“Azərbaycanın Avrasiya İttifaqına qoşulmaq planı yoxdur” Siyasət

“Azərbaycanın Avrasiya İttifaqına qoşulmaq planı yoxdur”

Novruz Məmmədov: "Ermənistanın prezidenti bir səhər yuxudan durub bəyan etdi ki mən Avrasiya İttifaqına üzv olmağı qərara almışam"
"Bizə yuxarıdan baxmaq, müəllim kimi öyrətmək düzgün deyil"

"Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla müraciət edib". Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır: "Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır. Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki, münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv ola bilər. Bununla bağlı Azərbaycan prezidentinin müraciəti oldu və bu müraciəti də Qazaxıstan prezidenti Nazarbayevin dediyi kimi, artıq təsisçi dövlətlərin rəhbərləri alıblar".
N. Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq orada özünün işğalını müəyyən mənada qəbul etdirmək, bununla bağlı siyasi, iqtisadi, mədəni və digər addımlar atmaqla bu qurumlara üzv ola bilməz: "Məktubun da əsas mahiyyəti ondan ibarətdir ki, belə bir proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun. Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən addım atılmamalıdır. İlk andan məktuba müsbət mövqe bildirilib. Qazaxıstan prezidenti Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və Azərbaycan Respublikasını narazı sala bilmərik. Ermənistanın rəhbərliyi bir qədər əvvəl bəyan etdi ki, bu quruma üzv olacaq. Baxmayaraq ki, 3 il Avropa İttifaqı və onun rəhbərləri ilə manevrlər etdi, işlərini qurdu, söz verdi, vəd verdi. Lakin Ermənistanın prezidenti bir səhər yuxudan durub bəyan etdi ki mən Avrasiya İttifaqına üzv olmağı qərara almışam".
N. Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib: "Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir".
N.Məmmədov onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və problemlər meydana gəlib.
Hovruz Məmmədov ABŞ səfiri Riçard Morninqstarın məsələsinə də toxunub: "ABŞ-ın Azərbaycandakı səfiri əvvəlcə Bakıya bir illiyə göndərilmişdi. İndi iki ildir buradadır. Onun vaxtından əvvəl getməsi barədə yayılan xəbər düzgün deyil. Düşünürəm ki, onun yerinə təyinat olacaq və bu, bizim münasibətlərimizə təsir göstərməyəcək".
N. Məmmədov hesab edir ki, səfir Riçard Morninqstarın son müsahibəsində səsləndirdikləri fikirlər onun şəxsi düşüncələridir: "Bizdə bununla bağlı müəyyən fikirlər var. Mən onları demək istəmirəm. Daha çox özünün şəxsi mövqeyinə oxşayır. Bununla bağlı geniş danışmağa ehtiyac yoxdur. Azərbaycan tərəfi mövqeyini açıq aydın, heç bir şeydən çəkinmədən bildirdi".
Administrasiya rəsmisi bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət kursu həyata keçirir: "Biz bütün dövlətlərlə sıx, faydalı əməkdaşlıq etmək istəyirik. Amma biz kiçik dövlətik deyə bizə yuxarıdan baxmaq, bir az müəllim kimi öyrətmək, məsləhətlər vermək düzgün deyil. Biz bunu istəmirik. Azərbaycanın bu gün xarici və daxili siyasət kursunu hamı bilir, əslində hamı qəbul edir. Amma müəyyən tərəflərdə müəyyən iddialar olanda belə xarici siyasət kursu mane olur. Ona görə də bu cür problemlər yaranır. Bərabərhüquqlu, qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş münasibətləri özümüz də çox yüksək qiymətləndiririk".
PA rəsmisi ermənilərin gələn il planlaşdırdıqları qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı tədbirlərə Türkiyə rəhbərliyini dəvət etməsinə də münasibət bildirib. O qeyd edib ki, ermənilərin qondarma "soyqırım" təbliğatına qarşı Azərbaycan dünyada ən aktiv, ən güclü iş aparan dövlətdir: "Biz bəzi hallarda bu məsələyə Türkiyədən də həssas yanaşıb münasibət bildiririk".
Azərbaycanın uydurma "soyqırım" məsələsinə qarşı mübarizə apardığını söyləyən N. Məmmədov rəsmi Bakının bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə razı olduğunu bildirib: "Biz razıyıq ki, bu məsələ tarixçilər və alimlər tərəfindən öyrənilməlidir. Bu məsələləri siyasiləşdirmək, müəyyən divident qazanmaq düzgün deyil. Düşünürəm ki Ermənistan rəhbərliyi hansı addımı atırsa atsın, arxasında bir məkrli niyyət var. Onlar dəvət də ediblər. Futbola da gəlib baxıblar. Sonra görürsən ki, əsl fikirləri başqadır. İndi Türkiyə rəhbərliyi bunu başa düşür. Türkiyə özü hansı addımlar lazımdırsa, atacaq. Əgər Ermənistan rəhbərliyi konstruktiv mövqe tutub, proseslərə ədalətli yanaşma nümayiş etdirərsə, o bütün tərəflərdə qəbul edilə bilər".