Tatar ədəbiyyatı – 8-ci yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 8-ci yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

Ümumiyyətlə, Şərq və Qərb konteksində qadına müqayisəli yanaş¬ma İ.Qaspiralı görüşlərində mühüm yer tutur. Qeyd edək ki, o, 1903-cü ildə yazdığı “Qadınlar “adlı məqaləsində bu cür müqayisəyə geniş yer vermiş və dəyərli təhlilləri ilə mahiyyəti üzə çıxara bilib. Bir cəhəti vurğulamaq lazımdır ki, İ.Qaspiralının bir şərqli olaraq dünyanın gündoğan tayına məhəbbəti sonsuz olub. O, Şərqin dünyanın ən qədim yurd yerləri və mədəniyyət mərkəzləri olmasını xüsusi olaraq qeyd edir və bununla öyünürdü: “Çin, Hint, Babil, eski İran dünyanın ən əski cəmiyyət və heyeti medeniyyeleridir. Avrupa cemiyyeti ve devletleri bunlara göre pek genc ve yenidir. Avrupanın en eski hükumeti bin senelik ise Çin dört bir senelik bir heyeti medeniyyedir”.
Lakin onun Şərq-Qərb müqayisəsində Qərbə üstünlük verməsi Qərbin təbliğinə xidmət göstərmirdi. Belə ki, böyük ədib Şərq cəmiyyətinin Qərbdən geri qalması müqayisəsində öz narahatçılığını izhar edir, geriliyin səbəblərini və vəziyyətdən çıxış yollarını göstərmək istəyirdi. İ.Qaspiralı Qərbin qadına münasibətdə Şərqi üstələməsini, Avropanın dövlət və mədəniyyət tarixinin gənc olmasına baxmayaraq qadınlara yanaşmada Şərqdən daha irəli getməsini, daha mütərəqqi mövqe tutmasını xüsusi olaraq qeyd edirdi. “Çin , Hindistan ve eski İran medeni- yetleri ve adetleri kadınları pek aşağı derecede bırakıp, hemen-hemen insanlıkdan çıkarmışlar. Erlere verilmiş hak ve müsadenin onda biri kadınlara verilmemiştir” - deye İ.Qaspiralı konkret irad və etirazlarını giz-lətmir, çarə yolu kimi cəmiyyətin qadına baxışının dəyişməsini, təhsilin genişləndirilməsini, savadlı olmağın vacibliyini ön plana çəkir.
Şərq qadınının geriliyindən hədsiz dərəcədə narahatçılıq keçirən İ.Qaspiralı bu geriliyin səbəbini dinlə bağlayanlara etiraz edir. O, belə hesab edir ki, şərq qadınının Avropa qadınından geri qalmasının dinlə əlaqələndirilməsi əsassızdır. Hərçənd ki, Qərbin nəzərində bu görüntü bilavasitə İslam və müsəlmanlıqla əlaqələndirilsə də, İ.Qaspiralı şərq və qərb qadını arasında fərqin səbəbini haqlı olaraq başqa amillərə bağlayır:” Avropada şark kadınlarınıın ifrat derecede meşrute hükuk ve huriyyetlerin bibehre, ulum ve terbiyeden mahrum kaldıklarını İslamiyyete isnat ederler. Avrupalılar büyük hata ediyorlar. Çünkü “Müslime” ile Azya kadını arasında dağlar kadar tefavüt vardır. Eski zamanda Garpda, yani Avrupada kadınların hali bir derceye kadar Azya, yani Çin, Hint ve İran kadınları haline oşayar idi... Lakin bir kaç asırlardan beri Av- rupa kitasında maarif ve medeniyyet her yerden ziyade ilerilemekde bulunduğundan insaniyyet dahi şu nispette revaç bulup kadınların hal ve hukukları genişlenmiştir. Şöyle ki, kadına hürmet ve rağbat artmıştır”. Sitatdan göründüyü kimi İ.Qaspiralı haqlı olaraq, şərq qadınının geriliyinin və hüquqsuzluğunun İslamla heç bir əlaqəsi olmadığını irəli sürür, qərb qadınının tərəqqisini isə onun maariflənməsi ilə bağlayır. Müəllif şərq qadınını iki qrupa bölərək hüquqsuz, cahil “Asiya qadını¬nı” “müsəlman qadınla” müqayisə edir, aralarındakı dağlar qədər fərqin olduğunu xüsusi vurğulayır. Bildirir ki, islamiyyətdən əvvəl qadınlar kişilərin malı və “zövq aləti” olsalar da, İslamın qəbulundan sonra “dini-mübin qadınların kişilər kimi Cənabı Haqqın qulları olduğunu bəyan və elan edib, insanlıqca bu cür hüquqlarını təyin və mühafizə etdi”. Bu mənada İ.Qaspiralı İslam dininin bərabərçilik xəttini nəinki müdafiə edir, həm də təşviq edirdi. O, Şərq müsəlman qadınının kişilərlə bərabər ibadət etmək, Həccə getmək hüquqlarından tutmuş təhsil almaq, ailə qurmaq, zorla başqasına verilməmək, mal-mülk sahibi olmaq və s. hüquqlarının olmasını islami qanunların tətbiqi kimi dəyərləndirir.
Vaxtilə qızların anadan olarkən diri-diri basdırılmasına İslamın qadağa qoymasını diqqətə çəkən İ.Qaspiralı hazırda qadına cismani və mənəvi əzab verən insanların şəriət və dövlət qanunlarına görə cəzalandırılmasını da dinin təsiri kimi səciyyələndirir. İ.Qaspiralı qadınla bağlı maraqlı bir məqama toxunur. Halına, vəziyyətinə görə qadınla bağlı verilən imtiyazları yüksək qiymətləndirən ədib hamilə qadınların bir sıra cəzalardan, o cümlədən, qətl edilməkdən azad olmasını təqdir edir və bunu dini imtiyaz kimi dəyərləndirir.
İ.Qaspiralı qadının cəmiyyətdəki rolundan danışarkən qadının tərbiyəçi rolunu daha çox təqdir edir, millətin tərəqqisində onun rolunun əvəzedilməzliyini ön plana çəkirdi. Görkəmli ədibin roman və publisistik yaradıcılığında bu cəhətin təhlilində biz qeyd etmişdik ki, İ.Qaspiralıya görə bir şəhər və vilayətin qadınları cahil olsa, orada cahillik səviyyəsi yüksək olar. İ.Qaspiralının hekayə yaradıcılığında da bu tezis diqqət mərkəzində saxlanılır. “İvan və Süleyman” hekayəsində müəllif Süleymanın acınacaqlı hala düşməsini, ağır həyat tərzi yaşamasının səbəbini onun anası Həlimə xanımın rəftar və baxışları ilə bağlayır. Müəllif belə hesab edir ki, əgər Həlimə xanım savadlı olsaydı, oğlunun oxumasına mane olmaz, Süleyman da təhsilini davam etdirib bir savadlı gənc kimi həyatda mövqe tutardı. İ.Qaspiralı Süleymanın əksi olaraq onunla həmyaş olan İvanı misal gətirər və İvanın bütün uğurlarının səbəbini anası Mariyanın oğlunu təhsil almağa yönəlməsində görür. Müəllif haqlı olaraq maarif və məktəbi cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. O, hər bir insanın, hər bir millətin gələcəyini yüksək maariflənmədə görür və bu işdə qadının rolunu yüksək qiymətləndirirdi. “Hacının fərasəti” və “İki imam” hekayəsində qoyulan problem məhz yuxarıda səslənən fikirlərlə birbaşa bağlanır. “Hacının fərasəti” hekayəsində üç qardaşın hekayəsi verilsə də, bu fonda tərbiyə məsələlərinin təbliği əsas yer tutur. Cəlal, Sabit və Cəmil adlı üç qardaş ataları Müslümün ölümündən sonra onlara qalmış var-dövlətin mübahisəsiz sahibi olaraq həyatlarını davam etdirirlər. Böyük qardaş Cəlal Həcc ziyarətinə gedir və səkkiz illik səyahətdən sonra geri qayıdır. O, doğma qardaşlarının yanına gələrkən qardaşların ailə həyatı qurduğunu və birinin 6, digərinin 5 yaşında oğlunun olduğunu gördükdə olmazın dərəcədə sevinir, uşaqları dizi üstə oturdaraq onlara nəvaziş göstərir. Uşaqların geyimlərinin səliqəli, əl-üzünün təmiz, dırnaqlarının kəsilmiş və s. olduğuna diqqət kəsilib gəlin xanımları görməsə də, onlar haqqında heç kəsdən məlumat almasa da həmin gəlinlərin əxlaq və mədəniyyət baxımından yüksək, xüsusilə yaxşı ana olduqlarını qeyd edir. Qaspiralıya görə ana qayğısı və tərbiyəsi insanın formalaşmasında əsas təməldir. Bu təməl təkcə ayrılıqda bir fərd üçün deyil, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edir. “İki imam” əsərində qoyulan problem məhz cəmiyyət müstəvisində həllini tapır. Müəllif əsərdə Çin ölkəsində Qansu və Sinanko adlı müsəlman vilayətlərinin mövcudluğundan söhbət açır. Daha sonra hər iki vilayətin imamı haqqında haşiyə çıxır. Bu haşiyə eyni dinə qulluq edən iki imamın fərqli cəhətlərini özündə əks etdirmək baxımından xarakterikdir: “Qansu imamı müslüm və müs- lümələrin bacardıqca təhsil və elmdən məhrum qalmamalarını nəsihət və təşviq etdiyindən Qansuda kişi və qadınlar təhsil görüb başqa elmlərdən xəbərdar olmasalar da dini elmlərə aşina ola bilmişdilər.
Sinanko imamı, bəzi zəif məsələlərə istinadən, qadın-qızın təhsilinə maraq göstərməyib qadınların cahil qalmasına səbəb olmuş idi”. Göründüyü kimi, müəllif iki şəxsin fəaliyyət, maraqları dairəsində onların dünyagörüşü və baxışlarındakı əsaslı fərqləri üzə çıxarır, bu fərqlər müstəvisində ideyanı açıqlaya bilir. Əsərin məzmunundan aydın olur ki, çinli çoban donuz sürüsünü apararkən donuzlardan biri ayrılıb caminin həyətinə girir. Cami gözətçisi donuzu həyətdən çıxarmaq üçün bir daş atır və daş donuzun qulağına dəyir, donuz bərkdən özünəməxsus səs çıxarmağa başlayır. Çinli çoban bunu gördükdən sonra gözətçiyə hücum edir. Səs-küyə müsəlman və çinlilər yığışır. Dava düşür, müsəlmanlar çinliləri döyür və öz hökumətlərini qururlar. Bunu eşidən Çin hökmdarı qoşun çəkərək hər iki müsəlman vilayətinin kişilərini qılıncdan keçirir, qadın və uşaqları əsir etdirir. Əsir düşmüş müsəlmanlar uzun müddət çinlilərin təsiri altında yaşamağa məcbur olurlar. Qadınları savadsız olan Sinanko əhalisi yad təsirlərə tab gətirməyib dinlərini itirirlər. Əksinə, Qansu əhalisinin qadınları dünyaya gəlmiş yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqda davam edərək onların milli-mənəvi, dini aşınmaya düçar olmasına imkan vermirlər. Bu məntiq qadının cəmiyyətdəki rolunun yüksəkliyini bir daha təsdiq edir və əsərdəki son cümlə sənətkarın təsdiqlədiyi həqiqətin özünəməxsus ifadəsinə çevrilir: “Analara elm, bilik və hünərin lazım olmadığını kim söyləyə bilər?”
İ.Qaspiralı qadına əsas olaraq tərbiyəçi kimi baxsa da, onun icti¬mai-siyasi həyatdakı rolunu heç də əhəmiyyətsizləşdirmir, əksinə cəmiyyətin inkişafında, idarə olunmasında qadınlara həmişə ehtiyac olduğunu qeyd edir. Yazıçı-publisist “Böyük qadınlar” adlı yazısında “fakat böyle ise de tarihi-siyasiyede, ilmiye ve edebiyede namlarını kaldırmış kadınlar yok degildir” deyərək qadın-hökmdar, qadın-ədib, qadın-alim və s. cəhətlərə diqqət yönəldir. Bu sırada tarixi ekskursiya edərək Babil padşahı Semiramidanın, Misir hökmdarı Kleopatranın, İngiltərə kraliçası Yelizavetanın, Viktoriyanın, Avstriya imperatriçası Maria Terezanın, Rusiya imperatriçaları Yelizaveta və Yekaterinanın, İslam dinini ilk qəbul edən xanım Xədicənin və s. adlarını çəkir, onları tarixdə gördüyü işlərinə və şəxsiyyətlərinə uyğun dəyərləndirir. Məsələn, İ.Qaspiralı Babil hökmdarı Semiramidanı bütün İranı, Sırdəryanı, Türküstanı, Əfqanıstanı və s. fəth edərək böyük dövlət yaradan qadın hökmdar, Misir hökmdarı Kleopatranı ölkəsini işğal edən romalıların canlı əsiri olmamaq üçün intihar edən namus və həya nümunəsi, Rusiya imperatriçası II Yekaterinanı rus dövlət sərhədlərini genişləndirən, ölkəni tərəqqi etdirən cəsarətli dövlət başçısı və s. kimi qiymətləndirir, onları səriştə etibarı ilə kişilərə bərabər tutur. İ.Qaspiralı qadınların hökmdarlıq, sərkərdəlik və s. qabiliyyətindən danışarkən bəzi hallarda onları kişilərdən də üstün tutur. Biz bu halın bariz nümunəsini yazıçının “Arslan qız” romanının baş qəhrəmanı Gülcamalın simasında daha aydın görürük. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış bu əsərdə yazıçı Gülcamalın timsalında qəhrəman türk qadın tipini təqdim edir və onun şərəfini yüksəltmiş olur.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor