Rusiyada növbəti diaspor qalmaqalı Siyasət

Rusiyada növbəti diaspor qalmaqalı

Rusiyadakı azərbaycanlı diasor nümayəndələri "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etdiklərinə görə təzyiqlərlə üzləşib.
Onlara təzyiq edənlər arasında Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının liderləri də yer aldığı bildirilir.
Xəbərə görə ötən ilin dekabrında diasor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər.
Müraciətdə deyilirdi ki, belə qanunun qəbulu ifadə azadlıqlarına ziddir və qanun qəbul ediləcəyi təqdirdə azərbaycanlı diasor təşkilatları beynəlxalq instansiyalara müraciət edəcəklər.
Müraciətin altına Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının 30 nümayəndəsi, o cümlədən Yaroslavldan Asman Hüseynov, Kostromadan Kamran Babayev, Nijniy Novqoroddan Vidadi Abbasov və digərləri imza atıblar.
Bu müraciətdən Rusiya dövlət strukturları xəbər tutan kimi onu imzalayanlar FTX-nin və digər orqanların təzyiqləri ilə üzləşib. Onlara çatdırıblar ki, Dövlət Dumasına göndərilən müraciətdən imzalarını geri çəkmək lazımdır. İmza atanların bəziləri ilə "səmimi" söhbət ediblər, bəzilərini hədələyiblər və biznesləri ilə şantaj ediblər. Buna baxmayaraq onlar imzalarını geri götürməyiblər.
Məlumata görə, həmin müraciətə imza atanlara qarşı təzyiqlərə azərbaycanlı diaspor təşkilatları da qoşulublar. Rusiya azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti "AzərRos"un saytında dekabrın 23-də yer alan məlumatda deyilir ki, təşkilatın Kalininqad vilayəti üzrə nümayəndəsi Nadir Ağayev həmin müraciəti imzalamaqdan imtina edib. Hətta hüquqi savadlı ilə lovğalanaraq deyib ki, bu müraciətin nə dərəcədə qanuni olduğu araşdırılmalıdır.
Müraciətə imza atmayanlar arasında Moskvadakı diaspor təşkilatının rəhbəri Ağadədə Kərimov və Rostovdakı diaspor lideri Vaqif Mustafayev də var. Belə görünür ki, onları başa düşmək olar, çünki arvadları ermənidir. Ancaq Tatarıstandakı diaspor lideri Sübhan Əhədzadə də müraciətə imza atmaqdan imtina edib. Bu həmin Əhədzadədir ki, bir neçə il əvvəl tatar gənclərinin Xocalı şəhidlərini yad etmək üçün küçələrə çıxmasını pisləmişdi. Əhədzadə nəinki müraciətə imza atmayıb, üstəlik Tatarıstanın Leninoqorsk şəhərindəki "Birlik" diaspor təşkilatının rəhbəri Ramiz Məmmədova da müraciətə imza atdığı üçün irad bildirib.
Tatarıstandakı azərbaycanlı diasporundakı mənbələr bildirib ki, Əhədzadə hətta Ramiz Məmmədovdan Tatarıstan xalqlar Assambleyasına da şikayət edib, onun hərəkətinin bütün diaspora zərbə vurduğunu deyib. O da məlum olub ki, Əhədzadə özü Narışkinə "soyqırım"ın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulmasının yolverilməz olduğunu bildirən məktub göndərib. Görünür o, imzasının uzun siyahıda "itib-batmasını" istəməyib.
Rusiyadakı diaspor təşkilatlarından daxil olan məlumata əsasən Rusiya Azərbaycanlıları Konqresinin rəhbəri İlqar Hacıyev və "AzərRos"un keçmiş rəhbəri Söyün Sadıqov da şəxsən regionlardakı diaspor rəhbərlərinə zəng ediblər və tələb ediblər ki, Narışkinə müraciəti imzalamasınlar.
Baş verənləri kəskin tənqid edən BQP sədri, millət vəkili Fazil Mustafa günahın həm də diaspora məsul vəzifəli şəxslərin üzərində olduğunu bildirib. Onun qənaətinə görə, Rusiyadakı diasporamız gözlənilməz addım atılmayıb: "Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar. İndi də öz iqtisadi və siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər. Etiraf edək ki, Rusiyada gerçək Azərbaycan diasporasının yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır.
Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspora yükünün altına soxmaz. Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə etməsin. Baxarsınız, bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər.
Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?" Yaxud da: "Sizin ana-bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?" İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspora işinə burnunu soxursan?" Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşiman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi?
İndi Rusiyada "erməni soyqırımı" ideyasını dəstəkləyən Azərbaycan diasporasının mövcudluğunun səbəbini az-çox anlamış olduq.
Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa bu hadisəden nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək".
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyevin Rusiya Dövlət Dumasına təqdim olunan "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
İlqar Hacıyev APA-ya açıqlamasında xəbərlərin əsassız olduğunu, kimlərsə tərəfindən məqsədli yayıldığını deyib və bunu təxribat adlandırıb. O qeyd edib ki, bu ay Rusiyadakı azərbaycanlılar adından layihəyə etiraz olaraq Dövlət Dumasının sədri Sergey Narışkinə, prezident Vladimir Putinə və baş nazir Dmitri Medvedevə rəsmi məktub göndərəcəklər.
İlqar Hacıyev Söyün Sadıqovun da belə bir addım atacağına inanmadığını söyləyib: "Əvvəla, o artıq "Azərros"da deyil, ikincisi də onun belə bir addım atması üçün səbəb görmürəm. Heç bir fakt göstərilmədən belə məlumat yayıb, bizi ləkələmək istəyirlər. Bizim hər ilin sonunda bütün regional təşkilatların rəhbərlərinin iştirakı ilə yekun iclasımız keçirilir, sadəcə olaraq, ötən ay bu iclası təşkil edə bilmədik. Bu ay ötən ilin yekunlarına dair toplantının gündəliyində etiraz sənədinin hazırlanması da var. Müraciətdə göstərəcəyik ki, belə bir layihənin qəbulu Rusiya qanunvericiliyinə ziddir. Mən özüm hüquqşünas, vəkil kimi bu qanun layihəsini əsassız sayıram. Ən azı ona görə ki, məsələn, Rusiya vətəndaşı olan azərbaycanlılar bu qanun qəbul olunduqdan sonra qondarma soyqırımı inkar edəcəkləri təqdirdə, məsuliyyətə cəlb oluna bilər ki, bu da absurddur. Bizim Konqres qarşısına qoyulan öhdəliyə sadiqdir və başlıca məqsədi də Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsidir".
"Azərros"un bir neçə regional təşkilatı tərəfindən artıq belə bir müraciətlərin qəbul olunduğunu deyən İlqar Hacıyev bunun xaotik formada həyata keçirildiyini vurğulayıb: "Biz bu ay müzakirə keçirib, dolğun və aydın rəsmi sənəd hazırlayaraq Duma rəhbərinə, prezident Putinə və baş nazir Medvedevə göndərəcəyik. Lazım gəlsə, geniş aksiyalar, nümayişlər formasında haqqımızı tələb edəcəyik. Biz əminik ki, Rusiya rəhbərliyi mövqeyimizi nəzərə alacaq. Çünki məlum Orxan Zeynalov hadisəsində tələblərimiz ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandı və azərbaycanlılara rəğbət ifadə olundu".