“Azərbaycan və Gürcüstan həmişə çox mədəniyyətli, çox konfessiyalı olub” Siyasət

“Azərbaycan və Gürcüstan həmişə çox mədəniyyətli, çox konfessiyalı olub”

"Strateji nöqteyi-nəzərdən deyə bilərəm ki, bu qədər genişmiqyaslı forumun Azərbaycanda, bizim regionda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki bununla bizim region, o cümlədən, Azərbaycan dünya siyasətində mühüm yer tutan məsələlərin müzakirə edildiyi vacib məkana çevrilir".
Bunu IV Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirib.
E. Tkeşelaşvili 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xatırladaq bildirib ki, bu mədəniyyət Azərbaycan və Gürcüstanın, ümumilikdə Qafqazın genetikasında var: "Azərbaycan və Gürcüstan həmişə çox mədəniyyətli, çox konfessiyalı ölkələr olub. Bəlkə də bu hansısa ölkələr üçün yenilik olub, amma bu, bizim üçün yenilik deyil. Lakin o demək deyil ki, bu sahədə təşəbbüsləri davam etdirmək lazım deyil. Çünki bir çox ölkələrdə, cəmiyyətlərdə dini fundamentalizm, radikallaşma kimi meyllər artmaqdadır. Düşünürəm ki, yeni nəsillərlə bu sahədə iş aparmaq lazımdır".
Azərbaycan-Gürcüstan əməkdaşlığı barədə danışan Eka Tkeşelaşvili deyib ki, bu əməkdaşlıq hələ prezidentlər Eduard Şevardnadze və Heydər Əliyevin dövründə başlayıb.
Onun sözlərinə iqtisadi və enerji layihələri, Türkiyənin iştirakı ilə 3 tərəfli əməkdaşlıq iki ölkənin müstəqillik və suverenliyini qoruması üçün əsas sütun təşkil edir: "Bu layihələr həm də iqtisadi cəhətdən inkişafımıza təkan verir. Bu əməkdaşlıq bizim üçün çox vacibdir, həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Bu layihələr həm də Mərkəzi Asiya üçün çox vacibdir. Azərbaycan Gürcüstan və ümumilikdə Qafqaz həmin ölkələrin Avropaya çıxması üçün qapı rolunu oynayacaq. Biz bu layihəyə Çin yeni ipək yolu ideyasına başlamazdan əvvəl başlamışıq. Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvili və prezident İlham Əliyev çox strateji baxış nümayiş etdirərək Çinin ticarət iqtisadi inkişaf baxımından regionda çox böyük aktiv rol oynaya biləcəyini gördülər. Artıq vaxt çatıb. Bizim artıq hazır infrastrukturumuz, siyasi çərçivəmiz mövcuddur ki, Şərqlə Qərbi birləşdirəcək ticarət, iqtisadiyyat mübadiləsinə başlayaq".