“Ermənistan ordusunun gücü yoxdur” Siyasət

“Ermənistan ordusunun gücü yoxdur”

Mübariz Əhmədoğlu: "Rəsmi Yerevanın bütün davranışı bunu sübut edir"

"Ermənistan ordusunun gücü yoxdur". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq qeyd edib ki, rəsmi Yerevanın bütün davranışı bunu sübut edir: "Ermənistan müdafiə nazirliyinin yaydığı bəyanatlar ancaq gələcək zamana ünvanlanmış hədələrlə tamamlanır. Ermənistan ordusu üçün isə gələcək zaman hələ gəlməyib. Ermənistan Müdafiə Nazirliyinin baş psixoloqu D.Camalyan bir erməni əsgərinin ölümünün əvəzində 3 azərbaycanlı hərbçinin öldürülməsini kompensasiya adlandırmışdı. Onun fikrincə, 9 Azərbaycan hərbçisinin ölümü isə qələbə deməkdir. İndi qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhəddində hərbi insident zamanı itkilərin müqayisəli təhlili vəziyyətin tam tərsinə dəyişdiyini göstərir. Sayca çox Azərbaycan ordusunun itkisi minimaldır. Sayca az olan erməni ordusunun itkilərinin sayı getdikcə artır".
Mərkəz rəhbəri bildirib ki, son gərginlik Müdafiə Nazirliyindən narazılıq yaratdı: "Nazir özü, nazirliyin mətbuat xidmətinin rəhbəri .Ovannisyan, baş psixoloq Camalyan mətbuatda görünmürlər. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin funksiyasının nazirliyin nəzdindəki ictimai şura yerinə yetirir. Rəsmi Yerevan, eləcə də Ermənistanın ictimai-siyasi mühiti özünü elə aparır ki, guya Ermənistan ordusunun hər şeyi var, Azərbaycan ordusundan qat-qat güclüdür, amma ordunun rəhbərliyi imkanlarından səmərəli istifadə etmir. Bu Ermənistan rəhbərliyindən ciddi parçalanmanın əlamətidir".
Politoloq sonra qeyd edib ki, əvvəllər bir erməni hərbçinin ölümü əvəzində ermənilər dərhal Azərbaycan əsgərini öldürməyə çalışırdılar: "İndi bu qətiyyət görünmür".
Mübariz Əhmədoğlu sonra vurğulayıb ki, Azərbaycan ordusu erməni rəsmilərinin davranışında dəyişiklik yaratdı: "Dağlıq Qarabağda və Ermənistanda bəzi tədbirlər təxirə salındı. İclaslar bir dəqiqəlik sükutla başlandı. Atəşkəs rejimi dövründə bunlar ilk dəfə baş verdi. Prezident və Xİ naziri ATƏT MQ-nin mandatına müdaxilə etdilər. "Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olması", Dağlıq Qarabağın müstəqilliyinin tanınması" son gərginliyn məhsuludur. Bu bəyanatlar ATƏT MQ-nin fəaliyyətinə xitam verə bilər. Ermənistan yalnız ATƏT MQ formatını qəbul edir. Rəsmi Yerevan faktiki öz mindiyi gəmini deşməklə məşğuldur".
Mərkəz rəhbəri sonra əlavə edib ki, Ermənistanın KTMT-yə müraciət etməkdən dili qabar olub: "Rəsmi tərtibat belədir ki, guya Ermənistan hələ KTMT-yə müraciət etməyib. Amma KTMT baş katibinin müavini, general-leytenant Semerikov qurumun iclaslarında dəfələrlə Ermənistan rəhbərliyinin müraciətlər etdiyinin şahidi olduğunu bildirdi. Əgər Ermənistanın özünün hərbi gücü var idisə, niyə KTMT-yə müraciət edir?"
Mübariz Əhmədoğlu deyib ki, Ermənistan ABŞ konqresmenlərinə, Avropa parlamentarilərinə və siyasətçilərinə məqsədyönlü sirkulyar göndərərək hərbi insidentləri pisləməyə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üstünə qaldırmağa çağırır: "Ermənistan dəfələrlə bəyan edib ki, üstümüzə qılıncla gələni qılıncla qarşılayacağıq. İndi hərbi insidentlərin belə intensiv dövründə Ermənistanın KTMT, ABŞ, Avropaya yalvarışlarının səbəbi Ermənistanın ordusunun vəziyyətindən xəbər verir. Beynəlxalq aləmin müraciətinə baxmayaraq, rəsmi Yerevan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlğa buraxmır. Qisas siyasəti aparır. Ermənistanın son itkiləri cavabsız qoyması mümkün deyil. Ermənilər cavab verməyiblərsə, deməli, hərbi qüdrətləri ölüb".
Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda etimad tədbirləri barədə razılığa gəlmək mümkün deyil. Politoloq qeyd edib ki, Ermənistan snayperlərin geri çəkilməsi, atəşkəs rejiminin pozulmasını müəyyənləşdirən xüsusi qurğuların qurulması və atəşkəs rejiminin pozulmasını araşdıran mexanizmlərin yaradılmasının tərəfdarıdır: "Bunu geniş təbliğ edir. Azərbaycanın etimad tədbiri səbəti isə zəngindir:
1. Ermənistanın işğalçı qoşunlarını işğal etdiyi bütün ərazilərdən çıxarması. Bu iki xalq arasında ikitərəfli və regional əməkdaşlığa şərait yaradan, ən davamlı, ən uzun müddətli etimad tədbiridir.
2. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının dialoqunun qurulması. Bu tənzimlənmənin final mərhələsini yaxınlaşdıran ən ucuz və ən asan başa gələn etimad tədbiridir.
3. Məzarlıqların, dini və mədəni abidələrin kütləvi ziyarəti. Bu münaqişənin ağrılı nəticəsini azaltmağa yönəldən, gərginliyi azaldan və kütləvi təmaslara şərait yaradan etimad tədbiridir.
4. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi. Müharibə ilə bağlı çoxlu yalanlar mövcuddur. Bu etimad tədbiri, xüsusi ilə DNT analizi aparıldığı halda həqiqətlərin üzə çıxmasına şərait yaradır".
Mərkəz rəhbəri sonra bildirib ki, Ermənistanın etimad tədbiri yalnız Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti ilə bağlıdır: "Təmas xəttinin hər hansı formada möhkəmləndirilməsi münaqişənin həllinin uzadılmasına xidmət edir. Bu təklifi irəli sürməklə, dəstəkləməklə Ermənistan münaqişənin həllinin yaxınlaşması deyil, yubanması istiqamətində fəaliyyət göstərir. Qoşunların təmas xəttində xüsusi ölçmə qurğularının yerləşdirilməsi isə bu istiqamətdə Ermənistanın səylərinin fantastik reallaşmasıdır. Tərəflər indi iri kalibrli silahlardan, raketlərdən istifadə edirlər. Hətta atılan raket mərmilərinin sayı barədə rəsmi məlumatlar yayılır".
Poltiloq sonra qeyd edib ki, iriçaplı silahların, raketlərin atəş yerini müəyyənləşdirmək üçün atəş zamanı yaranan seysmik dalğaları ölçmək lazımdır: "Dağlıq Qarabağ münaqişəsi regionu 3-4 punkt üzrə topoqrafik mürəkkəb regiondur. Raket zərbəsinin yerini müəyyənləşdirmək üçün təmas xətti dəqiq müəyyənləşməli, tərəflər bu təmas xəttinin yaxınlığında atəş açmamaq barədə öhdəlik götürməlidirlər. Təmas xəttinin birbaşa yaxınlığından açılan atəşin sahibini müəyyənləşdirmək mümkün deyil. Qoşunların təmas xəttini buna hazırlamaq üçün xeyli geodezik-kartoqrafik işlər görülməlidir. Bu isə illərlə vaxt tələb edir".
Mübariz Əhmədoğlu deyib ki, bu vaxt ərzində Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərini görüşdürməklə çox pozitiv nəticələr əldə etmək olar: "Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərini görüşdürmək üçün isə təmas xətində geodezik-kartoqrafik işlərə, xüsusi qurğuların yerləşdirilməsinə ehtiyac yoxdur. Əksinə, ziyanlıdır. Maliyyə parametri də mühüm əhəmiyyətə malikdir. ATƏT MQ-nin özünün fəaliyyətinin maliyyələşməsində müəyyən problemlər olduğu vaxtda görülən işlərə və qurğulara milyonlarla dollar tapılmayacaq".
Politoloq hesab edir ki, qoşunların təmas xəttində görülən işlərin, qurğuların yuxarıda sadaladığımız və digər siyasi- hüquqi problemlərini Ermənistan və ATƏT MQ həmsədrləri bilirlər: "Eləcə də, onlar irəli sürdükləri bu təklifin Helsinki Yekun Aktının Xalqların bərabərliyi və öz müqəddəratını müəyyən etmə prinsipinə zidd olduğunu da bilirlər: Helsinki Yekun Aktının Xalqların bərabərliyi və öz müqəddəratını müəyyən etmə prinsipinə görə atılan addımlar ayrı-seçkiliyə, xalqları bir-birindən uzaqlaşdırmağa yönələ bilməz. Ermənistan və ATƏT MQ isə Dağlıq Qarabağda hasar çəkməklə məşğuldurlar. Ermənistan və ATƏT MQ Dağlıq Qarabağda hasar çəkmənin Dağlıq Qarabağ azərbaycanlıları ilə erməniləri arasında görüşdən faydalı olduğunu sübut etməlidirlər".
Mübariz Əhmədoğlu sonra əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin birgə yaşayışının formalaşmasından ibarətdir: "Belədirsə, bu indidən başlansın. Ermənistan və ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin birgə yaşayışının formalaşmasına aparan dialoqu dəstəkləmir, qadağan edirlər. Beynəlxalq hüquqa, Yenilənmiş Madrid Prinsiplərinə zidd, külli miqdarda vaxt və maliyyə tələb edən xüsusi qurğuların quraşdırılması təklifini dəstəkləyirlər. Etimad tədbirlərinin siyasiləşməsi də buradan başlayır. Ermənistan və Azərbaycanın dəstəklədikləri etimad tədbirlərinin müqayisəli təhlilləri aparılmalıdır. Bunu publik formada etmək dinc tənzimləməyə fayda verə bilər".

Əli