“Cəhalət, xurafat olan yerdə dini radikalizm baş qaldırır” Siyasət

“Cəhalət, xurafat olan yerdə dini radikalizm baş qaldırır”

Mübariz Qurbanlı : "Dini radikalizm zəmin yaradan mühitin olmaması üçün isə elm, təhsil mütləqdir"

Qüdrət Həsənquliyev: "Vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar"

Bakıda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda konfrans keçirilib.
Komitə sədri Mübariz Qurbanlı bildirib ki, tədbir Azərbaycan prezidenti tərəfindən elan olunan "İslam həmrəyliyi ili" çərçivəsində keçirilir və Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılır: "Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə qeyd edib ki, insanların kifayət qədər dini savadı olsa, xurafata meyl də olmaz: "Amma etiraf edək ki, bu gün kifayət qədər dini savadı olan insanlarımızın sayı çox deyil. Ona görə də, yaxşı olardı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QHT-lərə Dövlət Dəstəyi Şurası birgə açıq müzakirələr keçirsin. Bəzi mollalar məclis aparanda çox yanlış məlumatlar verirlər. Belə halların aradan qaldırılmasında QHT-lər xüsusi rol oynaya bilər. Açıq müzakirələrdə hər bir vətəndaş da iştirak edə bilər. Digər məqam isə sosial şəbəkələrdə dini məsələlərlə bağlı təhlükəli məlumatların yayılmasına qarşı effektiv tədbirlərin görülməməsidir. Bəzi saytlar yanlış məlumat yayır, hətta terroru təbliğ edirlər. Bununla mübarizə işini yalnız hüquq-mühafizə orqanlarının üzərinə qoymalı deyilik".
Azay Quliyev Azərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib. Onun sözlərinə görə, missionerlər xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.
Azay Quliyev qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: "Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib qadağan edirlər. Beləliklə Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik".
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, maarifləndirmə işlərinə idarə tərəfindən getdikcə daha çox önəm verilir və artıq bu ildən başlayaraq mərkəzi məscidlərdə "Quran" kursları açılıb: "Əvvəllər bu, məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə rəsmi olacaq. Müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meylləri yaymağa cəhd etdilər. Bəziləri məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətdə gedən proseslərə yönəlməsinə təsir edib. Biz həmrəy olmalıyıq. Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik".
Onun sözlərinə görə, Azərbaycana xüsusilə ərəb ölkələrindən, İslam ölkələrindən bəzi "turistlər" gələrkən elə proqram seçilir ki, hansı yolların kənarlarında məscid varsa oradan keçsinlər: "Onlar həmin məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik".
Bütöv Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev dini radikalizmə, xüsusilə xaricdəki dini zəmində münaqişələrə azərbaycanlıların qoşulma səbəbini kütləvi savadsızlıqla əlaqələndirib: "Bu gün araşdırsaq, görərik ki, xaricə din adı altında vuruşmağa gedən azərbaycanlıların 90 faizi kasıb və savadsız təbəqənin nümayəndələridir. Biz savadlılığa, xüsusilə qadınların təhsilinə ciddi önəm verməliyik".
BAXCP sədri qeyd edib ki, indi dini icma rəhbərlərinin üzərinə böyük iş düşür: "Din xadimləri daha çox mənəvi dəyərlərin təbliği ilə məşğul olmalıdır".
Millət vəkili bu sahədə hələ də nöqsanların olduğunu bildirib: "Lakin bəzən görürük ki, bu sahədə nöqsanlarımız olur. Bilirik ki, Azərbaycanda din dövlətdən ayrıdır. Biz təhsilin ölkədə geniş yayılması üçün səylə çalışmalıyıq. Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir. Vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar".
Qüdrət Həsənquliyev qadınların təhsilinə xüsusi diqqət verilməli olduğunu vurğulayıb: "Hüseyn Cavid deyirdi ki, bizim cəmiyyət qadınla yüksələcək. Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar . Din xadimlərinin bu sahədə etdiyi çıxışlar mənim kimi 5 millət vəkilinin çıxışından daha effektli olur. Bu istiqamətdə biz din xadimlərindən bəyanatlar gözləyirik".