Minsk qrupu dağılır Siyasət

Minsk qrupu dağılır

Araz Əzimov: "Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında əlaqələr həddən artıq gərginləşib"
"İnanmıram ki, hazırkı geosiyasi vəziyyətdə həmsədrlər bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar"
"Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa yanlış fikirlərini şərh edim"

"Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa düzgün olmayan şərhini mən şərh edim. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Minsk qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli və daha sonra əsaslı mübahisəyə girməlidir. İkincisi, bu cür bəyanatının siyasi qərəzli əhəmiyyətini görmək olar. O mənada ki Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı verib. Çünki Ermənistanın siyasi mövqeləşdirilməsində əsas element odur ki, Dağlıq Qarabağ separaçı rejimini hansısa "dövlət vahidi" kimi təqdim etsinlər".
Bu açıqlamanı dünən jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov verib. Onun sözlərinə görə, onlar nahaq yerə fikirləşirlər ki, əgər münaqişənin tərəfi olaraq qəbul edilsələr, ondan sonrakı mərhələdə münaqişənin həll edilməsi ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya bunu edərkən hansısa beynəlxalq hüquq çərçivəsində subyektivliyə nail olacaqlar: "Bu da heç düzgün deyil. Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquq və əsas yaratmır və vermir. Nəhayət, Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Əlbəttə ki, onların gələcəyində hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq".
XİN müavini bildirib ki, münaqişənin həllində mərhələlər var: "Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın guya Qarabağdakı ermənilərin təhlükəsizliyindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və ciddi örtülməyib, çox yaxşı görünən bir faktdır. Beləliklə, Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan C.Uolikin sözlərinə ciddi baxmayın. Bir də nəhayət C.Uorlik Minsk qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağdan olan əhalinin nümayəndələri maraqlı tərəf kimi iştirak etməlidir. Bu həm azərbaycanlılara, həm də ermənilələrə aiddir".
Araz Əzimov qeyd edib ki, Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaqdır və Dağlıq Qarabağdakı məsələləri həll etmək üçün həm azərbaycanlıların, həm də ermənilərin iştirakı ilə müzakirələr aparılacaqdır.
XİH müavinin fikrincə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz: "Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür. Rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub. Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir".
XİN rəhbərinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünün sıradan növbəti görüş olduğunu deyib: "Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində durub. Beləliklə, Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz".
Araz Əzimov Ermənistanda hökumət dəyişikliyinin bu münaqişənin həllində hansısa təsiri olub-olmayacağına da münasibət bildirib.
Araz Əzimov belə bir dəyişikliyi eşitmədiyini deyib: "Baş nazir bu prosesdə iştirak etmir. Ona görə də onun hansısa şəxsi rolundan danışmaq çətindir. Hər bir ölkənin baş nazirinin istefaya getməsi olduqca vacib, əlamatdar hadisədir. Bu yəqin ya hökumətin xəttinin düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir".
Nazir müavini hesab edir ki, bunun hər ikisi Ermənistanla bağlı doğru ola bilər: "Çünki bildiyiniz kimi iqtisadi vəziyyət gərgindir, əhalinin narazılığı artır. Həm də daha çox baş nazir vəzifəsində çalışan bu şəxs daxili hesablaşmalarda, öz həmkarları və yaxud prezidentlə hesablaşmalarda hansısa mübahisəli vəziyyətdən çıxış yolu axtararaq vəzifəsini tərk edir. Məncə bu, sadə vəziyyətdir. Aydındır ki Ermənistanda iqtisadi vəziyyət gərgindir, gərginləşir. Lakin bu, sizə əsas verməməlidir və fikir yaratmamalıdır ki, sabah bu vəziyyət Ermənistanı mövqeyini dəyişdirməyə məcbur edə bilsin. Məcbur edilməsində rol oynaya bilər, lakin Ermənistanın himayəsini təmin edən ölkələr ən sonunda əlbəttə, Ermənistana müvafiq yardımları, maddi texniki yardımları göstərməyə hazır olacaqlar".
A.Əzimov qeyd edib ki, Ermənistanın bir növ son xətdə durduğunu əhalisi anlamalıdır: "Ermənistan rəhbərliyi vəziyyəti dəyərləndirib hazırkı mühitdə və gələcəkdə formalaşacaq mühitdə bugünkü tutduğu mövqeyin heç uyğun olmadığını anlamalıdır".