir neçə istiqamətdə irəliləməsi ürəkaçan hadisədir: "Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yüksək templə inkişaf edir və bu inkişaf davam edəcək. Azərbaycan regionun çiçəklənən, daxili sabitlik və stabilliyə malik olan, iqtisadi sahədə inkişaf edən, güclü orduya malik olan lider dövlətinə çevrilib. Ancaq cənab Prezident bununla kifayətlənməyərək cari ilin 9 ayının yekunları ilə bağlı keçirilən müşavirədə daha da güclənməyimiz istiqamətində görüləcək işlərlə bağlı tapşırıq verərək bildirdi ki, ölkəmizin daha da güclənməsi qələbəyə, yəni torpaqlarımızın işğaldan azad etməyə, ərazi bütövlüyümüzün təmin olunmasına gətirib çıxaracaq".
Hesabatda ölkəmizin yüksək qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat qeyd edib ki, dünya ölkələri bu cür hesabatlarla hesablaşır: "Bu hesabatların nəticələri o sahə ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən hazırlanır. Belə olan halda, dövlətlər bir-birilərinin nəticələrinə baxaraq, ölkələrlə hansı sahələrdə tərəfdaşlıq etmək haqqında nəticə çıxarırlar. Azərbaycana sərmayə qoyuluşu, əməkdaşlığın, iqtisadi əlaqələrin qurulması, iş birliyinin yaradılması, etibarlı tərəfdaş kimi tanınması ölkəmizin mühüm hesabatlarda yüksək nəticələr əldə etməsinin göstəricisidir. Bu gün ölkəmizin adı Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi səslənir. Bu nəticələr Azərbaycan üçün vacib olmaqla yanaşı, gələcək də daha yaxşı nəticələr əldə etmək üçün imkanlar yaradır".
Millət vəkili Elşən Musayev bildirib ki, Qlobal Rəqabətlilik Hesabatını elə dünən gün ərzində bənd-bənd oxudum və hər zaman olduğu kimi dövlətimlə, Azərbaycanımla yenidən fəxr elədim. Onun sözlərinə görə, mövcud iqtidarın apardığı məqsədyönlü, ağıllı siyasət, Cənab Prezidentin müdrikliyi bizi bu yerlərə gətirib çatdırıb: "Azərbaycan həmin hesabatda demək olar əksər punktlar, məsələn, biznez mühitinin münasibliyi, müsbət ideyaların dəyərləndirilməsi, normativ hüquqi aktların hazırlanması və s indiqatorlar üzrə ön sırada yer alıb. Bu isə o deməkdir ki, ölkəmizin inkişafı, balanslı siyasətin nəticələrindən doğan məntiqli yüksəliş göz qabağındadır, yolumuz düz və ağıllı yoldur. Təsəvvür edin ki, Azərbaycan biznesin dinamikliyi reytinqi üzrə 140 ölkə arasında 31-cidir və dünyanın özündən deyən dövlətləri bu sıralamada bizdən qat-qat geridədir. Təbii, bütün bunlar ölkə başçısının birbaşa rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların nəticəsidir. Əgər Azərbaycan illər bundan öncə az qala bütün planetin dad çəkdiyi iqtisadi krizisdən üzü ağ çıxdısa, siyasi hakimiyyət vətəndaşını ümumbəşəri bəladan qoruya bildisə, həmin krizisi öz insanına hiss elətdimədisə, demək ki, ölkədəki islahatlar həqiqətən də müdrik strategiyaya əsaslanır. Belə olan halda isə Azərbaycan heç şübhəsiz ki, hazırda haqqında danışdığımız hesabatın ən ön sıralarında yer almalı idi və aldı da. Cənab Prezidentin rəhbərliyi ilə biz hələ çox uğurlara, nəticələrə nail olacağıq. Buna hər bir ölkə vətəndaşı əmindir".
Millət vəkili Kamilə Əliyeva vurğulayıb ki, hər hansı bir ölkənin Dünya İqtisadi Forumunun reytinq siyahısında mövqelərini yaxşılaşdırması dünyanın qlobal maliyyə və biznes subyektlərində həmin ölkə iqtisadiyyatına münasibətinin yaranmasına yardımçı olur. Deputat bildirib ki, Azərbaycanın iqtisadiyyatı qlobal rəqabətlilik indeksinə görə ötən illə müqayisədə yüksək göstəricilərlə təqdim olunması aparılan siyasətin düzgün və əsaslı olduğunu göstərir: "Azərbaycanın qeyd olunan reytinq siyahısında bu il də öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa bağlıdır. Açıqlanan hesabat bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatı onun qlobal rəqabətliliyini müəyyən edən 12 əsas göstəricinin 11-də irəliləyiş əldə edib. Biznes mühitinin yaxşılaşması, iqtisadi imkanların genişlənməsi və digər müsbət göstəricilər Azərbaycanın gələcəkdə daha böyük sosial-iqtisadi uğurlara imza atacağından xəbər verir".