İşğaldan azad edilən ərazilərin bərpasına vəsait ayrılıb İqtisadiyyat

İşğaldan azad edilən ərazilərin bərpasına vəsait ayrılıb

İşğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi qarşıya vacib vəzifə kimi qoyulub. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, bu il Azərbaycanın tarixində Qələbə ili kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qələbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu: “Yola saldığımız il ağır olsa da, düşünülmüş siyasət nəticəsində stabillik qorunub saxlanılıb. Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”.
“Qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib. Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsidir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb”, - deyə o bildirib.
2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, işğaldan azad edilmiş torpaqların bərpa olunması və həmin yerlərə insanların qayıtması mühüm vəzifə kimi qarşıda durur. 2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri cari ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır. Bunun həyata keçirilməsi üçün məqsədli vəsaitlər nəzərdə tutulub, xüsusi təyinatlı investisiyalar planlaşdırılır. Müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsindən 4,6 milyard manat nəzərdə tutulur.
S.Şərofov deyib ki, 2020-cil iqtisadi cəhətdən digər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ağır il olub. Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində bunun müəyyən mənada qarşısı alınıb. COVID-19-un yaratdığı fəsadlar və bunun üçün çəkilən xərclər istər-istəməz öz mənfi təsirini göstərib. Nazir vurğulayıb ki, xalqın rifahının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, müdafiə sahəsi və sərhəd xidmətinin gücləndirilməsi, ordumuzun qüvvətləndirilməsi çox mühümdür.