“İnkişaf bir sıra göstəricilərlə xarakterizə olunur” Siyasət

“İnkişaf bir sıra göstəricilərlə xarakterizə olunur”

Şahin Seyidzadə: "Bunlardan biri ölkənin seçkilər prosesində demokratik prinsip və dəyərlərin qorunmasıdır"

"Noyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycan rəhbərliyinin qarşısında duran bir çox məsələləri həll edəcək". Seçki-2015.az saytının məlumatına görə, rusiyalı politoloq, MDB Postsovet məkanının tədqiqi üzrə analitik-informasiya mərkəzinin direktor müavini Aleksandr Karavayevin məqaləsində belə deyilir. Müəllif bildirir ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri nəticəsində Milli Məclisin tərkibi yenilənməklə yanaşı, "mühafizəkar demokratiya"nın Azərbaycan modelinin səmərəliliyi də təsdiqini tapmış olacaq.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə bildirib ki, ölkənin inkişafı bir sıra göstəricilərlə xarakterizə olunur: "Bunlardan biri ölkənin seçkilər prosesində demokratik prinsip və dəyərlərin qorunmasıdır. Bu baxımdan cari ildə həyata keçirilən parlament seçkiləri həm təşkilati cəhətləri, həm namizədlərin qəbulu, həm də təbliğat-təşviqat işinin təşkilinə görə, ölkənin inkişaf meyllərinin bütün xüsusiyyətlərini özündə birləşdirir". O, qədim dövlətçilik ənənələrinə malik müasir Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və ölkənin bütün sahələrini əhatə edən inkişaf meylləri tədricən Azərbaycanı dünyanın qabaqcıl dövlətlərindən birinə çevirir. ARGTMŞ sədri belə bir şəraitdə Azərbaycan gənclər siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətin bütün dünyada uğurlu bir təcrübə kimi tanındığını vurğulayıb. Onun sözlərinə görə, gənclər siyasəti çərçivəsində gənclərlə bağlı atılmış uzunmüddətli strateji addımlar, onların fəallığını artırıb, qərarvermə prosesində onların yaxından iştirakını təmin edib: "Bütün bunlar gənclərin parlament seçkilərində fəal iştirakına imkan yaradır. Bu baxımdan Gənclər Təşkilatları Milli Şurası da 112 təşkilatla birgə gənclərin bu istiqamətdə maarifləndirilməsinə xüsusi əhəmiyyət verir. Təşkilat və onun üzvləri tərəfindən mütəmadi olaraq bu istiqamətdə gənclərlə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Gənclər Təşkilatları Milli Şurası tərəfindən oktyabr ayının 27-də Mərkəzi Seçki Komissiyasına təşkil olunan məlumat turu da bu istiqamətdə mühüm əhəmiyyətə malikdir". Ermənipərəst qüvvələrin təsiri altında olan bəzi dairələrin, beynəlxalq təşkilatların parlament seçkisi öncəsi Azərbaycan haqqında həqiqətə uyğun olmayan rəy formalaşdırmalarına münasibət bildirən Ş. Seyidzadə bu cür halları təəssüflə qarşıladığını dilə gətirib. O deyib ki, Azərbaycanın inkişafından narahatlıq hissi keçirən dairələrin ölkəmizə qarşı qarayaxma cəhdləri tendensiyaya çevrilib: "Azərbaycan xalqının inam, etimad və iradəsi sayəsində bu kimi cəhdlər uğursuzluğa düçar olur. Azərbaycan xalqı dəfələrlə doğru seçimlər etdiyini sübut edib. Xalqımız qərəzli dairələrin bəyanatları haqqında yox, Milli Məclisdə onların səsini duyuracaq millət vəkilini seçmək haqqında düşünür. Əlbəttə, zaman ən böyük sınaqdır. Ölkəmiz bütün sınaqlardan uğurlu və səmərəli nəticələr çıxarıb, yeni-yeni uğurlara imza atıb. İnanıram ki, budəfəki seçkilər də tarixin növbəti uğurla nəticələnən sınağı olacaq".
Politoloq Mübariz Əhmədoğlu isə ölkədəki seçkiqabağı vəziyyətini şərh edərkən bildirib ki, seçkilərə az qalmış müxalifətin mitinq keçirməsi və öz elektoratı ilə görüşərək sözlərini deyə bilmələri, Azərbaycanda bütün iddiaçılara bərabər şəraitin yaradıldığını göstərir. M. Əhmədoğlunun sözlərinə görə, ölkə daxilində seçkinin üç subyekti var. Aktiv subyekt - bu əhali, seçicilər, passiv subyekt, deputatlığa namizədlər, digər obyekt isə seçkini təşkil edən qurum - Mərkəzi Seçki Komissiyasıdır. Politoloq söyləyib ki, hakimiyyət tərəfindən ölkədaxili sabitlik tam təmin edilib, deputatlığa namizədlər isə öz sözünü deyə və təbliğatını apara bilirlər: "Hazırda ölkəmizdə parlament seçkiləri ilə əlaqədar namizədlərin təbliğat-təşviqat kampaniyası gedir, ölkədə siyasi gərginlik demək olar ki, yoxdur. Hamı öz işi ilə məşğuldur. 125 deputat yerinə 800-ə yaxın namizəd mübarizə aparır. Deputatlığa namizədlər bütün siyasi palitranı, Azərbaycanda bütün dini, etnik, əqidə daşıyıcılarını əhatə edir. Yəni ölkənin daxilində demokratik seçki keçirmək üçün hər şey hazırdır. Azərbaycanda ümumiyyətlə seçki təcrübəsi regional miqyasda ən yüksək standartlara cavab verir. Məsələn, Ermənistanda seçki siyahısı hələ bu günə kimi açıqlanmır, internetdə yerləşdirilmir. Bunu guya ki, təhlükəsizliklə əlaqələndirirlər. Halbuki 2000-ci ildən Azərbaycanda siyahılara giriş tam təkmilləşdirilib. Ermənistanda isə hətta kamerası olan telefonlarla məntəqəyə gəlmək qadağandır. Bu mənada Azərbaycanla Ermənistan müqayisəyə gəlməz. Qaldı ki, ATƏT-in, digər beynəlxalq qurumların müşahidəçilərinə, həqiqətin gözünə dik baxmaq lazımdı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) əvvəllər seçkiləri ona görə müşahidə edirdi ki, onların bəzi fiqurları burada guya ki, qanun pozuntuları qeydə alırdılar, sonra isə bundan istifadə etməyə cəhd göstərirdilər. Artıq onlar ifşa olunduqları üçün Azərbaycana gəlməyin və müşahidə etməyin mənası qalmadığını düşünürlər. Ermənistanla Azərbaycanın Seçki Məcəlləsini müqayisə etsək, bizdə bu məcəllə kifayət qədər demokratikdir. Halbuki ATƏT bu barədə həmişə susub. Hətta 2013-cü ildə Ermənistandakı prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu günə qədər də yekun bəyanat hazırlaya bilməyib. Orada o qədər biabırçılıqlar qeydə alınıb ki, onları ört-basdır edə bilmirlər. Bu cür faktların sayını artırmaq da olardı, amma ehtiyac yoxdur, ona görə də həmin təşkilatların Azərbaycana qərəzli münasibəti hamıya bəllidir".