“Azərbaycan üçün ən mühüm məsələ...” Siyasət

“Azərbaycan üçün ən mühüm məsələ...”

Fərəc Quliyev: ""Moskva müqaviləsi" nin 3-cü maddəsində göstərilən müddəadır"


Rusiya Kommunist Partiyasından olan millət vəkilləri Vladimir Putindən 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan "1921 dostlıq və əməkdaşlıq-"Moskva müqaviləsi"nin ləğv edilməsini istəyib. Dövlət Dumasında təmsil edilən partiyanın üzvü Valeriy Raşkin ilə Sergey Obuxov ölkə prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrova bu barədə məktub ünvanlayıblar. Qeyd edək ki, Rusiyadakı erməni lobbisi də bir müddətdir ki, bu istiqamətdə iş aparırdı.
Belə ki, hələ keçən ilin sonlarında ermənipərəst qüvvələr sırasında yer alan "Regnum" İnformasiya Agentliyi Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa keçirmişdi.
1921-ci il martın 16-da Türkiyə Böyük Millət Məclisi (TBMM) və Sovet Rusiyası arasında imzalanmış "Moskva müqaviləsi"nə görə, keçmiş İrəvan quberniyasının Naxçıvan və Şərur-Dərələyəz qəzaları Azərbaycan ərazisi kimi tanınıb. Həmçinin Qars vilayəti və İrəvan quberniyasının keçmiş Sürməli qəzası və Aleksandropol qəzasının qərb hissəsi bu müqaviləyə görə Türkiyənin qanuni ərazisi kimi qəbul edilib. "Moskva müqaviləsi" nəticəsində əldə edilmiş anlaşma 1921-ci il oktyabrın 13-də isə "Qars müqaviləsi" ilə möhkəmlənib. Yəni Türkiyənin Qars şəhərində Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Rusiyanın iştirakı ilə bağlanmış müqavilə nəticəsində yekun təsdiqini tapıb.
Beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilədə əsas qarant rolunda Türkiyə və Rusiya çıxış edir.
Bəs indi bu müqavilənin ləğvi mümkündürmü? Ləğv olunarsa, Azərbaycan üçün hansı təhdidlər yarada bilər?
Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, 1921-ci il "Moskva müqaviləsi"nin ləğvi ilə Rusiya dolayısı ilə Azərbaycana və türk dünyasına meydan oxuyacaqsa, hüququ cəhətdən ədalətli tərəf olaraq onun qarşısından çəkilməli deyilik: "Moskva müqaviləsi" 1921-ci ilin martında Türkiyə ilə Sovet Rusiyası arasında bağlanmışdı. Müqavilənin müddəalarına görə, İrəvan quberniyasının Naxçıvan və Şərur-Dərələyəz qəzaları da Azərbaycan əraziləri kimi tanındı. Habelə Qars vilayəti, İrəvan quberniyasının Sürməli qəzası və Aleksandropol qəzası Türkiyə ərazisi olaraq tanındı. Qısa zaman ərzində aidiyyatı olan respublikalar da bu müqaviləyə qoşuldu. Nəticədə 1921-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə də "Qars müqaviləsi" imzalandı.
Burada Azərbaycan üçün ən mühüm məsələ "Moskva müqaviləsi" nin 3-cü maddəsində göstərilən müddəadır. Burada göstərilir ki, Naxçıvan ərazisi heç zaman 3-cü dövlətin protektoratlığına verilə bilməz. Bir dəfə, 1990-cı ilin 20 yanvar qırğını dövründə bu müqavilədən istifadə etmişik. Həmin zaman Naxçıvan Ali Soveti SSRİ tərkibindən çıxmaqla bağlı qərar verdi. Bu da böyük bir qalmaqala səbəb oldu. Bəlkə də 1990-cı ilin yanvarında Naxçıvana rus ordusunun daxil olmamasında bu qərarımızın səbəbi oldu. İndi ruslar "Moskva müqaviləsi"nin ləğvi məsələsini qaldırıb. Bu təklif də rus kommunistləri tərəfindən səslənib. Həmçinin, Dövlət Dumasındakı Ədalətli Rusiya Naminə Partiyası da onlara dəstək verib. Hesab edirəm ki, belə addımlar Rusiya siyasətinin bir parçasıdır. Amma təkliflə çıxış edənlər anlamır ki, müqavilədə keçmiş İrəvan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz qəzaları ifadələri yer alıb. Başa düşməlidirlər ki, "Türkmənçay müaviləsi"ndən sonra İrəvan quberniyası Rusiyanın tərkibinə keçib. "Türkmənçay müqaviləsi" isə artıq qüvvəsini itirib. Parlamentdə məsələ qaldırdırmışdım ki, "Türkmənçay müqaviləsi"nin qüvvədən düşməsini tanımaq lazımdır. Çünki, bu müqavilə avtomatik olaraq qüvvədən düşmüşdü, bölücülük edən iki imperiyadan biri artıq yox idi. O ərazidə artıq yaradılan Azərbaycan Respublikasını isə tərəflərdən biri olan Rusiya artıq ölkə olaraq tanıyıb. Deməli, tərəflərdən birisi artıq bu müqavilədən imtina edib.
Helsinki Yekun Aktında da göstərilir ki, işğala məruz qalan tərəf işğalçı tərəfin təhdidlərini daşımır. O mənada "Türkmənçay müqaviləsi" qüvvədən düşmüş sayıldığından, hətta bu müqavilədə belə artıq Azərbaycan əraziləri alver predmeti ola bilməz. İkinci bir tərəfdən, müqavilədə açıq-aydın göstərilib ki, "Moskva müqaviləsi", "Qars müqavilə"si müddətsizdir və tərəflər də onu tanıyıb. Düzdür, indi ortalığa başqa məsələ çıxıb. Guya ruslar məsələni belə qoyurlar ki, Gürcüstan və Ermənistan vaxtilə məsələyə fərqli yanaşıb və həmin müddəaların icrası ilə razı deyillər. Yəni deyirlər ki, Ermənistan Qars müaaviləsi üzrə razılaşmanı tanımır. Amma adama deyərlər ki, ümumiyyətlə Ermənistanın yaranması və İrəvanın Azərbaycandan ayrılmasının müddəti bitmişdir və bu məsələnin özü artıq Azərbaycan tarixçiləri tərəfindən araşdırılır. Ümumiyyətlə, ermənilərin özlərinin mövcudluğu mövzu predmetidir. Ermənistan kimdir ki, bu müqaviləni tanısın, ya tanımasın? Bir də istinad edirlər ki, Gürcüstan Ali Şurası 2015-ci ildə bu müqaviləni ləğv edib. Qeyd edəm ki, "Qars müqaviləsi" ilə Gürcüstana Batumi və ətraf ərazilər verilib. Həmçinin burada müddəa qoyulub ki, orada yaşayan əhalinin muxtariyyat hüququ tanınmalıdır və tanınıb. Bu onu göstərir ki, müqavilələrin ləğvini nəzərdə tutan qüvvələr məsələyə çox primitiv şəkildə yanaşırlar. Bu, həm də Azərbaycana qarşı yönələn hadisədir və məsələni daha ciddi şəkildə qaldıracağam. Hesab edirəm ki, bu məsələdə Rusiyanın qarşısından qaçmaq yox, ortaya daha fərqli məsələləri qoymaq lazımdır. Bu müqavilələrin müddəaları, "Türkmənçay müqaviləsi"lə, Baltikyanı ölkələrin 40-cı illərdəki işğalı ilə bağlı olaraq təzminat davasına uyğun, Azərbaycan da 70 illik işğalla bağlı olaraq təzminat davası aça bilər. Rusiya bu məsələlərdə dolayısı ilə Azərbaycana və türk dünyasına meydan oxuyursa, biz hüququ cəhətdən ədalətli tərəf olaraq onun qarşısından çəkilməli deyilik. Belə bir müqaviləni qüvvədən salsalar, ciddi ziqzaqlar yaranacaq. Batumi və İrəvanın taleyilə bağlı olaraq ortalığa alternativ davranışlar qoya bilərik. Beynəlxalq qanunlar da bu məsələnin qarşısında dayanıb, ona görə Rusiya bir şey edə bilməz. Amma Moskva hiss etməlidir ki, bu tip məsələlərlə pressinq etmək mümkün deyil. Rusiya can verən imperiya olaraq sanksiyalar nəticəsində artıq çökmüş vəziyyətə düşüb. Belə vəziyyətdə onun qarşısından çəkilmək yox, daha çox bu günləri onunla savaşda olan ölkələrlə əməkdaşlıq edib, hüquqi meydanda Moskvanın dərsini vermək lazımdır".