Zaqatalada 2 yaşlı uşaq çayda boğulub Hadisə

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndinin inzibati ərazisinin Meşleş adlanan hissəsindən axan hissəsində baş verib. Rayonun Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarında oturublar. İstirahət zamanı valideynlərinin gözündən yayınan azyaşlı qızı 2023-cü il təvəllüdlü Səfiyyə Əfəndi qızı İsmayılova çaya düşüb və azyaşlını su aparıb. Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz şöbəsinə aparılıb. Müayinə zamanı 2 yaşlı qızda heç bir həyat əlaməti olmadığı müəyyən olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 17:05 radələrində 2023-cü il təvəllüdlü azyaşlı ( qadın cinsi ) suda boğulma səbəbilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

"Şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Ailə üzvlərinin təkidi ilə azyaşlıya reanimasiya tədbirləri icra edilsə də, ölüm faktı təsdiqlənib", - qeyd edilib.