Bayram ərəfəsində yarmarka keçiriləcək İqtisadiyyat

Bayram ərəfəsində yarmarka keçiriləcək

Qiymət artımına təsir edən amillər isə aradan qalxmayıb

Tərlan

Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi martın 15-19-da Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılıb.
Hazirlik rəsmən bəyan edir ki, Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Həmçinin, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək. Amma şübhəsiz ki, nazirliyin bu vədləri quru sözlərdən ibarətdir. Çünki hər dəfə yarmarkalarda səliqəsizlik, şəraitsizlik, antisanitariya şəraiti göz önündə olur.
Doğrudur, Azərbaycanda ərzaq problemi olmasa da qiymətlərin bahalığı narahatlıq doğurur. Hökumətin hətta Bakıda hər həftə kənd təsərrüfatı məhsullarının satış-yarmarkasını təşkil etməsi də qiymətlərin ucuzlaşmasına ciddi təsir etmir. Çünki Kənd Təsərrüfatı Hazirliyinin işçiləri yarmarkaları öz bazarlarına çeviriblər. Bura rayonlardan satmağa məhsul gətirən kəndlilərdən yarmarkaya maşınla girmək üçün pul alırlar. Bu işə yarmarkaya nəzarət üçün nazirliyin işçilərinin müəyyən etdiyi adamlar baxır. Kəndli də məcburdur ki, malın qiymətini hesablayarkən yol xərcini, Bakıda bir neçə gün qalmaq xərclərini, yarmarkaya giriş üçün verdiyi pulu, yol xərclərini və s. nəzərə alsın. Həticədə qiymətlər yüksəlir.
Azərbaycan aqrar ölkəsi sayıldığı və özünün əksər növ kənd təsəsrrüfatı məhsulları istehsal etmək imkanları olduğu halda hələ də xaricdən ərzaq məhsulları idxal edir. Hətta xaricdən ət, yağ, buğda, un və s. gətirilir. Göründüyü kimi, bu məhsulları öz tələbatına uyğun həcmdə Azərbaycan özü həm istehsal, həm də ixrac da edə bilər. Məhz indiki şəraitdə kənd təsərrüfatının dirçəldilməsi, qeyri-neft sektorunda istehsal sahibkarlığının inkişafının stimullaşdırılması ölkə üçün strateji əhəmiyyətə malikdir. Əslində iqtisadiyyatın tam liberallaşdırılmasına, dövlətin bu sahəyə müdaxiləsinin minimuma endirilməsinə, fermerə əlverişli və uzunmüddətli kreditlərin verilməsinə, suvarma probleminin həllinə, azad rəqabətin təşkilinə və kəndlinin öz məhsulunu sata bilməsinə şərait yaradılmasına da ehtiyac var. Bunun üçün fermerlərin əlverişli şərtlərlə kredit almasına, ucuz yanacaq əldə etməsinə və öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Bütün bunların əvəzinə isə hökumət süni yollarla qiymət artımının, inflyasiynın qarşısını almağa çalışdı ki, bu da təbii olaraq nəticə vermədi. Hələ də sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanlarından geniş istifadə olunmur. Qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında yerli istehsalı inkişaf etdirmədən ölkədə iqtisadi artıma nail olmaq və ixracın strukturunu başqa məhsullarla da zənginləşdirmək mümkün deyil.
Ərzağın və kənd təsərrüfatı məhsullarının baha olmasının nəticəsidir ki, əhalinin gəlirləri rəsmən artsa da, qazancın əsas hissəsi daha çox ərzaq mallarının alınmasına yönəldilir. Əhali öz gəlirinin üçdə ikisini son istehlak xərclərinə, 8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edir, 24-i isə yığıma yönəldir. Yəni, ölkəmizdə yaşayış xərcləri üstünlük təşkil edir. Makroiqtisadi təhlilin dünya praktikasında qəbul edilmiş normalarına əsasən demək olar ki, Azərbaycanda ərzaq mallarının alınmasına çəkilən xərclərin xüsusi çəkisi - 66 faiz həddən artıq yüksək rəqəmdir. Məsələn, Rusiyada bu göstərici 45% təşkil edir ki, bu da iqtisadçıları, hökuməti və analitiklərini çox narahat edir. Azərbaycanda isə bu rəqəm hətta bundan 1,6 dəfə yüksəkdir. Əhalinin xərcləri strukturunda qidalanmaya bu qədər çox vəsait sərf edilməsi bir neçə amili üzə çıxarır. İlk növbədə qidalanmaya sərf edilən xərclərin iri olması ölkədə ərzaq məhsullarının qiymətlərinin digər mallarla müqayisədə yüksək olduğunu sübut edir. Ümumilikdə, əhalinin xərclərində 70%-lik payın qidalanmaya, yəni gündəlik fizioloji ehtiyacların ödənilməsinə yönəldilməsi makroiqtisadi və sosial baxımdan mənfi göstərici kimi qiymətləndirilir.