“Bunun davamı olmalıdır...” Siyasət

“Bunun davamı olmalıdır...”

Qüdrət Həsənquliyev: "Artıq cəmiyyətdə, ayrı-ayrı insanlarda çox böyük ümidlər yaranıb ki, dəyişikliklər baş verəcək"

"İki il müddətində sahibkarların kənar yoxlamalardan azad olunması mütərəqqi və inqilabi bir addımdır"

"ASAN XİDMƏT bütün sənədləri qəbul edirsə, niyə təkrar müvafiq dövlət orqanının rəyi alınmalıdır?"

"Qanunvericilik qaydasında vergi müfəttişlərinin sahibkarlarla birbaşa təması qadağan olunmalıdır"


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında sualları cavablandırıb. BAXCP sədrinin müsahibəsini oxucularımıza təqdim edirik



- Qüdrət bəy, yaxşı olar ki, bu gün cəmiyyəti maraqlandıran çoxsaylı sualları ümumiləşdirib sizdən soruşam: ölkədə nə baş verir?

- Düşünürəm ki, Azərbaycan Respublikasının prezidenti özü üçün artıq qərar verib ki, ölkəni inkişafın yeni mərhələsinə keçirmək lazımdır. Yəni korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir, sahibkarların azad nəfəs almasına imkan yaradılmalıdır. Hələ ötən ilin dekabrında müsahibələrimdən birində demişdim ki, Azərbaycanda sahibkarlar talan edilir. İndi mən çox məmnunam ki, eyni zamanda dünya bazarında neftin qiymətinin aşağı düşməsi bu qərarın qəbulunu sürətləndirib. Doğrudan da bəzən hansısa bir problemin həlli, yaxud cəmiyyətin öz inkişafında bir mərhələdən digər mərhələyə keçidi üçün mövcud ziddiyyətlər öz kulminasiya nöqtəsinə çatmalıdır. Hesab edirəm ki, bizdə də bəzi problemlər artıq elə bir həddə gəlib çatmışdı ki, bundan sonra buna reaksiya verməmək cəmiyyətimizin tam deqradasiyasına və dağılmasına səbəb ola bilərdi. Buna görə də prezident artıq mənim müşahidələrimə görə bu qərarları verib. İstər dövlət məmurlarının öz səlahiyyətlərindən sui-istifadə edərək sahibkarları, vətəndaşları talamasının qarşısının alınması istiqamətində qəti və radikal qərarlar qəbul olunub. İstər lisenziyaların verilməsi ilə bağlı məsələ olsun, bunun mərkəzləşdirilib ASAN XİDMƏT-ə verilməsi, iki il müddətində sahibkarların kənar yoxlamalardan azad olunması düşünürəm ki, olduqca mütərəqqi və inqilabi bir addımdır. Amma düşünürəm bunun ardı da olmalıdır. Ona görə ki, prezidentin özünün də söylədiyi kimi sahibkarların ən çox əziyyət çəkdiyi qurumlardan biri də elə vergi orqanlarıdır. Amma vergi orqanları yoxlamalarını davam etdirəcək. Düşünürəm burada da elə mexanizmlər işlənib hazırlanmalıdır ki, bu sahədə də şəffaflıq yaratmaq mümkün olsun. Şəxsən mənim təklifim ondan ibarətdir ki, qanunvericilik qaydasında vergi müfəttişlərinin sahibkarlarla birbaşa təması qadağan olunmalıdır. Yəni vergi orqanları sadəcə sahibkara rəsmi məktub göndərərək ondan müvafiq sənədləri tələb etməlidir. Bu məktub elektron formada da ola bilər, çap formasında da. Məhz təqdim olunan həmin sənədlər əsasında yoxlamalar aparılır və yoxlamanın nəticələri barədə də yenə sahibkara yazılı məlumat verilir. Hansısa əlavə məsələlərə aydınlıq gətirilməsi lazım olarsa yenə də bu yalnız və yalnız yazışmalar yoluyla həyata keçirilməlidir. Özü də bu yazışmalar arxivləşdirilərək uzun müddətə saxlanılmalıdır. Sahibkarla vergi məmurunun hər hansı bir təması kriminal xarakterli əməl kimi nəzərdə tutularaq cəzalandırılmalıdır. Bu təklifim nə qədər qəribə səslənsə də Azərbaycan reallığında, bizim mentalitetdə bunun başqa yolu yoxdur. Mən demirəm ki, burda hər zaman vergi məmuru günahkardır. Bir çox hallarda məhz vergi məmurlarına rüşvət sahibkarlar tərəfindən təklif olunur, sahibkarlar çalışır ki, vergi məmuruna rüşvət verməklə az vergi ödəsinlər və ya vergidən yayınsınlar. Buna görə də vergi sahəsində də şəffaflığın yaradılması son dərəcə önəmlidir və bunu etmək lazımdır. Tutaq ki, bizim sahibkarların Vergilər Nazirliyində nə işi var? Amma biz mətbuatda da dəfələrlə yazılanlardan bilirik ki, vətəndaşlar birbaşa Vergilər Nazirliyinə dəvət olunur, orada onlarla "söhbət aparılır", müəyyən razılaşmalar əldə olunur və s. Mən düşünürəm və parlamentin iclasında da söylədiyim kimi, əgər prezidentin hökumət qarşısında qoyduğu vəzifələrin 50 faizi yerinə yetirilsə, biz növbəti ildə sözün həqiqi mənasında başqa bir Azərbaycan görə bilərik. Bunun üçün cəmiyyətimizin də çox böyük potensialı var. Düşünürəm ki, başqa məmurlar da prezidentin qəbul etdiyi son qərarlardan özləri üçün nəticə çıxarmalıdırlar. Bunu kənar müşahidəçilər də görür ki, prezident öz komandasının üzvlərini qoruyur və maksimum çalışır ki, komandasının hansısa bir üzvündən imtina etməsin. Amma o çağırışlar edir, bir çox hallarda komandanın bəzi üzvləri bu çağırışlardan nəticə çıxarmırlar, yalnız son anda prezident görəndə ki, başqa bir çıxış yolu qalmayıb, o halda həmin məmurlar tutduqları vəzifədən kənarlaşdırılırlar və ya onların fəaliyyəti müvafiq qaydada araşdırılır və tədbirlər görülür. Düşünürəm ki, prezidentin öz komandasına olan bu münasibətindən də məmurlar sui-istifadə etməməli və nəticə çıxarmalıdırlar.

- Deməli, Eldar Mahmudov nəticə çıxarmadığına görə vəzifəsindən kənarlaşdırıldı?

- Mən belə düşünürəm. Ona görə ki, prezident dəfələrlə müşavirələrdə sahibkarlara divan tutulmasına son qoyulmasını və çıxışlarından nəticə çıxarılmasını tələb edirdi. Nəticə çıxarılmırsa, prezidentin artıq başqa qərar qəbul etmək yolu qalmır. Sonda onu söyləmək istəyirəm ki, doğrudan da Azərbaycanı yeni bir inkişaf mərhələsinə keçirməyin zamanı gəlib çatıb. İlk növbədə bu islahatlar iqtisadi sahədə aparılmalıdır. Bu sahədə islahatlar aparılmadan siyasi islahatların dərinləşdirilməsi Mixail Qorbaçovun yenindənqurma siyasəti kimi ölkə üçün heç də müsbət olmayan sonluqla nəticələnə bilər. Ona görə də ilk növbədə iqtisadi və buna paralel olaraq məhkəmə islahatları aparılmalı, bu islahatların arxasınca ölkədə köklü siyasi islahatlar aparılmalı, prezident üsul-idarəsindən parlament üsul-idarəli sistemə keçid edilməlidir. Sözsüz ki, bu cür qlobal miqyaslı islahatlar cəmiyyətlər üçün ağrısız keçmir, amma ortada Gürcüstan nümunəsi var və buna gedilməlidir. Düşünürəm ki, biz Azərbaycan cəmiyyətini də bu islahatlara hazırlamalıyıq.

- Parlamentdə və jurnalistlərə açıqlamalarınızda mütəmadi olaraq sahibkarların incidilməsi barədə həyəcan təbili çalan fəal millət vəkili Siz olmusunuz. O vaxtlar da biz bilirik ki, sizə çoxsaylı sahibkar müraciətləri olub və sizdən kömək istəyiblər. İndi isə vaxtilə incidilən sahibkarların həbsə atılan MTN zabitləriylə üzləşdirilməsi və müvafiq ifadələrinin alınması üçün istintaqa çağrıldığı barədə silsilə məlumatlar yayılır. Sirr deyilsə, son hadisələrdən sonra onlardan heç istintaqa ifadə vermək üçün dəvət olunanlar barədə sizə məlumat daxil olubmu?

- Bu barədə konkret məlumatım yoxdur. Amma sizə onu deyə bilərəm ki, bu tip məlumatlar tək-tük epizodlar deyil, kütləvi xarakter daşıyır. Məndə olan məlumata görə çoxlu sayda insanlar kütləvi şəkildə istintaq orqanlarına axışırlar və onlarda olan məlumatları istintaqla paylaşır, üzləşdikləri talançılığı qeyd edirlər. Ayrı-ayrı faktlar barədə zamanında mənə də məlumatlar verilib, amma etiraf edim ki, məsələnin bu dərəcədə dəhşətli olmasını təsəvvür etmirdim.

- Bəlli oldu ki, vaxtilə Hacı Məmmədov "mən osminoqun yalnız bir quyruğuyam" deməklə heç də səhv etməyibmiş...

- Korrupsiya cinayətləri ən inkişaf etmiş, qanunun aliliyinin tam təmin olunduğu, çoxpartiyalı sistemin oturuşduğu, ciddi siyasi rəqabətin mövcud olduğu ölkələrdə də var. Amma buna qarşı mübarizə də var. Xatırlayırsınızsa mən parlamentin iclasında söylədim ki, təxirə salınmadan məhkəmə islahatları aparılmalıdır, insanlar öz hüquqlarını yalnız inzibati orqanlara müraciət etmək yolu ilə qorumağa çalışmamalıdır. Yəni instisional islahatlar aparılmalıdır və vətəndaşlar öz pozulmuş hüquqlarını məhkəmə yolu ilə qorumaq imkanı əldə etməlidirlər. Eyni zamanda da məhəkəmə qərarları icra olunmalıdır. Mən şəxsən iki faktla – iki məhkəmə qərarının icra olunmamasıyla bağlı Ədliyyə Nazirliyinə müraciət etmişəm. Hər iki faktda da mənim birinci müraciətimdən sonra məsələnin ciddi şəkildə araşdırılaraq tədbir görüləcəyi bildirilib. Amma sonradan görünür nazirliyin müvafiq strukturlarına nazirliyin yüksək rütbəli rəhbərliyi tərəfindən fərqli göstəriş verildiyinə görə bu məhkəmə qərarları icra olunmayıb. Bilirsiniz, bu, faciədir və dəhşətdir. Maraqlıdır, mənim keçən dəfəki çıxışımdan sonra Ədliyyə Nazirliyi dərhal kollegiya keçirdi və ictimaiyyətə belə bir məlumat verildi ki, filan qədər adam məhkəmə qərarını icra etmədiyinə görə məsuliyyətə cəlb olunub və s. Amma bir millət vəkili kimi mənim özümə məlumat verilməsi lazım bilinmir ki, məhz sizin parlament tribunasından səsləndirdiyiniz məsələyə Ədliyyə Nazirliyinin münasibəti necədir. Heç bir vəzifəli şəxs heç buna reaksiya da vermir. Ona görə ki, məhz həmin şəxslərin tapşırığı ilə o məhkəmə qərarları icra olunmur. Əslində bu cür yanaşma parlamentin özünə bir ali hakimiyyət orqanı kimi hörmətsizliyin nümunəsidir. Ona görə də mən hesab edirəm ki, çox ciddi islahatlara başlanılmalıdır və bu islahatlar mütləq hüquq - mühafizə orqanlarını və məhkəmə sistemini əhatə etməlidir.
Mən Naxçıvandan yeni dönmüşəm, siz təsəvvür edirsiniz son 3 gündə həm Naxçıvanda küçədə sadə insanlarla, seçicilərimlə görüşlərimdə, həmçinin Bakıda təmasda olduğum insanlar sanki bayram ovqatındadır, insanların üzü gülməyə başlayıb, hamı bir-birini təbrik edir, insanlarda gələcəyə çöx böyük inam yaranmağa başlayıb ki, prezident bu işlərin öhdəsindən gələ biləcək, o, bu islahatları həyata keçirmək gücündədir. Bilirsiniz ki, bu islahatları həyata keçirmək heç də asan məsələ deyil. Bilirsiniz, etiraf etmək lazımdır ki, bir çox insanlarda bizim düzələn millət olmadığımızla bağlı bir inamsızlıq yaranmışdı. Amma indi insanlarda çox böyük ümidlər yaranıb ki, məhz yuxarıdan islahatlar yolu ilə, qansız- qadasız, qarşıdurmalar olmadan yığılıb qalmış problemləri həll edə bilərik. Dediyim odur ki, artıq cəmiyyətdə, ayrı-ayrı insanlarda çox böyük ümidlər yaranıb ki, dəyişikliklər baş verəcək. Elə bizim partiyanın özündə mənə yaxın insanlar var, ölkəyə az miqdarda dərman gətirməklə məşğul olan kiçik sahibkar olan bu insanlar neçə müddət idi ki, heç cür vaxtı çatmış lisenziyasının vaxtını uzada bilmirdi. Baxmayaraq ki, bütün digər dövlət qurumlarının icazə sənədləri, müvafiq rəyləri var idi, amma Səhiyyə Nazirliyi bu lisenziyanı vermirdi. Hətta mən Səhiyyə Nazirliyinə müraciət etdim ki, lisenziyanın vaxtının uzadılmamasının səbəbini deyin, bilək. Heç əhəmiyyət də verən olmadı. Ona görə bunları söyləyirəm ki, necə böyük bir korrupsiya aparatı ilə üz-üzə qaldığımızın miqyasını göstərə biləm. Yəni bəzi sahələrdə korrupsiya elə bir həddə gəlib çatmışdı ki, hətta millət vəkillərinin müraciətinə belə əhəmiyyət verən yox idi. Ona görə də lisenziyaların alınıb ASAN XİDMƏT-ə verilməsi çox mütərəqqi addımdır. Amma xahiş edirəm burada bir məqama ciddi diqqət yetirilsin. Lisenziyanı bundan sonra ASAN XİDMƏT versə də yenə də müvafiq dövlət orqanının rəyi tələb olunur. Yəni həmin orqanlar necə ki, lisenziyanı bəhanələrlə verməkdən imtina edirdilər, yenə də həmin o rəyi verməyəcəklər. Bu barədə də gərək cənab prezidentin özü də, müvafiq hakimiyyət orqanları da düşünsün ki, bu müddəa həmin fərmandan çıxarılsın. Fərqi nədir, rəy də elə lisenziya kimi bir sənəddir və belə çıxır ki, ASAN XİDMƏT yalnız və yalnız son verilən kağızı sadəcə sənə təqdim etməklə kifayətlənəcək. Ona görə də ASAN XİDMƏT bütün sənədləri qəbul edirsə, niyə təkrar müvafiq dövlət orqanının rəyi alınmalıdır? Fürsətdən istifadə edərək ölkə jurnalistlərinə səslənirəm ki, sizlər də bu məsələnin üstünə gəlin, bu məsələ də öz həllini tapsın.

- Bu gün hamı öz aləmində Eldar Mahmudovun yerinə namizəd axtarır. Bir hüquqşünas kimi Sizin qənaətiniz necədir, ora hansı strukturdan adam gətirilməlidir?

- Mən düşünürəm ki, istər milli təhlükəsizlik, istərsə də daxili işlər və hətta müdafiə nazirlərinin konkret həmin sahə üzrə mütəxəssis olması zəruri deyil. Çünki nazir vəzifəsi siyasi vəzifədir. Sabah ora istənilən bir siyasətçi, tutaq ki, hətta YAP rəhbərliyindən bir şəxs də təyin oluna bilər. Önəmli olan odur ki, təyin olunan şəxsin liderlik keyfiyyəti olsun və sırf peşəkarları işə cəlb etməklə fəaliyyyətini həyata keçirməlidir. Hər bir nazirliyin əsasnaməsi, qarşıya qoyulmuş vəzifələr, hədəflər var. Həmin şəxs sadəcə o işi doğru təşkil etməlidir. Siz baxın, ABŞ-da və Türkiyədə müdafiə və daxili işlər nazirləri mülki şəxslərdir. Bizdə çox vaxt bunu əsaslandırırlar ki, xüsusilə də ölkə müharibə vəziyyətində olduğuna görə müdafiə naziri hökmən hərbçi olmalıdır. Bu tamamilə yanlış yanaşmadır. Əksinə, sizi əmin edirəm ki, sadaladığım vəzifələrə mülki şəxslərin təyin olunması o sahələrdə bir çox neqativ halların qarşısını ala bilər.

- Cəmiyyətə vaxtında məlumat verilməsi son olaylarla bağlı çoxsaylı şayiələrin ayaq açmasına rəvac verib...

-Mən təəssüf edirəm ki, başlanılmış cinayət işləri, kimlərin həbs olunduğu, onlara konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə cəmiyyətə vaxtında məlumatlar verilməməsi elə bir vəziyyət yaradıb ki, bir çox hallarda jurnalistlər hansısa məqsədyönlü şəkildə mətbuata ötürülən məlumatları, yaxud da aldıqları yanlış informasiyaları dəqiqləşdirmə imkanları olmadığından tirajlayırlar. Bu da ona gətirib çıxarır ki, bu qurum əhali arasında gözdən salınır. Bu da çox qorxuludur. Ona görə ki, bu qurumun gücü onun məhz ictimaiyyətlə işləməsindədir. Yəni insanlar ölkənin təhlükəsizliyi üçün bu struktura inanmasalar, onunla əməkdaşlıq etməsələr acınacaqlı vəziyyət yarana bilər. Bilirsiniz ki, Azərbaycan islam dünyasının bir hissəsi kimi çox təhlükəli bir coğrafiyada yerləşir. Burada böyük dövlətlərin hamısının maraqları var. Yəni əhali bu quruma etimad göstərməsə belə bir ölkədə təhlükəsizliyi qorumaq, müxtəlif dini-ekstremist cərəyanların qarşısını almaq çox çətin olar. Ona görə də jurnalistlərə səslənirəm ki, bir qədər ehtiyyatlı olsunlar, əldə etdikləri informasiyaları dərhal ictimailəşdirməyə can atmasınlar. Amma bir daha deyirəm ki, istintaqı aparan orqanlar mütləq mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdırlar ki, şayiələrə yer qalmasın. Bir də görürsən ki, adi bir məişət hadisəsi ilə bağlı prokurorluq və polis orqanları dərhal birgə məlumat yayırlar. Amma neçə gündür bütün ölkə bu olaylara köklənib, amma istintaq orqanları alayarımçıq açıqlamalarla o informasiya aclığını aradan qaldıra bilmirlər. Hesab edirəm ki, bu tamamilə yanlış və ictimai rəyə hörmətsiz münasibətdir. Müvafiq orqanlar bunlardan nəticə çıxarmalıdırlar və vaxtında açıqlamalar verməklə Milli Təhlükəsizlik Nazirliyinə qarşı belə bir kampaniyanın aparılmasının qarşısını almaq olardı. Amma məhz informasiya çatışmazlığı ona gətirib çıxardı ki, kim nə istədisə onu da yazdı. Ona görə də mən hüquq – mühafizə orqanlarına da müraciət edirəm, ictimaiyyəti maraqlandıran suallara dərhal cavab verilməlidir. Elə götürək Beynəlxalq Bankla bağlı məsələni. Kimin ağlına nə gəlirdi yazırdı ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi filankəsi tutdu, filnkəsi boşladı. Olmazdı ki, DİN bu barədə ictimaiyyətə mütəmadi məlumat verəydi ki, kimlər istintaqa çağrılıb, niyə çağrılıb, kim nə qədər kredit götürüb, nə qədərini ödəyib, nə qədərini ödəməyib və s. Yəni ictimaiyyəti məlumatlandırmaq lazımdır ki, dedi-qodulara yer qalmasın. İkincisi də insanlar bu dedi-qodulara öyrənməsin. Cəmiyyət və insanlar bu cür şayiələrə aludə olanda onlar sabah heç vaxt rəsmi informasiyalara əhəmiyyət verməyəcklər. Bu da dövlətin təhlükəsizliyi üçün çox qorxuludur ki, istənilən təxribatçı qüvvələr ölkədə şayiələri yaymaqla ölkədə çox ciddi gərginlik yarada bilərlər. Bundan nəticə çıxarmalıdırlar ki, cəmiyyəti şayiəyə öyrətmək olmaz. Bizdə çox təəssüf ki, vaxtında informasiyaların verilməməsi bu cür anormal vəziyyətə gətirib çıxarır. Görürsünüz xaricdə, bir dənə hadisə baş verirsə, həmin şəhərin meri və hüquq - mühafizə orqanları dərhal media önünə çıxaraq ictimaiyyəti maraqlandıran sualları cavablandırmağa tələsirlər. Bizdə də buna adət etmək lazımdır.