“Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi...” Siyasət

“Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi...”

Elxan Şahinoğlu: "Böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir"

Aydın Mirzəzadə: "Görüşün harada keçirilməsinin daha çox siyasi əhəmiyyəti var"

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında Bakıda görüş keçirilib. Görüşün Bakıda baş tutması maraqla qarşılanıb.
"Atlas" Araşdırmalar Mərkəzinin məsələ ilə bağlı hazırladığı analitik materialda bildirilir ki, NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavelin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşəcəkləri xəbəri sentyabrın 7-də yayıldı: "Xəbər yayılandan bir neçə saat sonra görüş başladı. Bu, görüşün son ana qədər məxfi saxlandığından xəbər verir. Fevral ayında da oxşar hadisə baş vermişdi. Rusiya və ABŞ baş qərargar rəislərinin Bakıda görüşəcəyi xəbəri yayıldıqdan bir neçə saat sonra Azərbaycan paytaxtında görüş başladı.
Qlobal mövzuların müzakirəsi üçün ikinci dəfədir ki, Bakı seçilir. Niyə Bakı?".
Mərkəz rəhbəri Elxan Şahinoğlu diqqətə çatdırıb ki, daha əvvəl Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə etmişdilər: "Azərbaycan Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilmişdi. Müxtəlif səbəblərdən görüş yeri kimi Suriyaya qonşu olan İran və Türkiyə seçilə bilməzdi. Çünki hər ikisinin Suriyada fərqli maraqları var. Azərbaycanın isə Suriyada yeganə marağı bu ölkənin ərazi bütövlüyünün və sabitliyin bərpasıdır. Bakıda hər hansı sənəd imzalanmadı. Buna baxmayaraq, məhz Bakıda əldə olunan şifahi razılaşma əsasında Rusiya və ABŞ hərbçiləri Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar.
Bəs niyə bu dəfə görüş yeri kimi yenə Bakı seçildi? Niyə İrəvan və ya Tiflis yox Bakıya üstünlük verildi?
Məsələ burasındadır ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi. Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən eyni məsafədədir".
Ekspert əlavə edib ki, NATO Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasındakı növbəti görüşdə Suriya əsas müzakirə mövzusu deyildi: "NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemlərini yerləşdirməsindən, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır.
Bakıda heç bir sənəd imzalanmadı. Ancaq ötən dəfəki görüşdə olduğu kimi şifahi razılaşmanın əldə olunması mümkündür. Böyük ehtimalla tərəflər münasibətləri daha da gərginləşdirməmək üçün dialoqun davamına qərar veriblər.
Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir. Bu Azərbaycanın xeyrinədir. Azərbaycan beynəlxalq aləmdə dialoq platformunun mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda rəsmi Bakı bu imkandan istifadə edərək böyük dövlətlərin diqqətini torpaqlarının işğal faktına yönətlmək imkanı qazanır".
Millət vəkili, politoloq Aydın Mirzəzadə vurğulayıb ki, Bakıda Rusiya-NOTA arasında keçirilən görüş bütün dünya mətbuatının və ciddi siyasi dairələrin diqqətində idi: "Rusiya-NATO münasibətləri həmişə diqqəti çəkib və son dövrlər onlar arasında yaşanan müəyyən problemlər həllini tələb edir. Bu baxımdan görüşün harada keçirilməsinin texnikidən daha çox siyasi əhəmiyyəti var". Dünyada artıq qəbul edilən müəyyən diplomatik mərkəzlərin olduğunu deyən deputat söyləyib ki, bura Paris, Cenevrə, Brüssel bəzi hallarda digər Avropa ölkələri daxildir: " Lakin son dövrlər isə Azərbyacanın iki böyük görüşün mərkəzinə çevrilməsi ölkəmizin dünyada qazandığı yüksək siyasi nüfuzdan xəbər verir. Azərbaycan demokratik, əməkdaşlıqda arzuolunan ölkə imici qazanıb. Bu da şübhəsiz ki, ölkənin apardığı siyasi kursla bağlıdır. Ulu Öndər Heydər Əliyevin gələcəyə istiqamətlənən Azərbaycan modeli fəlsəfəsi ortaya qoyması, hazırda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yeritməsi, ölkəmizin bütün sahələrdə böyük nailiyyətlər əldə etməsi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq tədbirlər məkanına çevrilib". A. Mirzəzadə qeyd edib ki, ölkəmizdə keçirilən siyasi görüşlərlə yanaşı, idman tədbirlərinin sayı hesabı yoxdur: "Hesab edirəm ki, ötən günkü görüş iki rəqib qüvvənin Azərbaycana eyni dərəcədə hörmətlə yanaşdıqlarını göstərir. Əlbəttə tərəflərin heç biri digərinin müttəfiqi olan ölkədə görüş keçirmək istəməz. Çünki, bununla o digərinin ondan üstün olduğunu vurğulamış olardı. Lakin Azərbaycan həm NATO, həm Rusiya, həm də digər ölkələrlə çox yaxşı dostluq münasibətlərinə malikdir. Azərbaycan həm öz maraqlarını qoruyur, həm də digər ölkələrlə apardığı siyasətdə beynəxalq birlikdə stabilliyə kömək edən amillərə dəstək verir. Ümumən götürdükdə isə Azərbaycan artıq nüfuzlu bir məkan kimi qəbul edilir. Bunu həmin ölkələrin rəsmiləri ilə yanaşı, ekspertləri də xüsusi vurğulayırlar. Düşünürəm ki, ötən gün Bakıda baş tutan görüş sonuncu deyil, bundan sonra da Azərbaycanda vaxtaşırı görüşlərin keçirildiyinin, tədbirlərin planlaşdırıldığının həmçinin Azərbaycan brendli xidmətlərdən təhsildən, səhiyyədən istifadə edildiyinin dəfərlərlə şahidi olacağıq".
Politoloq Arzu Nağıyev isə bunun ölkəmizin maraqları baxımından da mühüm önəm kəsb etdiyini vurğulayıb: "Bu görüş üçün Azərbaycanın seçilməsi çox mühüm bir hadisədir. Ilk dəfə deyil ki, ölkəmizdə belə bir görüş keçirilir. Bir müddət əvvəl də Rusiyanın baş qərargah rəisi ilə NATO rəhbərliyi məhz ölkəmizdə görüşdü. Bu, bir daha onu göstərir ki, Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsinə vasitəçilik edəcək bir dövlətə çevrilib. Bu görüşlərin ölkəmizdə keçirilməsinin bir səbəbi də dövlətimizin apardığı balanslı siyasətdir. Burada təhlükəsizlik məsəsləsi də mühüm rol oynayır. Çünki bu cür görüşlərin keçirilməsi üçün təhlükəsizliyə təminat verilməlidir. Azərbaycan bütün bu tələblərə tam cavab verdiyi üçün belə mötəbər görüş üçün məhz ölkəmiz seçilib".
Politoloq Əli Qənbərli bildirib ki, Azərbaycan son illər ərzində nəinki, bu tip görüşlərə, eyni zamanda müxtəlif istiqamət və məzmunlu beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi etmişdir. Onun sözlərinə görə, bu ilk öncə beynəlxalq birliyin Azərbaycana olan inamından irəli gələn bir məsələdir: "Digər amil isə siyasi sabitlik və təhlükəsizlk məsələsidir. Üçüncü amil Azərbaycanın yerləşdiyi coğrafi ərazi ilə bağlıdır. Nəhayət, dördüncü amil isə Azərbaycanın sülhyaratma missiyalarında iştirakı və qlobal təhlükəsizliyin təmin olunmasına verə biləcəyi töhfə ilə əlaqədardır". Əli Qənbərli qeyd edib ki, Azərbaycan həm iqtisadiyyatına, həm yerləşmə mövqeyinə, həm də siyasi reputasiyasına görə Cənubi Qafqazın lider dövlətidir: "Hətta, Birləşmiş Ştatlar və Rusiya rəsmilərinin görüşü burada keçirilməsəydi belə, bu amil dəyişməz olaraq qalacaq. Bütün dünya şahiddir ki, Azərbaycan son illər ərzində necə mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Bu artıq mövqedir. Ölkəmiz bir çox dövlətlərdən fərqli olaraq, açıq şəkildə öz mövqeyini ortaya qoymuşdur". Politoloq qeyd edib ki, NATO və Rusiya hərbi dairələrinin görüşündə əsassən regional problemlər müzakirə edilir: "Amma, özümüzü inandırmağa heç bir lüzum yoxdur ki, Qarabağ məsələsinin həlli istiqamətində bu görüş əhəmiyyətli olacaq. Yenə də deyirəm ki, bu tip görüş birinci dəfə deyil ki, keçirilir". Əli Qənbərli bildirib ki, Azərbaycan hər zaman sülh təşəbbüslərində, vasitəçilik missiyalarında fəal iştirak edib: "Əgər, xatırlayırsınızsa bir zamanlar Rusiya və Türkiyə arasında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra problem yaranmışdı. Azərbaycan bu ölkələri yenidən dialoq masası ətrafına toplaya bildi. Hətta, Türkiyə tərəfi bu yumşalmada Azərbaycanın rolunu xüsusi olaraq qeyd etmişdir. Azərbaycanın bu istiqamətdə kifayət qədər təşəbbüsləri olmuşdur.Görünən odur ki, Azərbaycan gələcəkdə də bu kimi görüşlərin başlıca mərkəzi olacaq".