Azad sahibkarlığın inkişafına dəstək xarakterli islahatlar İqtisadiyyat

Azad sahibkarlığın inkişafına dəstək xarakterli islahatlar

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada başlıca məqsəd biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır.
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində konkret iqtisadi islahatlar aparmaq üçün mühüm qərarlar qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya, onun Katibliyi, habelə müxtəlif sahələr üzrə işçi qruplar yaradılmışdır. Həmin Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkədə sahibkarlığın davamlı inkişafına şərait yaradacaq. Beləliklə, Azərbaycanda sahibkarlığın davamlı inkişafı məqsədilə hüquqi tənzimləmə, qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə biznes mühitinin yaxşılaşdırılması əsas hədəflərdən biridir.

Azərbaycan Dünya Bankının “Doing Business 2019” hesabatında

2017-2018-ci illlərdə dərin iqtisadi islahatlar və sabitləşmə ili olmuş, ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikada biznes mühitinin əlverişliyinin artırılması istiqamətində kompleks tədbirlər davam etdirilmiş, sahibkarlığın inkişafı istiqamətində səylər gücləndirilmiş, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda sahibkarlığın tərəqqisi istiqamətində kompleks tədbirlər görülmüşdür. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi sahibkarlığın inkişafını stimullaşdırır, Dünya Bankının “Doing Business” kimi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeləri bir qədər də yüksəlir. İslahatların davamlı olması növbəti illərdə də həmin reytinqlərin daha da yaxşılaşacağını proqnozlaşdırmağa zəmin yaradır.
Dünya Bankının 31 oktyabr 2018-ci ildə açıqladığı “Doing Business 2019” hesabatına əsasən Azərbaycan həmin hesabatda 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib, “Doing Business 2018”də ölkəmiz 57-ci yerdə idi. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir. Belə ki, Qazaxstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci yerdədir. Hətta əvvəlki illə müqayisədə Qazaxıstan 8, Rusiya 4, Belarus 1, Qırğızıstan 7, Ukrayna 5, Özbəkistan 2, Tacikistan isə 3 pillə geriləyib. Qonşu Gürcüstan reytinqdə 6-cı yerdədir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin yaxşılaşmasına imkan verib. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmiz 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılmış islahatlar

2017-2018-ci illərdə “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edən - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması - islahat istiqamətləri üzrə ciddi iqtisadi islahatlar aparılıb. Nəticədə Azərbaycan “Müəssisələrin qeydiyyatı” üzrə “Doing Business 2019”da 9-cu yeri tutub. Əgər əvvəl 3 gün ərzində müəssisə açmaq mümkün idisə, artıq İnternet vasitəsilə elektron müraciət yolu 20 dəqiqə ərzində müəssisəni qeydiyyatdan keçirmək olar. Bu yenilik nəticəsində ölkəmizin bu ilin payızında açıqlanacaq “Doing Business 2020” hesabatında birinci yerə yüksələcəyi gözlənilir.
“Əmlakın qeydiyyatı” indikatoru üzrə ölkəmiz “Doing Business 2019”da 17-ci yerdədir. Bu sahədə aparılmış islahatlar: daşınmaz əmlakın dövlət qeydiyyatı cəmi 1 prosedurla 4 gün ərzində həyata keçirilir; Notariusun vəzifə borcuna əsasən əmlakın dövlət qeydiyyatı üçün bütün lazımi proseslər notarius vasitəsi ilə həyata keçirilir; “Elektron Hökumət Portalı”ndan əldə oluna biləcək “Elektron Çıxarış” kağız çıxarışla eyni qüvvədədir; daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması, plan ölçülərin verilməsi üzrə tam elektron sistem yaradılmışdır. Daşınmaz əmlakın qeydiyyatı, kadastr xidməti ilə bağlı problemlər üzrə müraciət və müvafiq olaraq onların həlli üçün xüsusi və müstəqil mexanizmlər fəaliyyət göstərir.
Azərbaycanın “Doing Business-2018”də indikatorlar üzrə ən pis mövqeyi 190 ölkə arasında 161-ci yerdə olmaqla “Tikintilərə icazələrin alınması” sahəsində idi. Bunu nəzərə alan hökumət bu sahədə ciddi islahatlar aparıb və “Doing Business-2019”da 61-ci yerə yüksəlib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilib. Nəticədə hesabatın “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Azərbaycanın mövqeyini yaxşılaşdırılması üçün tikinti obyektinin inşasına və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə 1 sorğu vasitəsilə “ASAN xidmət” mərkəzlərində əldə olunur.
Ölkəmizdə elektrik təchizatı şəbəkələrinə qoşulma indikatoru üzrə də ciddi islahatlar aparılıb. Dünyada 102-ci yerdə olduğumuz vaxt bu sahədə mövqeyin xeyli yaxşılaşdırılmasına ehtiyac vardı. Bu sahədə həyata keçirilmiş yeniliklərə əsasən, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsilə maksimum 24 gün müddətində verilir. Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu sahədə daha bir yenilik edilərək vahid pəncərə sistemi üzrə prosedurlar 7-dən 3-ə azaldılıb. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük, əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidir. Beləliklə də elektrik enerjisinə qoşulma prosesi asanlaşdırılmış və qoşulma xərcləri azaldılmışdır. Habelə “Elektron Xəritə” vasitəsi ilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan müəyyən olunur.
Bir sözlə, Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitini tənzimləyən iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlıq fəaliyyəti inkişaf edir və ÜDM-də, iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi artır. Dövlət müxtəlif vasitələrlə özəl sektorun inkişafını təşviq edir. Bu məqsədlə qanunvericilik bazası daim təkmilləşdirilir, müxtəlif proqramlar qəbul edilib və s. Bunların nəticəsidir ki, ölkədə, xüsusən də qeyri-neft sektorunda özəl sektorun inkişafı meyilləri müşahidə olunur. Belə ki, 2000-2017-ci illərdə ÜDM-də özəl sektorun payı sənayedə 48,4%-dən 87,9%-ə, tikintidə 63,5%-dən 84,6%-ə, kənd təsərrüfatında 99%-dən 99,9%-ə, ticarət və xidmət sahələrində 98,3%-dən 99,7%-ə, nəqliyyatda 62,6%-dən 82,4%-ə, rabitədə 57,8%-dən 81,2%-ə, sosial və digər xidmətlər sahəsində isə 31,8%-dən 56,1%-ə yüksəlmişdir.

Mahir Həmzəoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur