“Ermənistan Azərbaycanın fəaliyyəti nəticəsində çox dərin və gərgin hərbi siyasi böhran yaşayır” Siyasət

“Ermənistan Azərbaycanın fəaliyyəti nəticəsində çox dərin və gərgin hərbi siyasi böhran yaşayır”

Tofiq Abbasov: "Daxildə vəziyyət qeyri-sabitdir, etiraz dalğası genişlənir"


"Bu səfər ordu birləşmələrinin ruh yüksəkliyinə çox böyük impulsdur".
Bunu politoloq Tofiq Abbasov deyib. O, hesab edir ki, prezidentin ön cəbhəyə getməsi son dərəcə vaxtında edilmiş bir səfərdir:
"Ali Baş Komandan prinsip etibarilə cəbhədəki vəziyyəti birbaşa diqqət mərkəzində saxlayır. Bu o anlama gəlir ki, Azərbaycanın daxilində milli konsensus çox möhkəmdir, sarsılmazdır. Digər tərəfdən, prezident vəziyyətlə əlaqədar görüləcək tədbirlər və qabaqlayıcı işlərin aparılmasını çox vacib sayır. Bu səfər ordu birləşmələrinin ruh yüksəkliyinə çox böyük impulsdur. Ölkə rəhbərinin hazırda atdığı hər bir addım zərurətlə bağlıdır".
Politoloq Azərbaycanın bir güllə ilə iki hədəfi vurduğunu bildirib: "Ermənistan Azərbaycanın fəaliyyəti nəticəsində çox dərin və gərgin hərbi siyasi böhran yaşayır. Daxildə vəziyyət qeyri-sabitdir, siyasi və ictimai qüvvələr, qeyri-hökumət təşkilatlarının etiraz dalğası genişlənir. Bu, Azərbaycan diplomatiyasının məntiqi nəticəsidir. Çünki biz bir güllə ilə iki hədəfi vurduq. Bir tərəfdən torpaqlarmızın bir hissəsini azad etdik, digər tərəfdən isə düşməni çətin dilemma qarşısında qoyduq. Sərkisyan bu vəziyyətdən çıxmaq üçün əzəli düşməni Levon Ter-Petrosyana müraciət edib ki, o, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərini yola gətirsin, əgər Ermənistan torpaqları hissə-hissə, mərhələli şəkildə geri qaytarılmalı olsa, onlar sarıdan rahat olsun. Ancaq Qarabağdakı yerli ermənilərin Sərkisyanın siyasətindən narazılığı kəskin hal alıb. Azərbaycan ordusu indi irəli gedərsə, vəziyyətləri gərginləşəcək. Sözügedən ermənilərin içərisində elə sağlam qüvvələr var ki, onlar Azərbaycanın yurisdiksiyasının bərpa olunmasını istəyirlər. Çünki bilirlər ki, rəsmi İrəvandan fərqli olaraq Bakı təminat, sabitlik və yaxşı güzəran verməyə qadirdir. Hesab edirəm ki, Ermənistanla bərabər, dünya birliyi də tutarlı bir mesaj aldı ki, Azərbaycan istədiyi məqamda öz ərazi bütövlüyünü təmin edəcək".