10-dan çox işçini müqaviləsiz işlədən sahibkar həbs oluna bilər İqtisadiyyat

10-dan çox işçini müqaviləsiz işlədən sahibkar həbs oluna bilər

Əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsi qanunvericiliyin pozulması kimi qəbul ediləcək

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə, sahibkarlara müraciət edib. Hazirlik müraciətdə işəgötürənləri əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməyə çağırır. Hazirlik bildirir ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifəsidir.
Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Dəyişikliklərə əsasən təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sistemində daxil edilməsi istisna edilən əmək müqavilələri Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"na əsasən müəyyən edilir.
Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar" təsdiq edilib. Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd olduğundan yuxarıda qeyd edilən qaydaların tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Nazirlik əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini "Elektron hökumət" portalında ( www.e-gov.az ) yerləşdirərək 2014-cü il 1 iyul tarixdən istifadəyə verib. Elektron informasiya sistemi ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az ) yerləşdirilmişdir.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə "xeyli" sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur.
Eyni zamanda Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Göstərilənləri nəzərə alaraq nazirlik bildirir ki, ilk növbədə Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində edilən müvafiq dəyişikliklərin tələbləri ilə sahibkarlara qoyulan öhdəliklərin icrası tələb olunur. Bununla bağlı onlara əməli köməklik göstərilməsi məqsədi ilə region üzrə Dövlət Əmək Müfəttişliklərində yardımçı masaları və işçi qrupları yaradılıb. Bundan əlavə Əmək və Əhahlinin Sosial Müdafiəsi Nazirliyin "142 Çağrı mərkəzi" əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirib.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür. Bununla da əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır.
Bu sahədə aparılan islahatların əmək bazarına dövlət nəzarətinin səmərəli və çevik formada təşkilinə xidmət etdiyini bildirən nazir Səlim Müslümov əsas məqsədin işçilərin əmək hüquqlarının təminatına nəzarət imkanlarının artırılması, qeyri-leqal əməyin qarşısının alınması olduğunu bildirib: "Bağlanmış bütün əmək müqavilələri barədə məlumatlar artıq ƏƏSMN-nin elektron informasiya sistemində yerləşəcək və həm işəgötürənin, həm də işçinin bu müqavilələrdə müəyyən olunmuş öhdəliklərdən yayınmaları mümkün olmayacaq. Eyni zamanda, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacaq".