“Beynəlxalq ictimaiyyətin bir qisminin mövqeyi təəccüb doğurur” Müsahibə

“Beynəlxalq ictimaiyyətin bir qisminin mövqeyi təəccüb doğurur”

Rövşən Rzayev: "Belə bir fikir formalaşır ki, sanki aqressiya qurbanı Azərbaycan yox, Dağlıq Qarabağın erməni əhalisidir"

Bu ilin iyul ayında Dağlıq Qarabağın erməni icmasının başçısı Bako Saakyan Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu – Chatham House-da çıxış edib.
Bu çıxışa Azərbaycan hökumətinin reaksiyası da gecikmədi. Rəsmi Bakı özünün kəskin etirazını bəyan etdi. Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddinq Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olundu. Bir müddət sonra səfirlik açıqlama verərək separatçı rejim rəhbərlərinin Londona səfərini "şəxsi səfər" kimi qələmə verdi.
Chatham House da Azərbaycanın etirazına cavab olaraq "DQR"-i tanımadıqlarını, bu tədbirin isə akademik xarakter daşıdığını bəyan etdi.
Bako Saakyanın London səfəri Böyük Britaniyanın siyasi dairələrində də birmənalı qarşılanmadı. "Saakyanın Chatham House-a dəvət olunması və ona çıxış üçün imkan verilməsi məntiqə ziddir. Bura azərbaycanlı məcburi köçkünlər dəvət olunmalıydı, onları öz doğma yurdundan qovanlar yox. Beynəlxalq ictimaiyyət də "DQR" rejiminin başçısını tanımır", - Lordlar Palatasının üzvü, lord Kilkluni Avropa-Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bunu bildirmişdi.
Nümayəndələr Palatasının üzvü Stefen Hepbern də onun mövqeyini dəstəkləyərək bəyan etmişdi ki, "öz-özünü elan edən bu rejim dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb".
Azərbaycan tərəfinin fəaliyyəti nəticəsində Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri də Chatham House-a dəvət aldılar. İcmanın idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev və ADA universitetinin elmi işçisi Kavuş Abışov Londona səfər etdilər. Azərbaycan nümayəndə heyətinin üzvləri nəinki Chatham House-da çıxış etdilər, onlar həm Böyük Britaniyanın Xarici İşlər Nazirliyində, həm də Lordlar Palatasında görüşlər keçirdilər.
Dağlıq Qarabağın Azərbaycan icmasının idarə heyətinin üzvü, deputat Rövşən Rzayev bu səfərlə bağlı suallarımızı cavablandırır.
- Rövşən müəllim, Chatham House-a getmək niyə belə vacib idi?
- Bildiyiniz kimi, Ermənistan hələ SSRİ-nin mövcudluğu dövründən Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edirdi. Bu da sonradan ölkəmizə qarşı hərbi aqressiyaya çevrildi ki, bu proses 30 ilə yaxındır davam edir. Erməni aqressiyası nəticəsində Azərbaycanın Dağlıq Qarabağ zonası və ətraf 7 rayon işğal olunub. 1 milyondan artıq azərbaycanlı etnik təmizlənməyə məruz qalıb, onların əmlakı talan edilib, evləri yandırılıb, mənəvi, mədəni abidələrimizə ciddi ziyan vurulub.
Özlərinin işğalçı siyasətini, barbar davranışlarını və azərbaycanlı əhaliyə qarşı soyqırımı ört-basdır etmək üçün ermənilər diqqəti aqressiya faktından yayındırmaq, məsələni daxili münaqişə - Azərbaycan və Qarabağdakı ermənilər arasındakı məsələ kimi qələmə vermək üçün təbliğat aparırlar. Bununla da, Ermənistan münaqişə tərəfi kimi Qarabağ icmasını da danışıqlar prosesinə qatmaq istəyir. Məhz bu məqsədlə Ermənistan separatçıların dünyanın aparıcı sityasi mərkəzlərinə səfərlərini təşkil edir, bu zaman onlar dövlətin ərazi bütövlüyü kimi təməl prinsipləri qırağa qoyaraq, millətlərin özünütanıtması kimi tezislə spekulyasiya edirlər. Chatham House-dakı görüş də bu təxribat zəncirinin növbəti bəndi idi.
Bu problem ətrafında ermənilərin yaratdığı mifi dağıtmaq üçün dünyanın aparıcı analitik mərkəzlərindən sayılan Chatham House-da çıxış etmək önəmli idi. Qeyd edim ki, "Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın baxışı" adanan tədbirdə Londanda akkreditə olunan diplomatik korpus (Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan) nümayəndələri, Böyük Britaniya XİN təmsilçisi, Denis Sammut, Ceyms Niksi, Tomas de Vaal və onlar kimi bir çox digər tanınmış ekspertlər iştirak edirdilər.
Xüsusilə bildirmək istəyirəm ki, bizim çıxışlarımız çox böyük maraq, diqqət və anlayışla qarşılandı.
- Sizi həm də Lordlar Palatasında qəbul ediblər...
- Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, separatçıların başçısını Londonda fərdi şəxs kimi qəbul ediblər. Chatham House-dakı çıxışından savayı, Böyük Britaniyanın heç bir rəsmi qurumu onu ciddiyə almayıb. Lakin "DQR" başçısının fərdi səfərindən fərqli olaraq, DQ Azərbaycan icmasının nümayəndələri rəsmi şəkildə Londona dəvət olunmuşdular. Mən fürsətdən istifadə edərək, Milli Məclis, Azərbaycan XİN, Böyük Britaniyadakı səfirliyimiz və həmin ölkənin Azərbaycandakı səfirliyinə bu səfərin təşkili və hərtərəfli yardıma görə təşəkkür etmək istəyirəm.
Chatham House-dakı çıxışdan sonra biz XİN və Lordlar Palatasında bir sıra görüşlər keçirdik. Biz XİN-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə idarəsinin direktoru Maykl Tetxem, Cənubi Qafqaz üzrə şöbənin müdiri Emma Bens, həmçinin lord Addinqtonla görüşdük. Görüş zamanı biz hər tərəf üçün önəm kəsb edən qarşılıqlı münasibətlər, regionda təhlükəsizlik məsələləri, DQ münaqişəsinin nizamlanmasının əhəmiyyətli aspektləri haqqında danışdıq.
O cümlədən, münaqişənin danışıqlar masası arxasında həllinin alternativsiz olması da vurğulandı.
Xatırladım ki, ümummilli lider Heydər Əliyev 1994-cü ildə atəşkəs əldə olunmasına nail olmaqla münaqişəni sülh yolu ilə həll müstəvisinə gətirmişdi. Bununla da, bütün dünyaya problemin dinc yolla həllinin tərəfdarı olduğunu nümayiş etdirmişdi. Görüş iştirakçıları çox böyük maraqla Dağlıq Qqarabağda iki icmanın gələcəkdə birgə yaşayışı, həmçinin bizim ATƏT-in Minsk qrupu çərçivəsində məsələnin sülh yollu ilə həlli ilə bağlı baxışlarımızla tanış oldular. Biz bir daha vurğuladıq ki, münaqişənin sülh yolu ilə həllinin əsas şərti – işğal olunmuş ərazilərin qaytarılması, məcburi köçkünlərin hamısının öz yurdlarına qayıtmasıdır.
Lordlar Palatasındakı görüş zamanı həmçinin Azərbaycanın siyasi həyatında önəmli məsələ - parlamentə seçkilər haqqında da söz açıldı. Mən hiss etdim ki, onlar ölkəmizdəki siyasi prosesləri diqqətlə izləyirlər. Məmnunluqla qeyd olundu ki, Azərbaycanda əhalinin öz fikrini sərbəst ifadə edə bilməzi üçün müvafiq qanunverici baza yaradılıb.
- İki xalqın barışması üçün səylər göstərildiyi bir halda, Ermənistanın prezidenti hərbi çağırışlarla çıxış edir. Necə düşünürsünüz, Serj Sarqsyan hansı məqsədlə Dağlıq Qarabağın "Ermənistyanın ayrılmaz parçası" olduğunu bəyan edib?
- İlk növbədə, Ermənistan prezidenti bu bəyanatı ilə bir daha öz ölkəsinin işğalçı mahiyyətini ortaya qoymuş oldu. Məlum oldu ki, bu müharibə alovunu kim və hansı məqsədlə yandırıb. Hamı çox yaxşı bilir ki, Sarkisyanın apardığı siyasət nəticəsində ermənilər hansı haldadır. Yada salaq ki, son dövrdə nə qədər erməni ailəsi həmin rejimin əlindən qaçaraq Azərbaycana keçib? Halbuki, onların digər ölkələrə də getmək imkanları var. Bəs, niyə məhz Azərbaycan? Bizim ölkəmizdə hökm sürən sabitlik, əhalinin rifah halının yüksəlməsi, çiçəklənən paytaxtımız və regionlarımız – bütün bunlar Azərbaycan perzidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqamlarıdır. Bu gün artıq bütün dünya Azərbaycanda baş verən köklü pozitiv dəyişikliklərdən bəhs edir.
Bəs Ermənistanda Qarabaq müharibəsi, axıdılan qan və iki xalqın məşəqqəti nəticəsində hakimiyyətə gələn şəxslər öz insanlarına nə verib? Yoxsulluq, işsizlik və dağıntılar. Nə baş verib? Azərbaycan ərazilərini işğal edən Köçəryan, Sarqsyan və onların ətrafı faktiki olaraq Ermənistanın özündə də siyasi hakimiyyəti zəbt ediblər və öz məkrli maraqlarını ermənilərin maraqlarından yüksək tutublar. İnsanlar bizim ölkələrimiz arasında fərqi çox yaxşı görürlər. Onlar özlərinin səriştəsiz idarəetməsinin nəticələrini gizlətmək üçüb münaqişənin mümkün qədər çox uzanmasına çalışırlar. Axı onlar ancaq məhv etmək, dağıtmaq və öldürməkdən başqa heç nə bilmirlər. Bu cür absurd bəyanatların kökü buradan gəlir.
Azərbaycan Qarabağ probleminin daima sülh yollu ilə həllinə tərəfdar olub. Bu məsələdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə böyük önəm verilib.
1992-ci ildən indiyə kimi Minsk qrupu tərəfindən konfliktin nizamlanması naminə bir necə təkflilər paketi hazırlanıb. Lakin erməni tərəfinin qeyri-konstuktiv mövqeyinə görə vasitəçilərin təklifləri inkişaf etdirilməyib, danışıqlar dalana dirənib. Hər dəfə erməni tərəfi müzakirə edilən məqamların yalnız cüzi hissəsi ilə razılaşıb, bununla da danışıqlar prosesinə müsbət dəyişikliklər edilməsinə qarşı çıxıb. Danışıqları uzatmaqla erməni tərəfi mövcud status-kvo durumunu saxlamağa, konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq ictimaiyyət tərəfindən qəbuluna mane olmağa, bu ərazinin müstəqil dövlət kimi status alıb sonradan Ermənistana birləşdirilməsinə nail olmağa çalışır.
Məhz bu məqsədlə rəsmi Yerevan işğal edilmiş ərazilərdə qalmaqda davam edir, bura digər ölkələrdən gələn köçkünləri yerləşdirir.
Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə Qarabağda qanunsuz silahlı birləşmələri özlərinin hərbi potensialını xeyli artırıblar. Daha böyük radius və hədəfə mailk hərbi texnika müşahidə olunur. Orada separatçılarında müdafiə xarakterli silahlarla yanaşı, həm də hücum etmək üçün sursatlar var ki, bu da qanunsuz rejimin ekspansionist mövqeyindən xəbər verir. Azərbaycanın strateji obyektləri, enerji və nəqliyyat kommunikasiyalarına hücum ediləcəyi ilə bağlı hədələr də bundan qaynaqlanır.
Eyni zamanda, mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının da işğalına dair hədələr səsləndirilir.
Rəsmi Yerevanın siyasəti Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinin danılması istiqamətində qurulub. Bu məqsədlə konfliktin əsl səbəbləri təhrif olunur, beynəlxalq hüquq anlayışlarının fərqli yozumu cəhdləri olur. Onlar işğal olunmuş ərazilərdə müxtəlif tədbirlər, festivallar, idman yarışları, turizmin inkişafına yönələn tədbirlər, seçki kampaniyaları keçirməklə özlərinin qanunazidd fəaliyyətinə beynəlxalq ictimaiyyəti də cəlb etmək üçün məqsədyönlü addımlar atırlar. Beynəlxalq demokratik ictimaiyyəti öz tərəflərinə çəkmək üçün guya hüquqi cəmiyyət haqqında fikir formalaşdırmağa cəhd göstərirlər.
Belə bir fikir formalaşır ki, sanki aqressiya qurbanı Azərbaycan yox, Dağlıq Qarabağın erməni əhalisidir. Bununla əlaqədar, erməni təbliğatının əlində vasitəyə çevrilən və separatçı rejimin leqallaşmasına kömək edən beynəlxalq ictimaiyyətin bir qisminin mövqeyi təəccüb doğurur.