“Azərbaycan müxtəlif dini inanclı şəxslərin birgə yaşadığı bir məkan olub” Siyasət

“Azərbaycan müxtəlif dini inanclı şəxslərin birgə yaşadığı bir məkan olub”

Musa Qasımlı: "Xalqımız xristianlara, iudaistlərə daim xoş münasibət bəsləyib"

Aydın Hüseynov: "Azərbaycanda bir sıra tolerantlıq nümunələri ortaya qoyulacaq"

"Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi xalqımızın xarakterindən, həyat tərzindən, tarixi ənənələrindən və dövlətimizin yürütdüyü siyasətdən irəli gəlir".
Bunu millət vəkili, professor Musa Qasımlı Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikultiralizm ili" elan edilməsinə münasibət bildirərkən qeyd edib. M.Qasımlının sözlərinə görə, tarixən Azərbaycan müxtəlif dini inanclı şəxslərin birgə yaşadığı bir məkan olub: "Xalqımız xristianlara, iudaistlərə daim xoş münasibət bəsləyib. Onlar heç zaman özlərini təcrid və ya sıxışdırılmış halda hiss etməyiblər. Məsələn, Azərbaycan Cümhuriyyətinin qanunverici və icraedici orqanlarında müxtəlif xalqların nümayəndələri var idi. SSRİ-də antisemitizm tüğyan etdiyi bir zamanda Azərbaycanda belə bir hal mövcud deyildi. Dövlət müstəqilliyi bərpa edildikdən sonra da ölkəmizdə müxtəlif dinlər üçün bərabər şərait yaradılıb. Dünyəvi dövlət olan Azərbaycan tolerantlıq baxımından bir nümunədir və digər ölkələrin bizdən öyrənəcəyi çox şey vardır".
Millət vəkili Aydın Hüseynov isə hesab edir ki, multikulturalizm ili ilə bağlı ilk tədbir olaraq vəhdət namazının qılınmasını xüsusi vurğulamaq lazımdır: "Heydər məscidində vəhdət namazının qılınması müsəlman aləminə çox təsirli, gözəl mesaj oldu. İslam dünyası təriqətlərə bölünüb, müsəlmanlar parçalanıb. Heydər məscidində qılınan vəhdət naması bu mənada dünyaya nümunə oldu. Azərbaycan müsəlmanları göstərdi ki, biz eyni yerdə namaz qıla bilirik və bu, heç bir problem yaratmır. Bakıda bir neçə dinin müqəddəs ocaqları çox yaxın ərazidə yerləşirlər. Məsələn, Bakının Nizami metrosunun yaxınlığında həm məscid, həm kilsə, həm də sinaqoq var. Onlar bir-briindən elə də uzaqda yerləşmir. Onların arası 200-300 metr deyil. Bu baxımdan Azərbaycan dünyaya tolerantlığın, multikulturalizmin nümunələrini bəxş edib. Biz, tolerantlığın, multikulturalizmin nümunələrini təkcə sözdə, kağız üzərində deyil, praktikada nümayiş etdiririk. Bu baxımdan Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların ilk dəfə bir araya gələrək vəhdət namazı qılmaları gözəl örnəkdir".
A.Hüseynov bildirib ki, Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində bir sıra tolerantlıq nümunələri ortaya qoyulacaq: "Azərbaycan xalqı fərqli fikirlərə hər zaman dözümlü yanaşıb və bu mədəniyyəti bundan sonra da yaşadacağıq. Multikulturalizm bizim həyat tərzimizə çevrilib. "Azərbaycan" dedikdə dünya xalqlarının təsəvvüründə yüksək mədəniyyəti, qədim tarixi, zəngin ehtiyatları, sabitliyin hökm sürdüyü bir ölkə canlanır.