“Risklərin idarə edilməsində mexanizmləri təkmilləşdirmək mümkündür” İqtisadiyyat

“Risklərin idarə edilməsində mexanizmləri təkmilləşdirmək mümkündür”

“Risk faktoru ildən-ilə artır. Hazırkı məqamda isə elə bil vəziyyətə gəlib çıxıb ki, artıq bu risklərin idarə olunması özü həm fundamental istiqamət, həm də praktik zərurət tələb edən bir istiqamətdir. Çünki artıq riskin olmadığı nə sahə, nə zaman, nə peşə, nə fəaliyyət, nə davamlılıq var. Risk hər yerdə hər zaman var və daim də artır. Düşünürəm ki, bu kontesktdə risklərin idarə olunması üçün ilk növbədə burada bilavasitə həm iqtisadi baxımdan, həm digər baxımdan diversifikasiyanın həyata keçirilməsi, yəni risklərin şaxələndirilməsi mütləqdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.

İqtisadçı deyib ki, digər bir önəmli məsələ: istənilən proseslərin idarəçiliyində iqtisadi səmərənin əldə olunması deyil, eyni zamanda, burada təhlükəsizlik faktorları iqtisadi faktorlarla vəhdət şəklində təhlil edilməli və qərarlar qəbul olunmalıdır: “Əgər biz ayrı-ayrı istiqamətlər - iqtisadi, siyasi, texnoloji risklər və s. üzrə baxsaq, görürük ki, həm texnoloji, həm siyasi, həm də digər riskləri məhz iqtisadi alətlər vasitəsilə idarə etmək daha effektiv olur. Çünki iqtisadi maraqlar bütün maraqların üstündə dayandığı üçün sonda iqtisadi faktor risklərin sığortalanması və idarə olunması üçün ən yaxşı faktora çevrilir”.

E.Əmirov diqqətə çatdırıb ki, Davos İqtisadi Forumunda müzakirə edilən mövzular, qoyulmuş 5 sual risklərin artacağı yöndədir: “Amma onları idarə etmək üçün mövcud mexanizmləri təkmilləşdirmək mümkündür. Yəni yeni alətlərin yaradılması mümkündür. Bu alətlər bilavasitə strateji və fundamental qərarların qəbul edilməsindən, eyni zamanda, istənilən proseslərdə mərkəzləşdirilmiş deyil, paylayıcı yanaşmanın tətbiqindən asılıdır. Yəni risklər bölüşdürülür, qərarlar geniş ortamda müzakirə olunur, həmçinin tərəflərin, yəni subyektlərin birinin tam üstünlüyü, digərinin tam sıfırlanması hazırkı dönəmdə mümkün deyil. Mütləq şəkildə diversifikasiya və nisbi yanaşma sonda risklərin idarə edilməsi baxımından çox önəmlidir”.

Röya İsrafilova