Dağlıq Qarabağ problemi həll olunur? Müsahibə

Dağlıq Qarabağ problemi həll olunur?

Teyyub Qənioğlu: "Kırım hadisələri kontekstində Qərbin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyi illuziyadan başqa bir şey deyil"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

-Teyyub bəy, Krım hadisələrindən sonra istər Qərb, istərsə də yerli analitiklərin Dağlıq Qarabağ probleminə diqqətinin artdığı hiss olunur. Bəzi analitiklər bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində beynəlxaq güclərin maraqlı olduğu fikrindədirlər. ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin Azərbaycana səfərini bu fikirləri təsdiqləyən amil kimi qəbul etmək olarmı?
-Dağlıq Qarabağ probleminin sülh danışıqları yoluyla həll edilməsi ilə ATƏT-in Minsk qrupu, onun həmsədrləri olan ABŞ, Fransa və Rusiya məşğul olur. Bu nöqteyi-nəzərdən ATƏT Parlament Assambleyasının prezidentinin ölkəmizə səfəri maraq doğurmaya bilməz. Bilirsiniz ki, ötən illər ərzində Dağlıq Qarabağ probleminin həll edilməsilə bağlı Minsk qrupunun həmsədrləri çoxsaylı təkliflər irəli sürsələr də, bu təkliflərin əsasında dövlətlərin ərazi bütövlüyü prinsipi ilə, xalqların öz müqəddəratını təyin etmə prinsiplərinin uzlaşdırılması durur. Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək statusun verilməsinə razıdır. Xarici işlər naziri Elmar Məmmədyarov Ranko Krivokapiçlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bunu bir daha təsdiqləyib. Ancaq sülh danışıqlarının aparıldığı bütün müddət ərzində həmsədrlərin Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı olmadığı, Ermənistanın təcavüzkar hərəkətini dəstəklədikləri qənaəti yaranıb. Qeyd edilən prinsiplərin uzlaşdırılmasını təklif edən həmsədrlər bunun reallıqda həyata keçirilməsinin mümkün olmadığını da bilməmiş deyillər. Ancaq ikili standartlar mövqeyindən çıxış edən, təcavüzkarı öz adı ilə adlandırmayan, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayan həmsədrlər, bütövlükdə Qərb dövlətləri, probelemin həlli üçün Ermənistana deyil, Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Hətta Azərbaycanı hədələməkdən də çəkinmirlər və problemin hərb yolu ilə həllinin mümkün olmadığını bəyan edirlər.
Rusiya Federasiyasının beynəlxalq hüquqa, ATƏT-in prinsiplərinə, Ukraynanın qanunvericiliyinə zidd olaraq Krımı işğal etməsindən, onu qeyri-qanuni olaraq özünə birləşdirməsindən sonra belə fikir formalaşmağa başlayıb ki, münaqişələrin həllində dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Məhz buna görə analitiklər o qənaətə gəliblər ki, beynəlxaq güclər Dağlıq Qarabağ probleminin həllində də dövlətlərin ərazi bütövlüyü prinsipini əsas götürməlidirlər. Ancaq analitiklər unudurlar ki, birinci, Dağlıq Qarabağ problemini məhz Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya yaradıb. Rusiya və digər həmsədrlər probelemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində nəinki maraqlı deyillər, əksinə, Ermənistana hərtərəfli siyasi, iqtisadi, hərbi yardım göstərməklə buna mane olurlar. İkinci, bir çox qlobal problemlərə yanaşmalarda ABŞ, Fransa və Rusiyanın mövqeləri daban-dabana zidd olsa da, Dağlıq Qarabağ probleminə yanaşmada üst-üstə düşür. Ona görə də, Krım hadisələri kontekstində Qərbin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyi illuziyadan başqa bir şey deyil! Siz ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin açıqlamasına fikir verdinizmi? O jurnalistlərə açıqlamasında qeyd etdi ki, Dağlıq Qarabağ probleminin həll edilməməsində həm Ermənistan, həm də Azərbaycan günahkardır. Ona görə də, fikrimcə, ATƏT Parlament Assambleyasının prezidentinin Azərbaycana səfərinin Dağlıq Qarabağ probleminin həll edilməsində hər hansı bir irəliləyişə səbəb olacağı inandırıcı deyil.
-Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa Birliyi dünyanın dayaqlarını silkələyən Rusiyanın ambisiyalarını cilovlaya bilmir. Özünə qarşı həlledici kontur-tədbirlər görməyən Rusiya isə daha arxayın şəkildə beynəlxalq hüququn əleyhinə görünməmiş demarşını davam etdirir. Ukraynadan sonra Kremlin Pribaltika və Dağlıq Qarabağın fəthinə girişəcəyi fikirləri dolaşır. Sizcə belə şəraitdə Azərbaycan nə etməlidir?
-Artıq hər kəsə məlumdur ki, indi dünyada "hüququn gücü" deyil, "güclünün hüququ" bərqərar olmaqdadır. Ona görə də Azərbaycan ilk növbədə öz gücünə arxalanmalıdır. Hiss olunur ki, dövlətimiz Krım hadisələrindən lazımi nəticə çıxarıb. Son günlər Naxçıvanda 20 minə yaxın hərbçinin və 400 zirehli texnikanın cəlb olunduğu genişmiqyaslı təlimlərin müvəffəqiyyətlə keçirilməsi buna sübutdur... Ancaq hesab edirəm ki, hərbi gücümüzün artırılması istiqamətində işlər sürətləndirilməli, ölkəmizdə yubanmadan peşəkar ordunun formalaşmasına başlanmalıdır.
BAXCP Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin mümkün olmadığını, bunun yalnız hərb yolu ilə reallaşa biləcəyini dəfələrlə bəyan edib və bu istiqamətdə öz təkliflərini ictimaiyyətin nəzərinə çatdırıb. BAXCP olaraq hesab edirik ki, daha qətiyyətli hərbi siyasətin yürüdülməsinə ehtiyac var və dünyada yaranmış mövcud şərait buna əlverişli zəmin yaradıb.