“Siyasət qarşılıqlı maraqlar üzərində qurulur” Siyasət

“Siyasət qarşılıqlı maraqlar üzərində qurulur”

Elxan Şahinoğlu: "Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır"


Fikrət Sadıqov: "Üçlük formatların, layihələrin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür"


Xatırladaq ki, dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. Nazirlər görüşün yekunları barədə bəyannaməni imzalayıblar.
Bunu şərh edən "Atıas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bəyannamənin üç bəndi daha çox diqqəti cəlb edir:"Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə "sülhün və əmin-amanlığın çarçısı və təminatçısı" adlandırmışdı. Bu ifadə Azərbaycanın siyasi və ekspert dairələrində etirazla qarşılandı. Azərbaycan torpaqlarını işğal edən dövlət bölgədə sülhün təminatçısı ola bilməz. Odur ki, Zərifinin Bakıda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyannaməyə imza atması onun İrəvanda dediklərinə zidd idi. İmzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır.
Buna baxmayaraq, İranın xarici işlər naziri Bakıda ortaq mətbuat konfransında Ermənistanın ünvanına tənqid də səsləndirmədi. Məsələn, Məhəmməd Cavad Zərifin yanında oturan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ortaq mətbuat konfransında dedi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. "Xocalı faciəsi ortadadır" – deyən Mövlüd Çavuşoğlu fikrini "münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik" cümləsiylə bitirdi. İranın xarici işlər naziri bu mövzuda fikir bildirmədi.
İkincisi, nazirlər sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olduğunu vurğuladılar. Nazirlər genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, "Şərq-Qərb", "Cənub-Qərb", "Şimal-Cənub" marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışladılar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər".
Onun fikrincə, bu müddəa da Azərbaycan üçün vacibdir: "Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tbilisi-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil, tam əksinə bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşımağa başladı.
Üçüncüsü, rəsmi Bakı Qüds məsələsində Ankara və Tehranın mövqeyinə dəstək verir və bu nazirlərin ortaq bəyanatında da əks olundu. Həm Ankara, həm də Tehran ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını sərt tənqid edir, şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıblar. Rəsmi Bakı İsraillə münasibətlərdə problem yaşamaq istəməsə də, islam aləminin tərkib hissəsi kimi, o cümlədən qonşu İran və Türkiyə ilə eyni mövqedən çıxış etmək zərurətindən İslam Əməkdaşlıq Təşkilatının son İstanbul toplantısının bəyannaməsini dəstəkləyir. Rəsmi Bakının başqa alternativi yoxdur. Ancaq bu toplantı ilə eyni gündə prezident İlham Əliyev Bakıya beynəlxalq konfransa gələn ABŞ yəhudi lobbisinin liderləri ilə də görüşür. Bunun özü rəsmi Bakının balansı qorumağa çalışmasına işarədir.
Siyasət qarşılıqlı maraqlar üzərində qurulur. Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır. Rəsmi Bakı isə bunun müqabilində islam aləminin qəbul etdiyi ümumi baxışları bölüşmək məcburiyyətindədir. Doğrudur, bunun da müəyyən sərhədi var. Yəni məsələn heç bir müsəlman ölkəsi İsraillə diplomatik əlaqələri kəsməyi Azərbaycandan tələb etməməlidir. Bu artıq Azərbaycanın daxili işlərinə qarışması olar".

Politoloq Fikrət Sadıqov isə vurğulayıb ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakı görüşü çox əhəmiyyətli, önəmli idi: "Çünki, bu görüşdə hər üç dövlətin maraqlarına cavab verən bir sıra məqamlar və amillər var". Onun sözlərinə görə, görüşdə ümumi layihələrlə yanaşı, həm terrorla, həm radikal ekstremizlə, həm də narko-trafikə qarşı mübarizə yolları, səylərin gücləndirilməsi və bu istiqamətdə atılacaq addımlar ciddi şəkildə müzakirə edilib: "Görüşün ümumi bəyənnaməsində də bu məsələlər öz əksini tapıb. Çünki regionda stabillik yaratmaq üçün bu məsələlər mütəq şəkildə həm müzakirə olunmalı, bu risklərə, təhlükələrə qarşı yollar axtarılıb tapılmalıdır. Təbii ki,ayrı-ayrı ölkələr bu məsələnin öhdəsindən tək gələ bilməzlər".
Bir sıra layihələrin həyata keçirilməsində Azərbaycanın böyük rola malik olduğunu deyən F.Sadıqov söyləyib ki, ölkəmiz bir sıra mühüm istiqamətləri birləşdirir: "Bildiyiniz kimi, Azərbaycan həm Bakı Tbilisi-Qars layihəsini, həm də Şimal-Cənub layihəsinin həyata keçirən ölkədir. Belə olan halda, hər üç ölkənin XİN başçılarının Bakıdakı görüşü çox mühümdür. Görüşün perspektivləri uzun müddəti əhatə edəcək".
Politoloq əlavə edib ki, dünyada gərgin geosiyasi fonunda bu cür üçlük formatların, layihələrin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.
Millət vəkili, politoloq Sahib Alıyev isə məsələyə öz facebook səhifəsində münasibət bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçlü format çərçivəsində keçirilən Bakı görüşünün bəyannaməsində Dağlıq Qarabağ probleminin ən qısa zamanda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət prinsipi əsasında həll edilməli olduğunun vurğulanması önəmli məsələdir. Politoloq həmçinin "amma ən önəmlisi o olardı ki, bu bəyannaməyə qol atanların hamısı addım atanda da eyni prinsipdən çıxış etsinlər", - deyə əlavə edib: "Ölkələrindəki aparıcı qəzetlərdən birində Dağlıq Qarabağdakı terrorçu və separatçı rejimin qondarma "xarici işlər naziri" ylə intervü verdirib sonra da bu azmış kimi onu dövlət xəbər agentliyində də yaymaq kimi məkrli hərəkətlərə əl atmasınlar".

Əli