“Hazırda ABŞ-ın Suriyada təsiri minimuma enib” Siyasət

“Hazırda ABŞ-ın Suriyada təsiri minimuma enib”

Qabil Hüseynli: "Ancaq İraqda ABŞ-ın təsiri güclüdür"

Ərdoğan ABŞ-ı İŞİD və PYD-yə yardım etməkdə ittiham edir, ABŞ isə bunu gülünc adlandırır. Türkiyə prezidenti bildirib ki, ABŞ və koalisiya qüvvələri İŞİD və PYD terrorçularını dəstəkləyir. Ərdoğan deyib ki, koalisiya qüvvələri verdikləri sözə əməl etmədilər. Onların verdikləri söz başqa idi, lakin indi başqa işlə məşğul olurlar. Buna baxmayaraq, Türkiyə mövqeyindən çəkilməyəcək. Bizim bu yoldan dönməyimiz mümkün deyil. Türkiyə mütləq terrorun və terrorçuların kökünü kəsəcək. usiya tərəfi isə Ərdoğanın bu fikrini ABŞ-ın İŞİD və PYD-yə dəstəyi kimi qiymətləndirib.
Buna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mark Toner Ərdoğanın açıqlamalarına münasibət bildirib. O, Ərdoğanın bəyanatını gülünc adlandırıb. "Hamının gördüyü kimi reallıq yoxdur. Koalisiyanın Şimali Suriya və İraqdakı fəaliyyəti İŞİD-i məhv etməyə yönəlib".
Suriyada baş verən olaylar, oradakı siyasi oyunçuların bir-birini ittihamlarını politoloq Qabil Hüseyinli şərh edib: "İŞİD məsələsində ilk vaxtlar Türkiyə və ABŞ sıx müttəfiq idilər və hər ikisi səhvə yol verdi. Bu səhvin böyük hissəsi Türkiyəyə aiddir. Suriya Azadlıq Ordusu qurulanda Türkiyə bəzi dini cəryanların nümayəndələrinə silah verilməsini təkid etdi. Əl-Nusra cəbhəsinin silahlandırılmasında Türkiyənin dəstəyi oldu. O zaman ABŞ Əl-Nusra haqqında ciddi kəşfiyyat məlumatına malik olduğunu, bu təşkilatın Əl-Qaidə ilə bağlılığını bildirdi. Türkiyə elə bir şeyin olmadığına, onların Suriya Azadlıq Ordusunun ayrılmaz hissəsinə çevriləcəyi fikrinə ABŞ-ı inandıra bildi. Əl-Nusra cəbhəsi və Azad Suriya Ordusu Hatay zonasında hərbi təlim keçib, silahlandıqdan sonra Əl-Qaidənin ideyalarını həyata keçirməyə başladılar. Demək olar ki, həm Türkiyəyə, həm də ABŞ-a qarşı itaətsizlik etdilər. ABŞ-ın bu məsələdə ciddi səhvləri olsa da, Barak Obama zəif xarakter nümayiş etdirsə də, bütövlükdə 45 dövlətin iştirakı ilə qurulan koalisiyaya ciddi rəhbərlik edilməsə də, prezident seçkiləri zamanı ABŞ Suriya məsələsini arxa plana keçirsə də, Türkiyə bu məsələni ABŞ-la birgə həll etməli idi. Türkiyə bilməlidir ki, Rusiya Suriya məsələsinə sonradan qoşulub. Rusiyanın bu proseslərə qoşulması geosiyasi maraqlardan yaranıb. Türkiyə ABŞ-la Rusiya arasında müəyyən neytrallığını qorumağı bacarmalı idi.
Bölgədəki kürd probleminə münasibət bildirən politoloq bildirdi ki, ABŞ-ın Suriya kürdləri ilə əlaqələri qalır, ancaq artıq onlara silah verilmir: "ABŞ kürdləri silahla təmin etməyi dayandırdıqdan sonra türk ordusu "Fərat Qalxanı" əməliyyatları çərçivəsində Cerablus, Əl-Bab istiqamətində uğurlu döyüşlər keçirərək, kürdləri Türkiyə sərhəddindən xeyli kənarlaşdırdılar. Suriyada baş verən olaylar, xəritədəki dəyişikliklər hələ uzun müddət davam edəcək. Mosul tam azad edilməyib, Rakka tamamilə İŞİD-in əlindədir. Hazırda ABŞ-ın Suriyada təsiri minimuma enib, ancaq İraqda ABŞ-ın təsiri güclüdür".