“Beynəlxalq hüquq normaları bərqərar olunmalıdır” Siyasət

“Beynəlxalq hüquq normaları bərqərar olunmalıdır”

Zahid Oruc: "Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfərini uğurlu hesab edirəm"
Vəfa Quluzadə: "Bu qurum nə qətnamə deyilibsə, hər birini qəbul edib"
Asim Mollazadə: "Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub"

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında dedi ki, ATƏT həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. O bildirib ki, ATƏT münaqişənin bütün prinsiplər o cümlədən BMT-nin bütün qətnamələri çərçivəsində həllinə tərəfdardır: "Amma biz münaqişənin sülh yolu ilə həllinin yeni mərhələyə qədəm qoyması və yekun həlli yollarını axtarmalıyıq. Bu ATƏT PA-nın və ümumilikdə ATƏT ailəsinin vəzifəsidir". Krivokapiçin sözlərinə görə, münaqişənin həlli ilə bağlı proses daha aktiv ola bilər: "ATƏT PA Minsk qrupu ilə birgə çalışır ki, hər dəfə bu məsələni öz gündəliyinə daxil etsin, prosesə yenidən start verilməsi üçün əlavə təşəbbüslər irəli sürsün. Çünki proses həqiqətən də bir qədər dondurulub".
Bəs ekspertlər nə düşünürlər? Krivokapiçin səfərini uğurlu hesab etmək olarmı?
Politoloq Vəfa Quluzadə deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdi. Amma çox təəssüflər olsun ki, ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri qorxusundan dilə gətirmədi". Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır: "Bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır. Mən dəfələrlə İslam Konfransı Təşkilatı (İKT) Dövlət başçıları konfransının sammitlərində iştirak etmişəm. Onların elə də böyük nüfuzu yoxdur. Bu qurum nə qətnamə deyilibsə, hər birini qəbul edib. Hətta Ermənistanı təcavüzkar da adlandırıblar. Amma bunu heç kəs eşitməyib".
Millət vəkili Zahid Oruc "Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfərini uğurlu hesab edirəm",- deyə vurğulayıb. Millət vəkili bildirib ki, belə bir mötəbər qurumun rəhbərinin Azərbaycan gəlməsi və gələcək dönəm üçün əlaqələrin müəyyənləşdirməsi hər iki tərəfin maraqlarına cavab verir: "Görüşlərdə əlaqələrin ümumi vəziyyəti, həmin təsisatın ölkəmizdəki ictimai-siyasi proseslərə, o cümlədən hüquqi islahatlara və digər məsələlərə münasibətlər bildirildi. Məhz bu nöqtədən yanaşanda əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilməlidir". Zahid Oruc hesab edir ki, həmin təşkilatın müxtəlif təsisatlarını, daxilindəki hər hansı strukturları tənqid etmək olar və lazımdır: "Sanki, ATƏT-in Minsk qrupu formatı birbaşa həmin təşkilatın içərisindən kənara çıxıb və aftonom səlahiyyətlər əldə edib. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda ATƏT Parlament Assambleyasına qiymət verməli deyilik. Azərbaycan uzun illərdir ki, həmin təşkilatda təmsil olunur, müxtəlif beynəlxalq məsələlərə özünün fəal münasibətini bildirir".
Millət vəkili Asim Mollazadə deyib ki, Ermənistana qarşı təzyiqlərin, sanksiyaların olmadığı təqdirdə işğalçı ölkə heç bir halda danışıqlar istiqamətində addım atmayacaq: "Çünki beynəlxalq hüquq normaları bərqərar olunmalıdır".
Parlament üzvünün sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) hər zaman Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı müvafiq qətnamələri qəbul edib: "Amma biz bir məsələ ilə bağlı çox narazıyıq. Beləki qonşu ölkəsinin ərazisini işğal etmiş Ermənistan (nə danışıqlar yolu ilə, nə də hansısa bir təzyiqlərlə üzləşmədiyinə görə) bu istiqamətdə heç bir addım atmır. Beynəlxalq təşkilatlar məsələn, BMT öz Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təcavüz etmiş ölkəyə qarşı sanksiyaları müəyyənləşdirməlidir. Təbii ki, biz bunu ATƏT-dən də gözləyirik. Çünki Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub.
Biz 20 ildən artıqdır ki, ancaq beynəlxalq təşkilatların boş söhbətlərini eşidirik. Bu beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hazırda bir sıra keçmiş SSRİ ölkələrinin əraziləri işğal olunub. Məsələn, Krım hadisələrindən sonra Rusiyaya qarşı müvafiq sanksiyalar tətbiq olundu. Axı nə üçün bu gün həmin təzyiq mexanizmləri Ermənistana qarşı yoxdur? Nə üçün Ermənistan BMT TŞ-nın qərarlarını yerinə yetirmədiyinə görə, cəzasız qalıb? Bu mənada cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın və beynəlxalq təşkilatların ünvanına söylədiyi fikirlər reallığı əks etdirirdi. Biz həm ATƏT-i, həm BMT-ni, həm də digər təşkilatları müvafiq sənədlərə, beynəlxalq hüquq normalarının prinsiplərinə riayət etməyə çağırırıq".

Əli