“Uorlik qeyri-müəyyən danışır” Siyasət

“Uorlik qeyri-müəyyən danışır”

Elxan Şahinioğlu: "İki rayonun boşaldılması müqabilində Azərbaycan çox böyük riskə gedə bilməz"

Arzu Nağıyev: "Uorlik həm də ABŞ–ın seçkiöncəsi mesajlarını çatdırır"!

Tofiq Abbasov: "Uorlik münaqişənin həlli yolunda yeni maneələr qurmağa çalışır"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax" Agentliyinə müsahibəsində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi müqabilində bəzi ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının mümkünlüyündən danışıb. Ümumiyyətlə "bəzi ərazilər" hansı anlama gəlir və Azərbaycanın maraqlarına nə qədər uyğundur?
Münaqişənin həlli Ceyms Uorlikin dediyi variant əsasında nə dərəcədə real görünür?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, yaxşı olardı ki, Uorlik Azərbaycanın nəzarətinə qaytarılacaq rayonların sayını dilə gətirəydi: "Çünki, bu rayonların sayını 2, 3 hətta 5 deyənlər də var, rayonların hamısı işğaldan azad edilməlidir. Dağlıq Qarabağ ətrafındakı 5 rayon, həmçinin Laçın, Kəlbəcər və Şuşa. Bu mütləq mənada həyata keçirilməlidir ki, sonra status ətrafında fikir mübadiləsi baş tutsun. Bu baş vermədən Uorlik qeyri-müəyyən şəkildə deyir ki, bir neçə rayon azad edilməlidir ki, guya Azərbaycan da statusa razı olsun".
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan statusun müəyyənləşməsinin tərəfdarıdır. Lakin o sonrakı mərhələnin işidir. Politoloqun fikrincə, Azərbaycanlılar tam şəkildə Dağlıq Qarabağa geri qayıtmalıdır, ondan sonra bölgənin statusu haqqında düşünəcəklər: "Amma işğal edilmiş ərazilər tam boşaldılmadan bir neçə rayon boşaldılıb status həll edilməlidir məsələsinə Azərbaycan razı olmayacaq. İki rayonun boşaldılması müqabilində Azərbaycan çox böyük riskə gedə bilməz".
Politoloq Arzu Nağıyev dedi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, o cümlədən Ceyms Uorlikin mütmadi olaraq bəyanatları işləri bəyanat verməkdən o yana keçməyən həmsdrlər üçün gözləniləndir: "Məlumdur ki, keçirilən müzakirələr əsasən Madrid prinsiplərinə, Vyana, Sankt-Peterburq görüşlərindəki qərarlara və Kazan protokollarına əsasən aparılır. Bu sənədlərə əsasən münaqişənin həlli mərhələlərlə aparılmalıdır. Bu gün əsas açar fiqur kimi ATƏT –in Minsk qrupunda təmsil edilən Rusiya missiyanı öz üzərinə götürüb. Rusiya münaqişənin həllində müsbət addımlar atsa bir sıra iqtisadi sanksiyalardan qurtula bilər. Düşünürəm ki, buna görə də Uorlik həm də Qərbin, daha doğrusu ABŞ –ın seçkiöncəsi mesajlarını çatdırır. Bir sıra ərazilər deyəndə də mütəmadi olaraq rayonların sayı ilə bəyanatlar verilir. Bunlar hamısı bəyantdan başqa bir şey deyil. Məlumdur ki, Azərbaycan artıq şərt irəli sürən və diqtə edən tərəfdir. Əsas prinsipimiz də ərazi bütövlyü və dövlətimizin suverenliyidir".
Politoloq Tofiq Abbasov isə diqqətə çatdırdı ki, Ceyms Uorlik yenə də ermənipərəst mövqe sərgiləməklə münaqişənin həlli yolunda yeni maneələr qurmağa çalışır. Onun fikrincə, Azərbaycan problemin çözülməsi ilə bağlı mövqeyini birmənalı açıqlayıb və bildirib ki, torpaq güzəştləri olmayacaq və ermənilərin yaşadığı ərazilərin status məsələsi yalnız Azərbaycan daxilində həllini tapa bilər: "Aprel döyüşləri göstərdi ki, rəsmi Bakı dediyindən geri çəkilməyəcək və əgər ermənilər bununla barışmasalar, onda fiziki cəhətdən tam tərksilah ediləcəklər. Yəni, bunu etməkdən ötrü Azərbaycanın həm siyasi iradəsi və həm də lazımi gücü var. Tarixdə ermənilər kifayət qədər güzəışt alıblar, eləcə də indi yaşadıqları ərazilərin, demək olar 80% əzəli Azərbaycan torpaqlarıdır.
Güzəştlər limiti çoxdan bitib. Uorlik isə çalışır ki, Azərbaycanın güzəştə gedəcəyini həkk etdirsin. Lakin bu əbəsdir. İndi top ermənilərin tərəfindədir və əgər onlar sülh, daha doğrusu hərb meydanında darmadağın olmaq istəmirlərsə, gərək qoşunlarını münaqişə bölgəsindən çıxarıb danışıqlarda sülhə hazır olduqlarını təsdiqləsinlər. Bu olmasa onda yeni hərbi kampaniya qaçılmazdır. Bunu Uorlik də yaxşı anlayır, lakin o, həmişə olduğu kimi, gah mıxa vuru, gah da nala. Bu diplomatik çeviklik yox, anti-diplomatiyadır".