Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri” Siyasət

Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri”

İtaliyanın "L’Opinione" qəzetində "Il Nodo di Gordio" beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu "Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri" başlıqlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumata görə, məqalədə yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində verdiyi töhfələrdən söz açılır.
Yeni dəmir yolunun texniki göstəriciləri barədə danışan müəllif onun iqtisadi faydası ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətə malik olduğunu da bildirir. Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında məlumat verilərək bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan ərazisinə qədər uzanan dəmir yolu dağıdıldıqdan sonra 1993-cü ildə ilk dəfə olaraq ideya kimi irəli sürülmüş Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün yalnız 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tbilisidə keçirilmiş görüşü zamanı qərar verilib və onun həyata keçirilməsi üçün saziş imzalanıb. Yeni dəmir yolunun maliyyələşdirilməsi isə tam olaraq Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilib, belə ki Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistan ərazisindən keçən köhnə dəmir yolunun bərpasına üstünlük verdikləri üçün layihəni maliyyələşdirməkdən imtina ediblər.
Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif sahələrdə həyata keçirdikləri çoxsaylı təşəbbüs və layihələrlə birgə Qafqazda əməkdaşlıq dəhlizi adlandırır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə görə yeni dəmir yolundan kənarda qaldığını göstərən müəllif onun sürətlə Avrasiya qovşağına çevrilən regionda özünü təcrid etməsini gücləndirdiyini vurğulayır.
Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunun Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə də toxunaraq, bu xəttin Aralıq dənizindən Çin sərhədlərinə qədər uzanan ərazidə yerləşən bütün türk dövlətləri üçün yeni birgə üfüqlər açdığını qeyd edir, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli qənaət etməyə və nəticə olaraq dünyanın hazırda daha çox Sakit və Hind okeanları hövzəsində cəmləşmiş strateji diqqətinin Aralıq dənizi ölkələri, xüsusilə İtaliyaya qismən də olsa yönəlməsi üçün yeni perspektivlər açmağa imkan verəcəyini vurğulayır.