“Regionun strateji inkişaf xətti Azərbaycann mövqeyindən asılıdır” Siyasət

“Regionun strateji inkişaf xətti Azərbaycann mövqeyindən asılıdır”

Zərdüşt Əlizadə: "Fransanın Qarabağ probleminin həll olunmasındakı rolu çox cüzidir"

Fransada prezident seçkilərinin nəticələri Azərbaycanda da maraqla gözlənilir. İlk növbədə Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ problemi ilə bağlı danışılar prosesində iştirak edir. Bundan başqa ölkələrimiz arasında münasibətlər getdikcə yaxınlaşır. Eyni zamanda bu ölkədə erməni lobbisinin güclü olması hər kəsə bəllidir.
Qeyd edək ki, prezidentliyə namizədlərdən Emmanuel Makron və Marin Le Pen seçkilərin ikinci turuna adlayıblar.
Politoloq Elxan Şahinoğlu prosesi belə şərh edib: "Dünyada erməni lobbisi niyə bu qədər güclüdür? Cavabı sadədir: Erməni lobbisi hər ölkədə fəal seçici olmağa çalışır. Elə ölkələr var ki, orada türklər ermənilər qədərdir, ancaq yenə də prezident və deputat seçilmək istəyən şəxs birinci növbədə erməni lobbisinin təmsilçiləri ilə görüşmək istəyir. Çünki bilir ki, seçkidə onların səslərinə arxayın ola bilər, bir şərtlə ki, "erməni soyqrımının" tanınması istiqamətində, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa vəd etsin.
Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında hələ ki, ermənilərə heç nə vəd etməyib. Fransadakı erməni lobbisinin əsas namizədləri keçmiş baş nazir Fiyon və milliyətçi Len Pen idi. Ancaq Makron hər ikisini geri qoydu və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq. Bunu erməni lobbisi də anlayır və mən istisna etmirəm ki, Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır, onunla görüşəcəklərini istisna etmirəm. Bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz".
Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, Fransada prezident seçkilərinin nəticələrinə görə Emmanuel Makron və Mari Le Pen irəlidədirlər: "Seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər. Mayın 23-də növbəti prezidentin adı məlum olacaq. Ancaq onun kim olmasından asılı olmayaraq, o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq. Millət vəkilinin fikrincə, fransiz liderlər, ilk növbədə, Azərbaycanın regionda lider dövlət olduğunu nəzərə almalıdırlar: "Məhz Azərbaycan bu gün regionun lider dövlətidir, məhz onun mövqeyindən regionun strateji inkişaf xətti asılıdır. Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir. Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar".
Deputat Qənirə Paşayeva deyib ki, Fransada Marin Le Penin və partaiyasının bu qədər güclənməsi təkcə Avropaya deyil bütün dünyaya mesajdır. O, qeyd edib ki, Fransada radikallar güclənir: "Əslində Avropanın əksər ölkələrində bu tendensiya var. Avropada müsəlmanlara, o cümlədən, türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi təəssüf doğurmaqla yanaşı, cidddi narahatlıq da doğurur.
Bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək, gərginlik artacaq…".

Politoloq Zaur Məmmədov söyləyib ki, Fransada keçirilən prezident seçkilərinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: "Fransanın ənənəvi xarici siyasəti var". O qeyd edib ki, seçkinin ikinci mərhələsində iştirak etmək şansı qazanan Marin Le Penin Qarabağın Ermənistana birləşdirilməli olduğu haqqında verdiyi bəyanat Fransadakı ermənilərdən səs toplamaq üçündür: "Digər namizəd Emmanuel Makronun da yaxınlığında erməni köməkçiləri var. Seçkilərdən öncə belə bəyanatların verilməsi Fransa üçün normaldır". Politoloq bildirib ki, bu seçkiləri ABŞ və Rusiya da yaxından izləyir: "Əgər ABŞ indiki siyasi kursun davamçısı Emmanuel Makrona simpatiya bəsləyirsə, Rusiya onunla sıx bağlı olan Le Penə azarkeşlik edir".
Zaur Məmmədovun fikrincə, indiki seçkilər əvvəlkilərdən fərqlidir: "Miqrasiya problemi, terrorizm, Rusiya-ABŞ münasibətləri fonunda namizədlər təbii ki, bu mövzulara toxunmaya bilməzlər. Makron mərkəzçi siyasətçidir. O, ABŞ-la müttəfiqliyin tərəfdarıdır. Le Pen isə Avropa İttifaqına mənfi yanaşan, radikal çıxışları ilə fərqlənir. O daha dəyişik, radkial, yerli əhalinin aşağı təbəqəsinin səslərini alacaq".
Politoloq vurğulayıb ki, Makron fransız qadınlarının yeni ideal obrazıdır: "Qadınlardan başqa o qeyri-fransızların səsini alacaq. Makron çıxışında artıq "fransalıların mədəniyyəti yoxdur, Fransa mədəniyyət var" deyərək 6 milyon civarında olan gəlmələrin səsini indidən qazanıb".
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, istənilən halda qarşıdakı seçkilərdə kimin qalib gəlməsinə baxmayaraq Fransanın Qarabağ probleminin həll olunmasındakı rolu çox cüzidir: "Fransadakı seçkilərin qalibi Emanuel Makrondur. İkinci turda digər namizədlər Marian Le Penə qarşı birləşiblər. Ona görə də hesab edirəm ki, xanım namizədin qələbə şansları sıfırdır. Qarabağ məsələsinə gəldikdə isə kimin seçilməsindən asılı olmayaraq Fransanın bu problemin həllinə təsir gücü azdır. Qarabağ probleminin həlli 98 faiz Rusiyadan, 1 faiz ABŞ - dan, 1 faiz də Fransadan asılıdır".
Politoloq Arzu Nağıyev bildirib ki, demokratik dəyərlərə üstünlük verən qüvvələr Emmanuel Makronun Fransa prezidenti seçilməsini dəstəkləyəcəklər. Onun sözlərinə görə, millətçilərin yavaş-yavaş Avropada önə çıxması qorxulu tendensiyadır: ""Milli Cəbhə" partiyasının lideri Marin Le Pen baryeri aşaraq millətçilərin hakimiyyətə gəlmə ehtimalını çoxaldıb. O, atasının 16-il öncəki siyasi karyerasını təkrarlamağa başlayıb. Əslində Mari Le Penin Fransa prezidenti ola biləcəyini demək olmaz. Lakin, hər şey gözləmək mümkündür.
İkinci turun da qalibi məhz "En Marche" Hərakatının lideri Emmanuel Makron olacaq. Çünki, bütün Fransa ümumi demokratik dəyərləri dəstəkləyirsə, Avropanın qocaman dövləti kimi aparıcı demokratik ölkə olmaq istəyirsə, Mari Le Penin hakimiyyətə gəlməsinə imkan verə bilməz. Emmanuel Makronun şansı daha çoxdur. Ancaq, siyasətdir və hər şey mümkündür. Ümumiyyətlə, millətçi partiyaların bu istiqamətindəki addımları Avropanın gələcəyi barədə başqa cür düşünməyə vadar edir. Terror, Brexit, immiqrantlarla bağlı məsələlər demokratik dəyərlərə üstünlük verməyə çalışan dövlətlərdə baş qaldırıbsa, bu qorxulu tendensiyadır".