“Prezident tapşırıqlarını verib” Siyasət

“Prezident tapşırıqlarını verib”

Zahid Oruc: "İndi həmin komandanın borcu və əsas vəzifəsi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir"

Ölkə baçısının 2016-cı ilin ağırlığını bir daha qiymətləndirməsi, əvvəlki inkişaf templərinin aşağı düşməsi səbəbilə gəlirlərin azalması və bununla bərabər dövlətin gördüyü tədbirlər fonunda müxtəlif valyuta rezervlərinin qorunub saxlanılması məsələsinə yer verməsi ayrıca bir təhlil mövzusudur.
Bu sözləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan nitqini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili prezidentin banklarla bağlı söylədiyi fikirləri xüsusi dəyərləndirib:"Qeyri-sabit maliyyə şəraitində ən çox zərbə alan və bunun nəticəsində əhalinin böyük kəsimini müxtəlif çətinliklər qarşısında qoyan qurumlar sırasında banklar təəssüf ki, öndə gedir. Banklar yeni dövrün şərt və çağırışlarına sanki hazır ola bilmədilər, dayanıqsız vəziyyətə düşdülər, funksionallıqlarını müəyyən qədər itirdilər. Görünür, böyük neft pulları fonunda əsas menecerlik keyfiyyətləri, mühüm layihələrin həyata keçirilməsi, onların reallıq dərəcəsi, kredit fazilərinin iqtisadi əsaslandırıcılığı, bank fəaliyyətinin aparıcı Qərb ölkələrindəki modellər səviyyəsində həyata keçirilməsi prosesinin zəif getməsi fonunda Azərbaycanda böhrandan çıxmaqda ən çox çətinlik çəkən və bəzən bu sınaqlarda boğulan banklar oldu. Ölkə başçısının çağırışı və məsələlərə qiymət verməsi nəinki müşavirə, həm də müxtəlif açıq tapşırılıqlarla müşayiət olunur".
Millət vəkili qeyd edib ki, sağlamlaşdırma üçün bir neçə istiqamətli tədbirlər həyata keçirilməlidir:
"Bankların əsas vəzifəsi iqtisadiyyat üçün ötürücülük və zəmanətlərin verilməsidir və bundan ötrü dövlətin resursları var. Maliyyə Sabitliyi Şurası bununla bağlı vacib qərar çıxarıb.
Birincisi, dollar və digər xarici valyutaların banklarda alqı-satqısı reallaşmalıdır. Çünki qara bazarla inzibati yolla mübarizə problemini yaradan elə bankların öz missiyasını yerinə yetirməməsidir.
İkinci ən vacib məsələ vətəndaşlarla kredit borclarının çözülməsi üçün optimal yolların tapılmasıdır. Burada xeyli ləngimələrə yol verilib. Açığı, hökumətin iqtisadi bloku bu məsələləri zamanında çözmək imkanlarına malik idi. İndi problem bir az da dərinləşib. Hökumət banklarla bağlı məsələlərə geniş yer veriləcəyi təqdirdə problemi çözmək mümkün olacaq.
Manatın kursu, özlüyündə ölkədə sabitlik kursudur. Bu yalnız bir maliyyə vahidliyində aparılan əməliyyat xarakteri daşımır, bütövlükdə hər bir insanın real büdcəsinə, vəziyyətinə, gələcək planlarına təsir edir".
Z.Oruc vurğulayıb ki, banklar üçün atılacaq addımlar ölkənin iqtisadi həyatında böyük dəyişikliklərə səbəb olacaq:
"Vətəndaşların rifah halının yüksəldilməsi bu sferada görüləcək işlərdən xeyli asılıdır. Prezident tapşırıqlarını verib, indi həmin komandanın borcu və əsas vəzifəsi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Azərbaycanın bunun üçün yetərincə potensialı var. Son 20 ildə keçilən yol bunu deməyə əsas verir ki, dövlətin ali iradəsi var və əgər prezident bu məsələlərə realistcəsinə qiymət verirsə, bankları ən çox zərbə alan və buna görə fəaliyyətinin digər sferalarını da təsirləndirən və mənfi çağırışlarla üz-üzə qoyan amil kimi qeyd edirsə, deməli, iqtisadi sferada çıxan ən mühüm nəticələrdən biri canlı orqanizmdə əsas xəstəlik doğuran mənbələri sağaltmaqdır. Çünki bunu xalqın mənafeyi tələb edir".