“Ermənistan məlumat verməkdən yayınır” Siyasət

“Ermənistan məlumat verməkdən yayınır”

Eldar Mahmudov: "Mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılması mümkün deyil"

Azərbaycanın milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vialı qəbul edib. Komissiyadan verilən məlumata görə, Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə fəaliyyətinin ümumən konstruktiv olduğunu, qarşılıqlı faydalı məcrada davam etdiyini, konkret nəticələr verdiyini qeyd etmiş və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmadığını, bu səbəbdən də qurbanların sayının hər gün artdığını vurğulayan Komissiya sədri bildirib ki, mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılması mümkün deyil.
Qeyd olunub ki, hazırda 4013 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçmiş, münaqişə dövrü ərzində 1434 nəfər erməni əsir-girovluğundan azad edilib, son illərdə isə Komissiyanın İşçi Qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 1078 nəfərin taleyinə aydınlıq gətirilib.
Sədr Eldar Mahmudov Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi üzrə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 2013-cü ildən etibarən BQXK ilə birlikdə itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması prosesi başlanılıb və bu nümunələrin saxlanılması ilə bağlı xüsusi yer kimi Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalı müəyyənləşdirilib.
2014-cü ildə 100 nəfər itkin ailəsindən bioloji nümunələrin götürülməsi ilə bağlı BQXK tərəfindən irəli sürülmüş pilot layihə uğurla həyata keçirilib, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin toplanması işi davam etdirilib. 2015-ci ildə isə artıq 899 donordan, yəni 326 ailədən nümunələr götürülüb.
Komissiya sədri Eldar Mahmudov İşçi qrupu tərəfindən naməlum məzar yerlərinin müəyyən edilməsi ilə bağlı işlərin də davam etdirildiyini qeyd edib. Bildirilib ki, hərbi əməliyyatlar Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda aparılıb. Axtarışda olan bütün şəxslər də məhz həmin ərazilərdə itkin düşüb. Buna görə də həm itkinlər, həm də naməlum və kütləvi dəfn yerləri ilə bağlı məlumatlar daha çox qarşı tərəfdədir. Buna baxmayaraq, Ermənistan Respublikası kütləvi məzar yerləri və münaqişə zamanı əsir-girov götürülməsi və saxlanması barədə şahid ifadələri olan şəxslərlə bağlı məlumat verməkdən indiyədək yayınır.
Sədr diqqətə çatdırıb ki, Ermənistanın qəsb etdiyi Kəlbəcər rayonunun ərazisinə 2014-cü ildə yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədi ilə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb. Dövlət başçısı İlham Əliyevin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir.
Görüşdə, həmçinin Eldar Mahmudov Ermənistan Respublikasının hakimiyyət dairələrində hökm sürən korrupsiyaya və qanun pozuntularına, eləcə də Ermənistan ordusundakı özbaşnalıqlara qarşı apardığı mübarizəyə görə həmin ölkədə təzyiqlərə məruz qalmış və öz istəyi ilə Azərbaycan Respublikasına keçərək siyasi sığınacaq istəmiş Ermənistan Respublikasının vətəndaşı Vaan Martirosyanla bağlı məsələyə də toxunub. Bildirib ki, Vaan Martirosyanın Yerevanda qalmış ailə üzvlərinə Ermənistanın dövlət orqanları tərəfindən aramsız mənəvi-psixoloji və fiziki təzyiqlər göstərilir. Ermənistan hakimiyyəti tərəfindən daim fundamental insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktlarına nədənsə aidiyyəti beynəlxalq təşkilatların və strukturların biganə yanaşdığı xüsusi vurğulayıb.
Cənubi Qafqaz bölgəsinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru kimi ilk səfərini Azərbaycandan başladığını qeyd edən Patrik Vial səmimi qəbula və dolğun məlumata görə Dövlət Komissiyasının sədri Eldar Mahmudova təşəkkürünü bildirib. Qonaq itkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayaraq, münaqişə qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını, indiyədək aparılan müzakirələrdən və onların nəticələrindən razı qaldıqlarını qeyd edib, bu istiqamətdə göstərilən hərtərəfli və davamlı yardıma görə minnətdarlığını bildirib.