ATƏT DTİHB-nin görməzdən gəldiyi Avropa Siyasət

ATƏT DTİHB-nin görməzdən gəldiyi Avropa

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) cəfəng bəhanə ilə Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etdi.
Belə ki, Büro birgünlük müşahidə üçün 300, uzunmüddətli müşahidə üçün isə 60 nəfərlik nümayəndə heyəti göndərmək istədiyini açıqladı. Azərbaycan öz imkanlarına uğun olaraq bu sayın 125 və 30-a endirilməsini təklif etdi. DTİHB isə heç bir müzakirə aparmadan ölkəmizə gəlməyəcəyini açıqladı. Sadə analiz, xüsusilə 2013-cü ildə keçirilən prezident seçkilərində Büronun nüfuzlu Avropa strukturlarının rəylərinə qarşı çıxaraq, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürməsi onların budəfəki bəhanələrinin də əsl məqsədini aydın edir.
DTİHB imtina qərarını açıqlamamışdan öncə noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycana tutduğu "iradlar" və irəli sürdüyü tələbləri nəzərdən keçirərkən bir çox məqamlar ortaya çıxır. Seçki-2015.az saytı DTİHB-nin Azərbaycan qarşısında irəli sürdüyü tələbləri və Avropa ölkələrindəki analoji vəziyyəti araşdırıb.


Azərbaycan və Avropa: real müqayisə


Büro Azərbaycanda keçirilən təbliğat-təşviqat kampaniyasına 23 gün müddət ayrılmasını az hesab edir. Halbuki, Avropanın inkişaf etmiş ölkəsi hesab olunan Fransada bu müddət cəmi 20 gündür. Digər Avropa ölkələrində də təbliğat-təşviqat kampaniyası üçün nəzərdə tutulan müddət Azərbaycanla müqayisədə çox azdır. Misal üçün, Almaniyada bu müddət rəsmi qaydada göstərilməyib. Lakin faktiki olaraq bu ölkədə seçki kampaniyası seçki günündən cəmi iki həftə əvvəl başlayır. Norveçdə və bir çox Avropa ölkəsində bu müddət qanunvericilikdə göstərilməsə də, əslində təbliğat-təşviqat kampaniyası 3 həftədən artıq deyil.
DTİHB-in iradlarından biri deputatlığa namizədliyin qeydə alınması üçün minimum 450 imzanın tələb olunmasıdır. Azərbaycanla müqayisədə Avropa ölkələrinin seçki qanunvericilikləri isə daha sərt tələblər irəli sürür. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsində parlament seçkilərində iştirak etmək istəyən şəxslərdən namizədliyini irəli sürdüyü dairədən ən azı 450 seçici imzası toplaması tələb olunur. Bir vətəndaş bir neçə namizədə dəstək imzası verə bilər. Bununla yanaşı, Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda namizədlərdən depozit tələb olunmur. Qeydiyyat zamanı namizəd və ya siyasi partiyaların səlahiyyətli nümayəndələri, yaxud seçki blokları isə seçki gününə 50 gündən az və 30 gündən çox müddət qaldıqda lazımi sənədləri müvafiq Dairə Seçki Komissiyalarına təqdim etməlidirlər. Komissiya bunun əsasında 7 gündən gec olmayaraq namizədliyin hüquqi etibarlılığı ilə bağlı qərar qəbul etməlidir.

Bəs Avropada vəziyyət necədir?

Almaniyada Bundestaqa seçkilərdə iştirak etmək istəyən partiya əvvəlki seçkilərdə müvafiq qanunverici orqanda ən azı 5 nümayəndə ilə təmsil olunmayıbsa, hər bir əyalətdə səsvermə hüququna malik olan seçicilərin ən azı 0,1 faizinin imzası tələb olunur. Bu, 2000-nə qədər seçici imzası deməkdir. Bununla yanaşı, Almaniyada Federal və ya Əyalət qanunverici assambleyalarında təmsil olunan siyasi partiyalar seçki gününə azı 97 gün qalmış seçkilərdə iştirak etmək niyyətlərini açıqlamayıbsa, onların seçkilərdə iştirak hüququ tanınmır.
Niderland Krallığında keçirilən seçkilər isə bahalılığı ilə diqqət çəkir və daha çox tender üsulunu xatırladır. Belə ki, bu ölkədə Nümayəndələr Palatasına seçkilərdə namizəd siyahısı irəli sürən hər bir qrup yalnız 11250 avro miqdarında minimum depozit ödədikdən sonra qeydiyyatdan keçə bilər. Əgər həmin qrup, yəni siyasi partiya, yaxud bloklar seçkilərdə seçicilərin 75 faiz səsini qazana bilmirsə, ödənilən depozit geri qaytarılmır.
Norveçdə tələb olunan minimum imza sayı isə Azərbaycanla müqayisədə çoxdur. Bu ölkənin qanunvericiliyinə görə, parlament seçkilərində namizədliyin təsdiqi üçün 500, bələdiyyə seçkilərində isə səsvermə hüququ olan seçicilərin ən azı 2 faizinin imzası olmalıdır. Bununla yanaşı, Norveçdə namizəd siyahılarının təqdim edilməsi üçün son tarix seçki günündən azı 5 ay qabaqdır. Bu isə seçki təbliğatının aparılması, yaxud partiyaların namizəd siyahılarını müəyyənləşdirməsinə çətinliklərə səbəb olur.


Toplaşma azadlığına zor tətbiq etmə hüququ...


DTİHB-in iradlarından biri də Azərbaycanda toplaşma və ifadə azadlığı ilə bağlıdır.
Azərbaycan Konstitusiyasının 47-ci və 49-cu maddələrində namizədlər, siyasi partiyalar və ya qruplar, eləcə də kütləvi mətbuat da daxil olmaqla seçki kampaniyasının bütün iştirakçılarının ictimai (seçki) toplaşmalar keçirmək hüququ vardır. Yalnız irqi, milli, dini və sosial fikir ayrılığı və ədavətə yol verən təbliğat qadağandır.
Avropa ölkələrinin bir çoxunda isə toplaşma hüququnun qanunla qadağan edilməsi mövcuddur. Misal üçün, Almaniya Konstitusiyasının 8-ci maddəsində Bundestaqa açıq havada keçirilən kütləvi aksiyaları məhdudlaşdırmaq hüququ verilir. Həmçinin, kütləvi aksiya təşkilatçıları 48 saat öncə məlumat verməli, əks tədqirdə qanun həmin aksiyaların dağıdılması, yaxud qadağan olunması hüququnu tanıyır.
Niderland Konstitusiyasının 9-cu maddəsi dövlətə kütləvi aksiyalara məhdudiyyətlər qoymaq hüququnu verir. Norveç Konstitusiyasının 101-ci maddəsi isə dövlətə ictimai asayişi pozan kütləvi aksiyaları zor tətbiq edərək dağıtmaq hüququ verir. DTİHB-nin "irad" tutduğu Azərbaycanda isə kütləvi aksiyalara zor tətbiq edilməsi, yaxud məhdudiyyətlər qoyulması kimi qanunvericilk aktları yoxdur.
Maraqlıdır ki, DTİHB gözünün önündəki Avropanı nədən görmür, yaxud Avropa ölkələrində olmayan məsələləri niyə Azərbaycandan tələb edir? Araşdırma bunun açıq qərəzdən irəli gəldiyini göstərir.