BAXCP-nin seçki platformasının layihəsi açıqlandı Siyasət

BAXCP-nin seçki platformasının layihəsi açıqlandı

BAXCP partiyanın seçki platformasının əsas istiqamətlərinin Layihəsini üzvlərinin və tərəfdaşlarının müzakirəsinə təqdim edir:



Layihə

BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASININ SEÇKİ PLATFORMASININ ƏSAS İSTİQAMƏTLƏRİ


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) öz fəaliyyətində fərdi azadlıq, milli suverenlik, parlament demokratiyası, qanunun aliliyi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad ticarət, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi təməl demokratik prinsipləri, eləcə də Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini əsas götürür və təşviq edir.
BAXCP ekstrimizm, separatizm, terrorizm, avtoritarizm və irqçiliyin bütün formalarını rədd edir, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin olunmasını özünün başlıca prinsipi sayır.
BAXCP Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə uğur qazanacağı təqdirdə aşagıda yer alan istiqamətlərdə islahatların aparılmasını və təşviq edilməsini vəd edir:


Dövlət quruculuğu sahəsində:

1. Növbəti prezident seçkilərinə qədər ölkədə Konstitusiya islahatlarının aparılması və yalniz bundan sonra seçkilərin keçirilməsi;
2. Hakimiyyət bölgüsünün real şəkildə təmin olunması;
3. Qeydiyyatdan keçmiş siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə razılaşdırılmış seçki qanununun qəbul edilməsi və növbəti seçkilərinin yeni Seçkilər Məcəlləsi əsasında keçirilməsi;
4. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin artırılması;
5. Proporsional seçki sisteminin bərpasi, millət vəkillərinin sayının 150 nəfərə çatdırılması;
6. 2020-ci ildə keçiriləcək parlament seçkilərində 50% proporsional, 50% mojaritar, 2025-ci ildə keçiriləcək parlament seçkilərində isə tam proporsional seçki sisteminin tətbiqi;
7. Hökumətin parlament seçkilərində qalib gələn siyasi partiyalar və ya siyasi partiyalar blokları tərəfindən formalaşdırılması;
8. Milli Məclisin daxili Nizamnaməsinə Azərbaycan Respublikasının Milli Məclisində mövcud fraksiya nümayəndələrinin parlament sədrinin müavinləri, eləcə də müvafiq komissiyaların sədrləri və müavinləri səviyyəsində təmsil olunmalarını nəzərdə tutan müvafiq dəişikliklərin edilməsi;
9. 10 nəfər millət vəkilinin fraksiya yaratmaq hüququnun tanınması;
10. Hesablama Parlatası sədrinin və üzvlərinin yarısının parlamentdə müxalifəti təmsil edən partiyaların təqdim etdiyi şəxslər arasından seçilməsi;
11. Büdcə və büdcəyə nəzarət komissiyasının yaradılması, adıçəkilən qurumun sədrinin və üzvlərinin yarısının yalnız Milli Məclisdə müxalifəti təmsil edən siyasi partityalar və siyasi partiyalar bloklarının təmsilçiləri sırasından seçilməsi, bu prinsiplərin müvafiq qanunvericilik aktlarında öz əksini tapması;
12. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tamamilə bitərəf şəxslərdən təşkil edilməsi;
13. Məhkəmə sistemində islahatların davam etdirilməsi, andlı iclasçılar institutunun tətbiqi, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi, hakimlərin sayının 2 dəfə artırılması;
14. Məhkəmə Hüquq Şurasının hakimlərin özünüidarə qurumu kimi yalnız hakimlərdən təşkil olunması;
15. Rəqabət Məcəlləsinin qəbul olunması, "Monitorinq orqanı statusu"nun Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına verilməsi;
16. İstintaqın bütün dövlət orqanlarından alınaraq Azərbaycan Respublikasının İstintaq Komitəsinin yaradılması;
17. Vəkillər Kollegiyasının fəaliyyətinin gücləndirilməsi və vəkillərin sayının ilkin mərhələdə 3 dəfə artırılması;


Dağlıq Qarabağ problemi və Ordu quruculuğu sahəsində:

18. Orta məktəblərin 10-11-ci sinif şagirdlərinin hərbi biliklərə yiyələnməsi üçün onlara həftədə 2 saatdan az olmamaq şərtilə hərbi dərslərinin tədris edilməsi;
19. Hərbçilərin əmək haqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;
20. Hərbçilərin mənzil probleminin həlli üçün xüsusi dövlət proqramının hazırlanaraq həyata keçirilməsi;
21. Bakı şəhərində xeyli müddətdir ki, yaşayış evlərilə əhatə olnmuş, Dövlət Neft Şirkətinə məxsus neft quyularının istismarının dayandırılması, həmin ərazilərin bir hissəsinin neft qalıqlarından təmizləndikdən sonra əvəzsiz olaraq müharibə əlillərinə və veteranlarına, onların ailə üzvlərinə və hərbçilərə verilməsı, həmçinin bu ərazilərdə parkların və yaşıllıq zolaqlarının salınması;
22. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində diplomatik fəaliyyətin genişləndirilməsi;
23. Orduya dövlət və ictimai nəzarətin gücləndirilməsi;
24. Peşəkar ordu quruculuğu prosesinin tez bir zamanda həyata keçirilməsi;
25. Hərbi xərclərin büdcənin 25-27 faizinə çatdırılması;
26. Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika, silah və sursatla təmin olunması istiqamətində işlərin davam etdirilməsi;
27. İşğal olunmuş ərazilərimizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən qeyd-şərtsiz azad olunması üçün Ermənistana bir il vaxt verilməsi;
28. Verilən vaxt ərzində işğal olunmuş ərazilər azad edilməzsə atəşkəs haqqında sazişin qüvvədən düşdüyünün bəyan edilməsi, hər an hərbi əməliyyatların başlanıla biləcəyi barədə rəsmi qərar qəbul olunması;
29. Ən geci növbəti parlament seçkilərinədək Daglıq Qarabag da daxil olmaqla Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərimiz üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması.


Vətəndaş cəmiyyəti quruculuğu sahəsində:

30. Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməməsi, müqavimətinin artırılması, ərazi bütövlüyünün təmin olunması, sosial-iqtisadi sahədə islahatların aparılması, ədalətli və azad iqtisadi rəqabət mühitinin formalaşdırılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimadın əldə edilməsi;
31. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsilə bağlı dəqiq və ədalətli mexanizmin işlənilib hazırlanması və tətbiqi;
32. Dövlətin informasiya təhlüksizliyinin təmin edilməsi üçün kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və müstəqilliklərinin gücləndirilməsi;
33. Dünyanın aparıcı kütləvi informasiya vasitələrindən sayılan BBC və CNN kimi 24 saat Azərbaycan, ingilis və erməni dillərində xəbər yayımlayan teleradio şirkətlərinin yaradılması.
34. Vətəndaş cəmiyyəti quruculuğu prosesinin inkişaf etdirilməsi məqsədilə qeyri hökumət təşkilatlarının fəaliyyətinin stimullaşdırılması;


Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində:


35. Hər bir vətəndaşımıza öz intellektual potensialını və bacarığını reallaşdırmaq üçün münbit və bərabər şərait yaradılması;
36. Milli-mənəvi dəyərlərə bağlı olan, müasir texnologiya və dünya mədəniyyətini mənimsəmiş, Vətənini, xalqını və dövlətini sevən, həyatın bütün çətinliklərinə hazır olan bir nəslin tərbiyə olunması üçün təhsil sistemində köklü islahatların aparılması;
37. Xarici dillərin, xüsusilə də beynəlxalq dil olan ingilis dilinin öyrənilməsi üçün xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi;
38. Sağlam gəncliyin formalaşdırılması üçün xüsusi dövlət proqramı qəbul edilməsi və mərhələlərlə həyata keçirilməsi;
39. "Hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsi;
40. Orta təhsil müəssisələrində yay tətilinin 45 gün, qış tətilinin isə dekabrın 30-dan yanvarın 10-dək müəyyənləşdirilməsi;
41. İdman kompleksləri inşa edən hüquqi şəxslərə güzəştli qiymətlərlə torpaq sahələrinin ayrılması və aşaği faizlə kreditlərin verilməsi;
42. Azərbaycan dilinin və ədəbiyyatının, musiqimizin, təsviri incəsənətimizin, eləcə də mədəniyyətimizin digər sahələrinin inkişafı və təbliği üçün bütün mümkün vasitələrdən istifadə edilməsi;
43. Ali Attestasiya Komissiyasının ləğvi, müdafiə olunan elmi işlərə görə müvafiq elmi şuraların məsuliyyət daşımalarının təmin edilməsi;
44. Daşınan və daşınmaz tarixi-mədəni abidələrimizin qorunması və bərpası üçün, eləcə də ölkəmizdən çıxarılmış tarixi-mədəni abidələrimizin geriyə qaytarılması üçün ardıcıl tədbirlərin həyata keçirilməsi;
45. Məcburi tibbi sığortanın tətbiq olunması;
46. Müəllimlərin, həkimlərin, elm və mədəniyyət işçilərinin əmək haqqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;
47. Bədən tərbiyəsinə və idmana dövlət qayğısının daha da artırılması;
48. Elmi dərəcə və elmi vəzifəyə görə maaşların 3 dəfə artırılması;
49. Gənc nəslin təhsilə,elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi;
50. Əksər tibb müəssisərinin yalnız təyinati üzrə istifadə edilməsi şərtilə özəlləşdirilməsi;
51. Dövlət tibb müəssisələrinin ən müasir avadanliqlarla təmin olunması;
52. Yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə hər il 5 min tələbənin dövlət hesabına dünyanın aparıcı universitetlərinə göndərilməsi;
53. Xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla, digər aliu məktəblərin özəlləşdirilməsi;
54. Dövlət ali məktəblərinin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi məqsədi ilə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsi;
55. Ali məktəbə qəbul olunması haqqında müvafiq sənəd təqdim edən Azərbaycan vətəndaşlarına dövlətin müəyənləşdirdiyi banklar tərəfindən 20 il müddətinə faizsiz təhsil kreditlərinin verilməsi.

Din və vicdan azadlığı sahəsində:

56. Din və vicdan azadlığının tam təmin olunması;
57. Dinin siyasiləşməsinin qarşısının alınması, dini fanatizmə qarşı mübürizənin və dini maarifçiliyin gücləndirilməsi;
58. Bütün dövlət idarə, müəssisə və təşkilatlarında çalışan və təhsil alan vətəndaşların bu qurumların daxilıində dini atributlardan istafadə etmələrinin qadağan olunması.

İqtisadiyyat və sosial siyasət sahəsində:

59. Sosial hüquqlarla əhatə olunmuş, sığortalanmış, azad və ədalətli rəqabət əsasında formalaşmış azad bazar iqtisadiyyatı modelinin inkişaf etdirilməsi və ədalətli rəqabət prinsiplərinin əsas götürülməsi;
60. İqtisadi azadlıqların təmin edilməsi;
61. İnfilyasiyanın minimal həddə saxlanılması;
62. Özəl sektorun və sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması, sahibkarlıq fəaliyyətinə əsassız, kənar müdaxilələrin təmamilə aradan qaldırılması, sahibkarların hüquqlarının qorunması;
63. Kənd təsərrüfatlarının inkişafına dövlət yardımının genişləndirilməsi;
64. Mülkiyyətin toxunulmazlığının təmin olunması;
65. İqtisadiyyatın və dövlət büdcəsinin gəlirlərinin neft amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edilməsi;
66. Dövlət büdcəsindən vəsait bölüşdürülərkən ordu quruculuğu, təhsil, səhiyyə və elmin prioritet sahələr kimi nəzərə alınması, vətəndaş cəmiyyətinin inkişafı amilinin əsas götürülməsi;
67. Yerli özəl bankların inkişafına üstünlük verilməsi, Neft Fondunun vəsaitinin bir hissəsinin yerli banklarda saxlanılması;
68. Milli maraqlara tam cavab verən neft siyasətinin davam etdirilməsi;
69. Neft siyasətinin ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə və gücləndirilməsinə xidmət etməsinin təmn olunması;
70. Azərbaycanın bütün rayon və kəndlərinə təbii qaz verilməsinin təmin edilməsi;
71. Dövlət Neft Fondunun (NF) fəaliyyətində şəffaflığın, və fondun vəsaitlərindən səmərəli istifadənin təmin olunması;
72. NF-nin Müşahidə Şurasının tərkibinin yarısının parlamentdə təmsil olunan müxalifət partiyalarının təqdim etdiyi şəxslərdən və müvafiq ixtisasa malik ictimaiyyət nümayəndələrindən təşkil olunması;
73. NF-nin vəsaitlərindən yalniz parlamentin qərarı ilə istifadə olunması;
74. Ölkənin daxili siyasətinə xarici təsirlərin qarşısının alınması üçün, həmçinin inhisarçılığa yol verilməmək məqsədilə Dövlət Neft Şirkətinin bir neçə hissəyə bölünərək, yalnız Azərbaycan vətəndaşları tərəfindən özəlləşdirilməsi;
75. Neft sektorundan əldə olunan gəlirlərin bir hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi;
76. Sahibkarlarla məmurların təmasını minumuma endirmək üçün elektron əlaqə sisteminin inkişaf etdirilməsi;
77. Xarici investisiyaların neft bölməsi ilə yanaşı qeyri-neft sektoruna da cəlb olunması, əcnəbi iş adamlarının Azərbaycan qanunları çərçivəsində fəaliyyətinə, ölkəmizə sərmayə yatırmasına nail olunması;
78. Öz kapitallarını xarici banklara yerləşdirmiş Azərbaycan vətəndaşlarının Azərbaycanda sərmayə qoymalarına təhlükəsiz şərait yaradılması;
79. Genişmiqyaslı iqtisadi amnistiya elan edilməsi və gəlirlərin leqallaşdırılması barədə xüsusi qanunun qəbul olunması;
80. Kölgə iqtisadiyyatına son qoymaq məqsədilə hər bir vətəndaşa qanunun qüvvəyə minməsindən keçən 6 ay ərzində öz gəlirlərinin və əmlaklarının mənşəyini göstərmədən onların məbləği barədə müvafiq dövlət qurumlarına məlumat vermək hüququnun tanınması;
81. Əmlakı və gəlirləri barədə hesabat verməyən vətəndaşların qanuna müvafiq qaydada məsuliyyətə cəlb olunması və əmlaklarının müsadirə edilməsi;
82. Ölkədə milli və işgüzar sahibkarlar təbəqəsinin formalaşmasına və inkişafına şərait yaradılması;
83. Kənd rayonlarında yaradılan istehsal və emal müəssisələrinə vergi güzəştlərinin tətbiq olunması;
84. Turizmin inkişafına dair proqramların həyata keçirilməsi;
85. İstehsalçıların maliyyə resursları, texnika və yanacaqla təminatı sisteminin təkmilləşdirilməsi, fermerlərə, iş adamlarına əlverişli şərtlərlə və uzunmüddətli kreditalma imkanlarının yaradılması;
86. Fəaliyyəti dayandırılmış və dövlətin balansında perspektivsiz obyektlər kimi qalmış orta və iri müəssisələrin yenidən müasir texnologiylarla işə salınması, iş yerləri açmaq və hazır məhsul buraxmaq şərtilə güzəştli qiymətlərlə sahibkarlara verilməsi;
87. Ayrı-ayrı regionların, rayonların sosial-iqtisadi inkişafı üzrə proqramların hazırlanaraq həyata keçirilməsi;
88. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, tələbatın yerli istehsal hesabına ödənilməsinə üstünlük verilməsi, xaricdən idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi;
89. Daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunması, yerli istehsal və ixracın stimullaşdırılması;
90. Korrupsiya və rüşvətxorluğa qarşı ciddi və sistemli mübarizənin aparılması;
91. Vergi intizamının gücləndirilməsi;
92. Dövlət qulluqçularının əmək haqlarının onların layiqli həyatını təmin edə biləcək səviyyəyə çatdirilması;
93. Orta və iri müəssisələrin özəlləşdirilməsinin sürətləndirilməsi;
94. Pensiyaların baza hissəsinin 200 manata qədər artırılması və indeksləşdirilməsi;
95. Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi;
96. İpoteka kreditləşməsi üçün hər il 200 milyon manat vəsaitin ayrılması;
97. Əmək qabiliyyəti olan hər bir vətəndaşa işləmək və pul qazanmaq imkanının yaradılması;
98. Sosial müdafiəyə ehtiyacı olan müxtəlif təbəqələrin (qaçqın və köçkünlər, əlillər, kimsəsiz uşaqlar və s.) dövlətin himayəsinə aılnması;
99. Əhalinin qaz, su və elektrik enerjisi ilə normal qaydada təmin edilməsi və onların qiymətlərinin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması;
100. Vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi dövlət proqramlarının işlənərək həyata keçirilməsi;
101. Əhali arasında yoxsulluğun tamamilə ləğvi;
102. 15 yaşınadək uşaqlar üçün geyim əşyalarının və digər ləvazimatların, o cümlədən uşaq qidalarının vergidən və gömrük rüsumundan azad edilməsi, bu tip məhsulları istehsal edən müəsisələrə vergi güzəştlərinin müəyyən olunması;
103. Aran Qarabağın su probleminin həll edilməsi məqsədilə yeni su kanallarının çəkilməsi, subartezian quyularının qazilması və suvarılmada istifadə olunan nasosların fasiləsiz işləməsini təmin etmək üçün lazımi qədər elektrik enerjisinin ayrılması.


Ekologiya sahəsində:

104. Ekologiya və ətraf mühitin qorunmasıyla bağlı xüsusi dövlət proqramı qəbul edilməsi və həyata keçirilməsi;
105. Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün bütün diplomatik vasitələrdən istifadə edilməsi;
106. Bakı şəhərində standartlara uyğun gəlməyən yaşayış məskənlərinin sakinlərinin elan olunmuş müsabiqədə qalib gələn şirkətlər tərəfindən mənzillərlə təmin olunması, həmin ərazilərdə yaşayiş evlərinin, parkların, istirahət guşələrinin və yaşıllıq zolaqlarının salınması, sadalanan işləri həyata keçirən şirkətlərə güzəştli kreditlərin verilməsi;
107. Ölkənin müxtəlif bölgələrində məhv edilmiş meşələrin və yaşıllıq zolaqlarının bərpa edilməsi və yenilərinin salınması.

Yerli idarəetmə qurumları sahəsində:

108. Bələdiyyələrin səlahiyyətlərinin artırılması və onlara yerli hakimiyyət orqanları statusunun verilməsi;
109. Bakı və Gəncə böyük şəhər bələdiyyələrinin yaradılması;
110. Bələdiyyələrə fəaliyyətdə olduqları inzibati ərazilərin sakinlərinə, xüsusilə də, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və dövlət qulluqçularına fərdi mənzil tikintisi üçün güzəştli şərtlərlə torpaq satmaq səlahiyyətinin verilməsi;
111. Kommunikasiya xətlərinin keçdiyi təhlükəsizlık zolağına daxil olmayan bütün tikililərin sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması.
112. Kommunikasiya xətlərinin keçdiyi ərazilərə daxil olan tikililərin sahiblərinə Dövlət Neft Şirkətinə məxsus olan istismarı dayandırımış neft quyularının yerləşdiyi ərazilərdən müvafiq torpaq sahələrinin və mənzil tikintisi üçün kompensasiyaların ayrılması.

Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində:

113. Azərbaycanın qonşu və region dövlətləri ilə bərabərhüquqlu münasibətlərinin qurulmasına nail olunması;
114. Qərbin siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinin təmin edilməsi;
115. Beynəlxalq və regional təşkilatlara, hərbi-siyasi bloklara üzvlük məsələlərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının əsas şərt kimi irəli sürülməsi;
116. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın neytrallığını təmin etmək üçün bu ölkə ilə münasibətlərin inkişaf etdirilməsi, iqtisadi, siyasi, mədəni əlaqələrin gücləndililməsi;
117. Azərbaycan Respublikasının Rusiya Federasiyasının sərhədyanı respublikaları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan hər bir xalqla dostluq münasibətlərini qoruyub saxlanılması və inkişaf etdirilməsi;
118. Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi;
119. Azərbaycanın Türkiyə və digər türk dövlətləri, eləcə də türk toplum və qurumları ilə elmi, mədəni, iqtisadi əlaqələrinin intensivləşdirilməsi;
120. Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanmasına nail olmaq üçün bütün imkanlardan istifadə edilməsi;
121. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması, dünyanın iqtisadi və siyasi sisteminə tam inteqrasiyasını təmin edilməsi;
122. Azərbaycanın regional iqtisadi və siyasi mərkəzə çevrilməsi üçün strateji dövlət proqramının hazırlanması və mərhələlərlə həyata keçirilməsi;