“Analoq yayımın dayandırılması məsələsində tələsməyəcəyik” Müsahibə

“Analoq yayımın dayandırılması məsələsində tələsməyəcəyik”

Nuşirəvan Məhərrəmli: "Cəmiyyət özü görür ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri hansı dərəcədədir"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi

- Azərbaycanda rəqəmsal televiziya yayımı başlayıb. MTRŞ-nin rəqəmsal yayımla bağlı əhalinin imkansız təbəqəsinin dekoderlərlə pulsuz təmin edilməsi ilə bağlı səyinin nəticəsi nə oldu?
- Rəqəmsal yayıma tam keçidlə bağlı qərarda bunun üçün son müddət bu ilin sonu nəzərdə tutulub. MTRŞ əhalinin sosial cəhətdən zəif olan təbəqəsinin tunerlə təmin edilməsi üçün Azərbaycan prezidentinə müraciət etmişdi, bu müraciətə də Nazirlər Kabinetində baxılır. Biz o vaxt da demişdik ki, bu müraciətə nə qədər tez cavab verilsə, yəni məsələ müsbət həll olunsa, biz analoq yayımı dayandıra bilərik. Amma bu müraciətə hələ müsbət cavab verilməyib. Biz analoq yayımın dayandırılması məsələsində tələsməyəcəyik. Hazırda ölkəmizin ərazisinin 90 faizindən çoxunda rəqəmsal yayımla əhatə olunub, ölkədə rəqəmsal yayımın təşkili demək olar ki, başa çatıb, bununla bağlı problem yoxdur. Sadəcə, biz rəqəmsal yayımla bərabər analoq yayımı da davam etdiririk. Bu zaman daha çox əhalinin sosial cəhətdən zəif olan təbəqəsini nəzərə alırıq. Amma hesab edirəm ki, ildən ilə bu problem öz özünə aradan qalxacaq.
- Müraciətinizə müsbət cavab verilsə, hansı sayda insan pulsuz dekoderlə təmin edilə bilər?
- Sosial cəhətdən zəif insanlar var və onların da siyahısı Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən tutulur. Nazirliyin bizə verdiyi məlumata görə, belə insanların sayı 130 min nəfərə yaxındır. Biz istəyirik ki, dövlət bu 130 min insana dekoderi öz hesabına versin. Hətta təklif etmişdik ki, o dekoderlərin hazırlanması Azərbaycanda həyata keçirilsin. Çünki bu dekoderlərin Azərbaycanda hazırlanması həyata keçirilərsə, onun dəyəri də aşağı düşəcək. Sonra da Azərbaycanda dekoderlərin istehsalı davam edə bilər. Çünki Azərbaycanda xeyli kabel şəbəkəsi var ki, onlar da bu dekoderlərdən istifadə edirlər.
- Belə başa düşmək olar ki, MTRŞ-in müraciətinə müsbət cavab verilməsə, gələn il də analoq yayım davam edə bilər?
- Əsas məsələ odur ki, ölkə rəqəmsal televiziya yayımı ilə əhatə olunsun. Bu iş demək olar ki, başa çatdırılıb, ona görə də hər hansı problem yoxdur.
- Azərbaycanda rəqəmsal radio yayımı sahəsində hansı işlər görülüb, hazırda vəziyyət necədir?
- Hələ Avropa ölkələrində də bu məsələ öyrənilir. Rəqəmsal radio yayımı diqqətimizdədir, amma biz bu məsələdə tələsmirik. Çünki rəqəmsal radio yayımı ilə bağlı bəzi problemlər ortaya çıxıb. Azərbaycanda radio yayımını daha çox avtomobillərdəki radiolar vasitəsi ilə dinləyirlər. İnsanlar radionu daha çox avtomobillərdə dinləyirlər. Təsadüfi hallarda evlərdə radiola rola bilər. Ona görə də rəqəmsal radio yayımı texniki cəhətdən öyrənilməli, Avropa ölkələrindəki təcrübə həyata keçirilməlidir. Rəqəmsal televiziya yayımını başa çatdıraq, anoloq yayımı dayandıraq, sonra rəqəmsal radio yayımına keçərik. Rəqəmsal radio yayımını öyrənirik.
- Ümumiyyətlə, telekanallarda "Adam içində" tipli verilişlərin bağlanması məsələsi nə yerdədir?
- MTRŞ fəaliyyətini ona verilmiş səlahiyyətlər, müvafiq Əsasnamə çərçivəsində qurub. Şura telekanalların yaradıcılıq işlərinə, proqram siyasətinə qətiyyən qarışmır. Telekanallarda hansı verilişlərin verilib-verilməməsinə müdaxilə etmirik. Sadəcə, "Televiziya və radio yayımı haqqında" qanunda televiziya proqramlarına verilən bəzi tələblərlə bağlı məsələləri qaldırırıq. Sizin dediyiniz verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ önə çəkilirsə, bu, qanundan irəli gələn məsələdir.
- Türkiyədə bu sahədə fəaliyyət göstərən qurumun çox geniş səlahiyyətləri var, müəyyən hallarda verilişlərin, telekanalın yayımını belə dayandırmaq barədə qərar verir. MTRŞ-nin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac görürsünüzmü?
- Cəmiyyət özü görür ki, MTRŞ-nin səlahiyyətləri hansı dərəcədədir. Xarici ölkələrdə, elə Türkiyənin özündə hər hansı veriliş milli-mənəvi dəyərlərə uyğun olmursa, o verilişi müəyyən müddətə, 10 günə, 1 aya qədər dayandıra bilirlər. Hətta telekanalın lisenziyasını geri ala bilirlər. Cərimələr belə fantastik dərəcədədir, 1 milyon, 2 milyon cərimələr olur. Çox təəssüf ki, Azərbaycanda bunlar yoxdur. Şura 4-5 il əvvəl bununla bağlı müvafiq qurumlara müraciət etdi. Təəssüf ki, o vaxt müraciətimiz cavabsız qaldı.
- Telekanallarda ədəbi dillə bağlı məsələ nə dərəcədə diqqət mərkəzindədir?
- Bu məsələ diqqət mərkəzindədir. Amma telekanallarda Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar varsa, öncə mütəxəssislər, xüsusən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu bununla bağlı fikirlərini Milli Televiziya və Radio Şurasına çatdırarsa, Şura bununla bağlı tədbir görə bilər. Monitorinqlərin keçirilməsinə gəlincə, biz bu sahədə monitorinqlərin keçirilməsinə tərəfdarıq. Özümüz də imkanlarımız çərçivəsində bu monitorinqləri həyata keçiririk.