Dağlıq Qarabağ problemi arxa plana keçib? Siyasət

Dağlıq Qarabağ problemi arxa plana keçib?

"Ermənistan anlayır ki, Rusiya ilə Türkiyə münasibətlərinin istiləşməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına təsir göstərə bilər. Bu baxımdan da onlar arasında münasibət pisləşdikdə çalışır ki, vəziyyət daha da pik nöqtəyə çatsın və düşmən ölkə Rusiya vasitəsilə Türkiyəyə saxta soyqırımını qəbul etdirsin". Bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O bildirib ki, Ermənistan Rusiya-Türkiyə arasında olan münasibətlərdən divident götürməyə çalışır: "Bilirsiniz ki, Rusiyanın sərhədi Ermənistan ərazisindən keçir. Bu baxımdan düşmən ölkə Rusiyanın 102 saylı briqadası, eləcə də yaxın ərazidə yerləşən aerodromda Rusiyanın silahlarının və hərbi avadanlıqlarının sayının həddindən artıq çoxalmasına çalışır ki, onları hər hansı bir yolla Dağlıq Qarabağ ərazisinə keçirsin".
Politoloq qeyd edib ki, bu gün Dağlıq Qarabağ probleminin arxa plana çəkilməsində məqsəd Ermənistan prezidenti Sarkisyan və onun səhra komandirləri olan hökumət üzvlərinin gələcək seçkilərə qədər öz hakimiyyətlərini qoruyub saxlamaqdan ibarətdir: "Onlar Dağlıq Qarabağ ərazisində separatçılara verdikləri müstəqillik kimi öhdəliklərdən qaçmağa çalışırlar. Ermənistan bütün beynəlxalq qanunların, Madrid prinsipləri, Kazan protokolu, Sankt -Peterburq görüşlərinin, BMT Təhlükəsizlik Şurasının qoşunların çıxarılması, eləcə də suverenlik məsələsinin əksinə gedir. Ermənistan Rusiya-Türkiyə münasibətlərinin istiləşməsini istəmir və dəfələrlə bəyan edir ki, Rusiya KTMT-nin üzvüdür və onlara kömək etməlidir. Düşmənin ölkənin bu kimi məsələləri dəfələrlə ortaya çıxarmasında məqsədi Sarkisyanı hakimiyyətdə, Dağlıq Qarabağ münaqişəsinin həllində isə status-kvonu saxlamaqdan ibarətdir".
A. Nağıyev əlavə edib ki, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi nəticəsində Dağlıq Qarabağ münaqişənin status-kvodan çıxmaq tendensiyası yarana bilər: "Bu gün Rusiya münaqişənin həllində Qərbin də söylədiyi kimi açaq fiqurdusa, o zaman iki ölkə arasında sıx münasibətlər nəticəsində Türkiyə Rusiyaya müəyyən imtiyazlar edərək problemin müsbət həllinə təsir edə bilər".