“Status-kvonun davam etməsi regionda etibarlı sülhün yaranmasına böyük əngəldir” Siyasət

“Status-kvonun davam etməsi regionda etibarlı sülhün yaranmasına böyük əngəldir”

"Bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan ordusu tərəfindən vurulan "OSA hava hücumu" qurğusunun Rusiyaya məxsus olması bir çox suallar yaradır. Ermənistan bu faktı qabardaraq Azərbaycan tərəfini hərbi eskalasiyanı qızışdırmaqda günahlandırmağa çalışsalarda əslində bu hadisə onların əleyhinə işlədi. Ermənistanın bu hadisəyə cavab verəcəyi hədələri də yersizdir və cavab vermək imkanları da məhduddur". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, bu hadisə bir daha sübut edir ki, status-kvonun davam etməsi regionda etibarlı sülhün yaranmasına böyük əngəldir: "Gec ya tez Azərbaycan ordusu Aprel döyüşlərində olduğu kimi qətiyyətli və geniş hərbi əməliyyatlar aparmaq məcburiyyətində olacaq. Ona görə də beynəlxalq təşkilatlar və erməni havadarları birdəfəlik dərk etməlidirlər ki, münaqişənin bir həlli yolu var. Torpaqlar qeydsiz və şərtiz gerçək sahibinə qaytarılmalıdır.
Rəsmi olaraq Rusiya bu müharibədə tərəf kimi iştirak etmir və bu barədə hər hansı bir iddianı qəbul etmir. Lakin faktlar və dəlillər başqa şey deyir. Bu gün Dağlıq Qarabağda erməni terrorçularının əlində olan silahlar birmənalı olaraq Rusiya istehsalıdır. Bu silahlar Dağlıq Qarabağın erməni terrorçularının əlinə necə düşüb. Əgər bu silahlar Rusiyanın iddia etdiyi kimi qeyri-qanuni yolla Qarabağa göndərilibsə, o zaman niyə silahların geri qaytarılması barədə düşünülmür və ya cinayəti edənlər məsuliyyətə cəlb edilmirlər. Hesab edirəm ki, Azərbaycan tərəfi bu faktı BMT və Avropa şurası qarşısında təkidlə qaldırmalıdır. Dağlıq Qarabağda mövcud olan silahların mənbəyi aşkar edilməli, bu cinayəti törədənlər ifşa olunmalı və gərəkirsə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Biz bunu etməsək düşmənimizin dostları öz çirkin niyyətlərini davam etdirəcəklər.
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaradılan qondarma "Donetsk Xalq Respublikası" ordusunun Dağlıq Qarabağda hərbi əməliyyatlar cəlb edilməsi xəbərləri çox təhlükəlidir. Bundan sonra Dağlıq Qarabağda "yaşlı adamcıqlar" deyilən başkəsənlər dəstəsini görməmiz reallaşa bilər və faktiki olaraq Rusiya Dağlıq Qarabağı qondarma "DNR" vasitəsilə tam nəzarətinə keçirə bilər".