“Azərbaycan İrəvana varislik hüququnu bərpa etməlidir” Siyasət

“Azərbaycan İrəvana varislik hüququnu bərpa etməlidir”

Yaqub Mahmudov: "Dövlət başçısı da o torpaqların Azərbaycana məxsus olması barədə prinsipial mövqeyini daim ifadə edir"


Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda 27 məsələ müzakirə olunub.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Parlament dövlət başçısı, cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləmək üçün fəaliyyət göstərəcək: "Əminəm ki, cənab prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar öz nəticəsini verəcək". O qeyd edib ki, parlament yaz sessiyası dövründə Hesablama Palatasının, Nazirlər Kabinetinin, Ombudsmanın hesabatları dinləniləcək.

Qarabağa səfər təklifi...

Deputat Zahid Oruc deyib ki, Azərbaycan haqlı olaraq, bloqqer Aleksandr Lapşin haqqında cinayət işi açdı: "Azərbaycan onu mühakimə etmək hüququnu özündə saxlayır". O bildirib ki, bu, Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil edənlərə bir mesajdır. Deputat söyləyib ki, Azərbaycan yalnız Xarici İşlər Nazirliyi səviyyəsində işğal altında olan torpaqlara qanunsuz səfər edənlər "qara siyahı"ya salınır.
Onun sözlərinə görə, bu, kifayət deyil və ayrıca qanunverici sənəd hazırlanmalıdır: "Azərbaycan Dağlıq Qarabağa səfərlər təşkil etsə, bu zaman Ermənistan mane olacaq. Çünki nəzarət onlardadır. Bununla da, biz icazə versək, Ermənistan qoymasa, həmin şəxslərdə Ermənistana qarşı fikirlər formalaşacaq".
Millət vəkili Vahid Əhmədov diqqətə çatdırıb ki, Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçib: "Lakin sonradan Rəqabət Məcəlləsi hara yoxa çıxdı, bilmirəm. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə biz Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?!". Onun sözlərinə görə, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir.

"Rəqabət Məcəlləsi dəyişdirilməlidir"

Vahid Əhmədov bildirib ki, monopoliyanı aradan qaldırmaq lazımdır: "Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin". Deputat Azərbaycanda maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasının da vacibliyinin vurğulayıb.
Milli Məclis sədri Oqtay Əsədov isə Vahid Əhmədovla razılaşmayıb: "Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib. Lakin bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra, iqtisadi şərtlər də dəyişib. Buna görə də, Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman bu tam hazır olacaq, onda da Milli Məclisə daxil olacaq. İkincisi, deyirsiniz ki, maliyyə nəzarəti haqqında qanun olsun. Bu qanun hazır olmalıdır ki, Milli Məclis müzakirə etsin. Bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb".
Deputat Elmira Axundova deputat köməkçiləri ilə bağlı məsələ qaldırıb: "Bir neçə il əvvəl deputat köməkçisi institutu yaradıldı. Keçən illər ərzində bu institut inkişaf etdi, mən deyərdim ki, köməkçilər arasında böyük qanunvericilik təcrübəsi toplamış mütəxəssislər yetişdi. Bir neçə il əvvəl onların maaşlarında artım oldu. Bugünkü xahişim isə ondan ibarətdir ki, 125 köməkçiyə dövlət qulluqçusu statusu verilsin, onlar hətta 5 il işləyəndə onlara 5 illik dövlət qulluqçusu stajı yazılsın".
Deputat Siyavuş Novruzov bildirib ki, son zamanlar mətbuatda bəzi həmkarlarımız qeyd edir ki, Milli Məclis işləmir: "Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir. Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz nə edək?. Çiyinimizə taxta- şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?".
Siyavuş Novruzov "biz parlamentli respublika deyilik. Biz prezidentli respublikayıq", - deyə bildirib: " Bizim borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdən ibarətdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirəni Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Hətta bəziləri haqqında həbs-qətimkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bununla bağlı qurumlar var ki onlar bununla məşğul olur".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman banklar tərəfindən 18 faiz əlavə dəyər vergisi tətbiq edilməsini pisləyib. O deyib ki, Azərbaycan banklarının bu siyasəti gələcəkdə problemlərə yol açacaq.
Musa Quliyev problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb: "Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir. Məqsəd isə bu olmalıdır ki, insanlar belə problemlərlə rastlaşmasınlar".
Musa Quliyev ikinci və üçüncü qrup əlillərin əmək qabiliyyətli hesab olunduğunu da bildirib: "Amma bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Biz əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq".

"Onlayn mediaya maliyyə ayrılsa, yaxşı olar"

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb. Deputat bildirib ki, domen və hostinq alan insanların bəziləri, internetdə istədiyini yazır.
Onun sözlərinə görə, bunları məhkəmə müstəvisində həll etmək çətindir: "Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, onlayn mediaya dövlət tərəfindən maliyyə ayrılsa, bu, yaxşı olar".

"İrəvanın ermənilərə verilməsi qərarı səhv olub"

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov "Azərbaycan İrəvan və ətraf ərazilərə varislik hüququmuzun olması ilə bağlı məsələni yaz sessiyasının gündəliyinə daxil etməlidir", - deyə vurğulayıb. Onun sözlərinə görə, məsələni parlament səviyyəsinə çıxartmaq üçün əsaslar var: "Sənədlər bizim əlimizdədir. Dövlət başçısı da o torpaqların Azərbaycana məxsus olması barədə prinsipial mövqeyini daim ifadə edir. Bu günlərdə hərbçilərimiz qarşısında dedi ki, İrəvanın ermənilərə verilməsi qərarı səhv olub".
O deyib ki, ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafındakı ərazilər ermənilərə bu şərtlə verilib: "Şaumyanın başçılıq etdiyi daşnak qrupları azərbaycanlılara qarşı soyqırımı dayandırır; Azərbaycan ərazisində bütün soyqırımlarına son qoyurlar; bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürürlər; ordakı azərbaycanlılarla ermənilər eyni hüquqlara malik olur, hətta orada bizim şeyxülislam təyin edilir. Ancaq bu razılaşma əldə olunandan bir gün sonra, 29 mayda Zəngəzura qarşı ərazi iddiaları, soyqırımları başladı. Milli Məclis də o vaxtkı Milli Şuranın hüquqi varisidir. Ermənilər bu razılaşmanı birtərəfli qaydada pozduğu üçün Azərbaycan məsələni yenidən Milli Məclisdə müzakirəyə çıxarmalıdır. Ermənilər üzərinə götürdüyü şərtləri pozduğu üçün o torpaqlara varislik hüququmuzun olduğunu bəyan etməliyik".
Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, bu, çox ciddi bir məsələdir və Milli Məclis bu məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul etməlidir.

"Çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır"

Deputat Qənirə Paşayeva Milli Məclisdə təhsil haqlarını ödəyə bilməyən gənclərin, iş tapa bilməyən əlillərin və autizmli xəstələrin problemlərini qaldırıb. Qənirə Paşayeva Təhsil kreditləri haqqında qanunun qəbuluna çağırıb. "Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır".
O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: "Amma təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın".
Deputat Araz Əlizadə isə deyib ki, bank sistemində hərc-mərclikdir: "Biz büdcəni qəbul edəndə "Moody’s Azərbaycanın kredit reytinqini aşağı saldı". Onun sözlərinə görə, Prezident əlindən gələni edir ki, insanların rifahı artsın: "Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyir ki, əhaliyə əziyyət verib pul qazansınlar. Mən bu iclas zalında təklif etmişdim ki, banklarla bağlı xüsusi iclas keçirək. Amma bu mümkün olmadı".

Əli